• Təqvim

  • Maraq



"Yolunu gözləyirəm"


Təki Vətən sağ olsun!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyərək döyüş meydanına atılan igid qəhrəmanlarımız şirin canlarından keçərək hərb tariximizdə qanları ilə şanlı tarix yazdılar. Vətən sevgisi, torpağa olan bağlılıq igid oğullarımızı Şəhidlik adlı zirvəyə ucaltdı. Bu cür oğullarımız illər keçsə də qəlblərdə əbədi yaşayacaqlar. Onların döyüş meydanındakı şücaəti, Vətənə olan sevdaları, torpağı, yurdu uğrunda öləcək qədər sevməkləri hər zaman gələcək nəsillərə nümunə olacaqdır. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş hesab olunur və bu sahədə nümunəvi addımlar atılır. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu haqqında yer almış "Yolunu gözləyirəm" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

"Yolunu gözləyirəm"


Qazax rayonunun Ağköynək kəndində ana yol gözləyir, "oğlum gələcək"- deyə. Qarışıq fikirləri yollar kimi bir-birinə calanıb gedir, getdikcə də elə hey uzanır. Amma nə yollar bitib tükənir, nə də fikir-xəyallar bir yerdə qərar tutub dayanmır. Şirinli-acılı xatirələr çözələndikcə çöhrəsi haldan-hala düşür ananın. Mahirə xanım qarşıda görünən dağlara baxıb bir bayatı pıçıldayır: 

Eləmi, ulu dağlar,

Uluslu ulu dağlar.

Oğlum səndə can verdi

Göz yaşım sulu, dağlar.

Ah çəkir. Fikirlər onu oğlunun dünyaya gəldiyi günə - 25 fevral 1989-cu ilə aparır. Həmin gün o qədər sevinmişdi ki... Bir oğuldan sonra bir oğul da doğulmuşdu ailədə. Adını da babası Cəbrayıl kişi qoymuşdu - Alıxan. 

Qaragözov Alıxan Əkbər oğlu 1996-cı ildə Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin birinci sinifinə gedib təhsil almağa başladı. Məktəb illərində idmana daha çox maraq göstərir, karate ilə məşğul olur, yarışlarda iştirak edirdi. Hətta, bir neçə dəfə çempion olub medallar da almışdı. Alıxan Qaragözov 2007-ci ildə orta təhsilini başa vurduqdan sonra qarşıda onu hərbi xidmət gözləyirdi. Elə həmin ilin 3 iyul tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılan Alıxan Qaragözov öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirməyə başladı. Xidmət dövründə Alıxan hərbi sahədə çalışacağını müəyyən etdi. 1 yanvar 2009-cu ildə hərbi xidmətdən tərxis olunduqdan sonra ürəyində yaranmış arzusunu daha da qətiləşdirdi. Bu, belə də olmalı idi. Əmisi Əli Qaragözov Birinci Qarabağ müharibəsi veteranıdır, qardaşı və 3 əmisi oğlu da hərbidə qulluq edirdilər. Ona görə də evlərinə döndükdən bir qədər sonra hərbi formanı göstərərək anasına: 

- Mən bu formanı ömrümün axırına qədər geyinəcəyəm".

 Elə də etdi. Alıxan Qaragözov 2009-cu ildə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kiçik çavuş kimi xidmət etməyə başladı. Məqsədinə çatdığı üçün Alıxanın sevincinin həddi-hüdudu yox idi. Onun hərbi formada çəkdirdiyi şəkillərə baxanda bunu aydın şəkildə görmək olur. Hərbi sahəni özü seçdiyi üçün Alıxan Qaragözov xidmətini yüksək səviyyədə həyata keçirir, vicdanla qulluq edirdi. Bunun nəticəsi idi ki, Alıxan Qaragözov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur.

Həyat yoldaşı Əfsanə xanım danışır ki:

- Alıxan hərbi sahəyə çox bağlı idi. O qədər bağlı idi ki, 2020-ci il avqustun 3-də qızımız dünyaya gələndə belə Qazaxda ola bilmədi, körpənin şəklini çəkib sonradan ona göndərdik.

Mahirə xanım deyir ki:

- Alıxan yanvarın 14-də (2021-ci ildə) sonuncu dəfə evimizdən çıxanda bizi yaman kövrəltdi. Üç dəfə hamımızla görüşüb evdən çıxdı və bir də geri qayıtdı. Bizə son sözü "Salamat qalın, bəlkə bir də geri qayıtmadım" oldu. Sonradan gördüm ki, Alıxanın şəhid olacağı ürəyinə damıbmış.

...44 gün davam edən Vətən müharibəsi Alıxanın arzu və istəklərinə qol-qanad vermişdi. Ürəyində illərdən bəri kök atmış müqəddəs istəyi həyata keçmişdi. Şanlı Azərbaycan Ordusu müqəddəs və şərəfli vəzifəni həyata keçirərək düşməni darmadağın etmiş, müqəddəs və əzəli torpaqlarımızı işğaldan azad etmişdi. İndi növbə mühəndis- istehkamçıların idi. Azad olunmuş torpaqlara düşmən minalar basdırmış, olduqca təhlükəli vəziyyətə salmışdır. Bu vəzifəni həyata keçirmək üçün istehkamçılar fəaliyyətə başladılar. 

Yanvarın 21-də Alıxan Qaragözovun tabe olduğu bölüyü (2021-ci il) Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə gətirdilər. Burada onlar əraziləri minalardan təmizləməyə başladılar. "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Alıxan Qaragözov üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, azad edilmiş əraziləri minalardan təmizlədikcə rahat nəfəs alırdı. Çünki təmizləmə əməliyyatı bu torpaqlarda həyata keçiriləcək tikinti-quruculuq işlərinin başlanması demək idi. Alıxan Qaragözov yanvarın 28-də döyüş təminatı ilə bağlı xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş, Şəhidlik zirvəsinə yüksəlmişdir.

Mahirə xanım deyir ki, bilirəm ki, Alıxan gəlməyəcək. Amma yenə də yolunu gözləyirəm.

Buludlar qaraldı gəl,

Dağları qar aldı gəl.

Yolunu gözləməkdən,

Gözlərim saraldı, gəl.



Facebook-da paylaş