Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan gizir Elvin Əhmədovun bu gün cənnətdəki doğum günüdür
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə yüksəldi.
Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər.
Yanvarın 15-i qəhrəman şəhidimiz - Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir Əhmədov Elvin Qələndər oğlunun cənnətdəki doğum günüdür. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş igid Vətən oğlunun yaşasaydı bu gün 34 yaşı tamam olacaqdı.
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Elvin Əhmədov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Elvin kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Elvin tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Şəhid gizir Əhmədov Elvin Qələndər oğlu 15 yanvar 1990-cı ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyi bitirdikdən sonra qəbul imtahanlarından yüksək bal toplayaraq Gəncə Texnologiya Universitetinin Turizm fakültəsinə daxil olmuşdu. Elvin 2011-ci ildə tələbəlik həyatı ilə vidalaşıb, hərbi xidmətə yola düşür. Həmin dövrdən onun həyatı dəyişməyə başlayır. Ali təhsil almasına baxmayaraq, babası Qələndərin yanında böyüməsindən və yaxud nədənsə o, babasının yolu ilə getmək, hərbçi olmaq istəyirdi. Çox keçmədi ki, ürəyinin sözünə qulaq asıb çətin, çətin olduğu qədər də şərəfli olan bu yola könül verdi, həyatını həmişəlik bu peşəyə bağladı. 2013-cü ilin avqustundan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi fəaliyyət göstərməyə başladı. Gizir Elvin Əhmədov Gəncə şəhərində xidmət edirdi. Çox keçmədi ki, onun sinəsində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal parıldamağa başladı.
Gizir Elvin Əhmədov 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21.09.2023-cü ildə Qarapapaq kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 1 övladı var, Əsmər adlı qız övladı bizlərə yadigar qalıb.
Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən gizir Elvin Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz gizir Elvin Əhmədovun adı verilib.
Facebook-da paylaş