• Təqvim

  • Maraq



Qazaxda Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib


Martın 29-da Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə və Bağanıs Ayrım qətliamının 34-cü ildönümünə həsr olunmuş “Tarixi yaddaşımızdan heç vaxt silinməyəcək günlər” mövzusunda tədbir keçirilib. 

Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək memorial abidə kompleksinin önünə tər çiçək dəstələri düzüb, Vətən uğrunda canlarını fəda edən müqəddəs şəhidlərimizin əziz xatirələrini ehtiramla anıblar. Qəhrəman Vətən oğullarının ruhlarına dualar oxunub.

YAP Qazax Rayon Təşkilatının iclas zalında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, müqəddəs şəhidlərimizin, soyqırımı və Bağanıs Ayrım qətliamı qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.  

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev giriş sözü ilə çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söz açıb. A.Nəbiyev geniş məruzə ilə çıxış edərək bildirib ki, artıq 26 ildir ölkəmizdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Bununla əlaqədar olaraq ölkə ərazisində silsilə tədbirlər keçirilir. Uzun illər boyu xalqımıza qarşı yeridilmiş bu soyqırımı siyasəti barəsində əsl həqiqətlər isə yalnız Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Ulu Öndərin apardığı məqsədyönlü siyasət sayəsində bu soyqırımı dünya ictimaiyyətinə çatdırıldı. 


Rayon təşkilatının sədri əsrlər boyu mənfur qonşular tərəfindən xalqımıza qarşı törədilən faciələrdən, soyqırımlardan və qətliamlardan da bəhs edərək, 1990-cı il mart ayının 23-dən 24-nə keçən gecə törədilən, Ermənistanın işğal siyasətinin ilk qurbanı olan Qazax rayonunun Bağanıs Ayrım kəndində baş verən qətliamdan da ətraflı danışıb. Çıxışının sonunda A.Nəbiyev möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın yeni-yeni hədəflərinə də çatacağını böyük əminliklə qeyd edib, o günlərin uzaqlarda olmadığını bildirib.  

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Zaman-zaman xalqımızın başına gətirilən faciələrdən, soyqırımlardan, müsibətlərdən söz açan müavin G.Həsənova Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətini heç zaman unutmadığımızı söyləyib. Müavin bildirib ki, ölkə Prezidentinin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” imzaladığı 28 yanvar 2022-ci il tarixli Sərəncamında qeyd etdiyi kimi: "Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı”. G.Həsənova nə dövlət, nə də xalq olaraq əyilmədiyimizi, sınmadığımızı, illər keçdikcə daha da gücləndiyimizi, qüvvətləndiyimizi, qisas naminə daha güclü, qüdrətli dövlətə çevrildiyimizi qeyd edib. 2020-ci ildə cəmi 44 günə başa vurduğu müharibədə əldə etdiyi tarixi Qələbə ilə də bunu bütün dünyaya bir daha nümayiş etdirdiyimizi söyləyib. "31 Mart - Azərbaycanlıların Soyqırımı, Xocalı soyqırımı, Bağanıs Ayrım faciəsi, eləcə də digər faciələr bizim keçmişimiz, dünənimiz, bu günümüz və sabahımızdır”, - deyən müavin nə qədər Azərbaycan xalqı var həmin faciələrin heç zaman unudulmayacağını vurğulayıb. Xalqımızın əldə etdiyimiz qələbəni xatırladığı kimi, tarixi keçmişimiz olan faciələri də hər zaman xatırlayacağını, törədilən vəhşiliklərin bizim qan yaddaşımız olaraq bir an belə olsun unudulmayacağını diqqətə çatdırıb. G.Həsənova bədnam ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələri heç zaman unutmayan müdrik xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və 19-20 sentyabr tarixində keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri zamanı bütün şəhidlərimizin, faciə, soyqırımı qurbanlarının qisasını artıqlaması ilə aldığını, onların qanının yerdə qalmadığını bildirib. Müavin çıxışının sonunda vətəndaş olaraq hər birimizin şəhidlərimizin, faciə qurbanlarının qisasını alan, qanını yerdə qoymayan şanlı ordumuzun əsgər və zabitlərinə, onlara rəhbərlik edən Ali Baş Komandana borclu və minnətdar olduğumuzu qeyd edib. 

Tədbirdə Bağanıs Ayrım kənd sakinləri, qətliamın canlı şahidləri Səməd Ocaqverdiyev, İlham Məhərrəmov da çıxış ediblər. Kənd sakinləri 34 il bundan əvvəl yaşanan dəhşətli faciədən, Bağanıs Ayrım qətliamının bilavasitə, Xocalı faciəsinin başlanğıcı olduğundan ətraflı danışıblar. Natiqlər vurğuladılar ki, bu gün çox nikbindirlər, sabaha böyük ümidlərlə baxırlar və əmindirlər ki, öz doğma yurd-yuvalarına qayıdacaqlar.  

Tədbirin sonunda partiya veteranları, şair Cavanşir Rüstəm və Kazım Kazımlı soyqırımı qurbanlarına və şəhidlərə həsr etdikləri şeirlərini səsləndiriblər.



Facebook-da paylaş