• Təqvim

  • Maraq



Doğum günündə şəhid oldu


Qazax rayonunda Vətən uğrunda canlarından keçərək öz qanları ilə qəhrəmanlıq dastanı yazan oğullarımızın adlarını, xatirələrini yaşatmaq üçün hər zaman nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib. 


Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.

Kitabda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kapitan Pənahov Rövşən Mahmud oğlu haqqında yer almış Doğum günündə şəhid oldu” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik... 

Doğum günündə şəhid oldu


İnsan ömrünün başlanğıcı da var, sonu da. Amma elə ömürlər var ki, o sona çatandan sonra da davam edir, bir ulduza çevrilib başımız üstündə alışıb yanır, bizimlə birlikdə ömür sürərək yaşayır. Belə ömrə yalnız Vətən, torpaq uğrunda şəhid gedənlər layiq olur, bu ali zirvəyə ucalaraq insan yaşadıqca daima yaşayır, hörmətlə xatırlanaraq əbədiyyət qazanır. 

Elə ömürlər də var ki, başlanğıcı ilə sonu eyni günə təsadüf edir, dünyaya gəlməyi ilə dünyadan köçməyi bir günə düşür, doğum və ölüm günü bir tarixə yazılır. Bu da Tanrıdan gələn bir iltifat, Allahın bir möcüzəsidir. Həm Şəhidlik zirvəsinə qalxmaq, həm də doğum günü ilə şəhadəti eyni günə düşmək nadir hadisələrdən biri, hər insana nəsib olmayan bir haldır. Şəhid kapitan Pənahov Rövşən Mahmud oğlu belə bir ömür yaşayıb - nümunə olası, qürurla qeyd ediləsi və tarix boyu yaşanası bir ömür. 2 oktyabr 1989-cu il və yenə də 2 oktyabr, amma bu dəfə 2020-ci il. 

Qazax rayonunun Birinci Şıxlı kəndində ziyalı ailəsində dünyaya göz açan Rövşən Pənahov 1995-2004-cü illərdə Birinci Şıxlı kənd ümumi orta məktəbində oxumuş, sonra təhsilini Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində davam etdirərək  2006-cı ildə orta təhsilini başa vurmuşdur. Vətənpərvər, torpağını, Vətənini bütün varlığı ilə sevən Rövşən Pənahovun həyatı həmin ildən sonra hərbi ilə bağlı olmuş, ömrünün qalan hissəsini bu amala sərf etmişdir.

Rövşən Pənahovun qısa, lakin şərəfli bir ömür tarixçəsi var. Bu ömür tarixinin hər səhifəsi hərbi ilə, vətənpərvərliklə bağlıdır. Bu ömür tarixini vərəqlədikcə gözlərimiz önündə Vətənini bütün varlığı ilə sevən bir insanın, torpaq yolunda canından keçməyə hazır olan mərd və cəsur bir hərbçinin surəti canlanır. 

Hərbçi olmaq Rövşən Pənahovun ən böyük arzusu idi. Ona görə də 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil  olmuş, 2010-cu ildə həmin Ali Hərbi Məktəbi bitirdikdən sonra 1 il təlim keçmək üçün Bakıda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. Sonra 2011-ci ildə Naftalan   şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət göstərmişdir. 2014-2020-ci illərdə onun xidmət yolu müxtəlif hərbi hissələrdən keçmişdir. Rövşən Pənahovun xidməti, tapşırıqları yerinə yetirməsi, ümumiyyətlə, bütün fəaliyyəti nümunəvi idi. Ona gərə də Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunmuşdur. 24.06.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley, 26.06.2017-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və 26.06.2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Eyni zamanda, bir neçə Fəxri Fərman da almışdır. Təhsil aldığı vaxtla bir yerdə 15 il qüsursuz xidmət göstərmişdir.  

Onun hərbi təhsil və xidmət tarixi zəngin olduğu qədər keçdiyi döyüş yolu da zəngin və nümunəvidir. Kapitan Rövşən Pənahov Vətən müharibəsi başlayan gündən şəhid olana qədər düşmənə qarşı rəşadətlə döyüşmüş, sözün əsl mənasında qəhrəmanlıq göstərmişdir. Müharibədə motoatıcı bölüyün bölük komandiri olmuşdur. O, müharibəyə Murov dağı uğrunda gedən vuruşmalardan başlamışdır. Sonra Kəlbəcər rayonunun azad olunması zamanı döyüş meydanında mərdliklə vuruşmuş, düşmənin başına od yağdırmışdır.

Atası Mahmud müəllim, anası Rəna xanımla tez-tez telefonla əlaqə saxlamış, ordumuzun kəndləri necə azad etməsindən qürurla danışırmış. Sentyabrın 30-da həyat yoldaşı Arzu xanıma zəng edib, qızı Nilayı, oğlu Elayı soruşub. "Narahat olmayın, burda hər şey yaxşıdır"- deyib. Və son...

2 gün sonra oktyabrın 2-də Kəlbəcərin Ömər dağ yüksəkliyində düşmənin atdığı minamyot mərmisi nəticəsində aldığı ölümcül yaradan şəhid olmuşdur. Həmin günü 31 yaşı tamam olacaqdı.

Qəhrəman kapitan Birinci Şıxlı kənd qəbiristanlığında torpağa tapşırılmışdır.

Göstərdiyi igidlik Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Rövşən Pənahov ölümündən sonra ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Qəhrəman şəhidimiz ölkə Prezidentinin 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə Rövşən Pənahovun adı verilmişdir.




Facebook-da paylaş