Qismətdə nə varsa...
Qazax rayonunda Vətən uğrunda canlarından keçən, qanları ilə tarix yazan qəhrəmanlarımızın adlarını əbədiləşdirmək, xatirələrini yaşatmaq üçün hər zaman nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
Kitabda 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş əsgər Əliyev Orxan Məhəmməd oğlu haqqında yer almış "Qismətdə nə varsa..." sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Qismətdə nə varsa...
Ömür insana bir dəfə verilir. Həyatın mənası nə qədər yaşamaqda deyil, nə üçün yaşamaqdadır. İnsanın çox və ya az yaşaması da önəmli deyil. Ən uzun ömür xeyirxah əməllərlə, qəhrəmanlıqla yaşanmış ömürdür. Ona görə də ömrü vaxt ilə deyil, əməllərlə ölçmək lazımdır. Çünki insan öz əməlləri ilə tanınır, yaddaşlara hoparaq əbədilik qazanır.
Xeyirxah, şücaətlə dolu əməl sahibi olmayan insanlar ölən günü də yaddan çıxır, unudulurlar. Vətən üçün çalışan, bu yolda canından belə keçən oğulların isə adı həmişə dillərdə gəzir, xatirəsi hörmətlə anılır. Xalqımız heç vaxt belə oğulları, onların qəhrəmanlıqlarını unutmur. Belə əməl sahibləri əbədi xatirə kimi yaddaşlarda yaşayır, şəhid Orxan Əliyev kimi.
Adını anası Şəfiqə xanım qoymuşdu Orxanın.
- Bir gün anamgilə gedirdim. Gördüm ki, bir qadın yanında uşaqla gedir. Anası "Orxan" deyə uşağı çağıranda ad çox xoşuma gəldi. Ürəyimdə əhd elədim ki, oğlum olsa, adını "Orxan" qoyacağam. Allah məni bu arzuma qovuşdurdu.
11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdu Orxan. Onu valideynləri halal nemətlə, min bir zəhmətlə, Vətənə məhəbbət hissi ilə böyütmüşdülər. Evin böyük oğlu olduğundan hamı başına dolanırdı. Həm də özü-özünü sevdirən uşaq idi. Böyüklərin sözünə qulaq asır, deyilənləri edir, dəcəllik eləmir, heç kimi incitmirdi. Elə ona görə də evdəkilər, elə qohum-qonşular da çox istəyirdilər onu.
…Gələcək həyatı barədə yeniyetmə yaşlarından düşünməyə başlamışdı Orxan. Polis sisteminə böyük marağı olduğu üçün gələcəkdə özünü bu sahədə görürdü. Ona görə də yol polisi olmaq, polis orqanlarında çalışmaq arzusu ilə yaşayırdı.
"Arzun hara, mənzilin də ora" deyib atalarımız. Orxan da öz ilk arzusunun dalınca Qazax rayonunun Aslanbəyli kəndindən qanad açdı, istəyini reallaşdırmağa başladı. 2011-ci ildə kənd tam orta məktəbin IX sinifini bitirəndən sonra Bakı Texniki Kollecinə, "Avtomobil nəqliyyatı" şöbəsinin "Yol hərəkətinin təşkili" ixtisasına daxil oldu. Atası Məhəmməd kişi söz vermişdi ki, "qəbul olsan, sənə maşın alacam". Dediyini də elədi, verdiyi sözü tutdu.
Orxan elə bil ki, hara isə tələsir, arzularına tez çatmaq istəyirdi. Elə bil əvvəlcədən ürəyinə dammışdı ki, ömrü yarımçıq qalacaq. Ona görə də sanki bu yarımçıq ömür payında daha çox işlər görmək, arzularının daha çoxuna çatmaq istəyirdi. Bu, onun qisməti, alnına yazılan yazı idi.
2015-ci ilin iyul ayında kolleci bitirən kimi hərbi xidmətə getdi, heç diplomunu da ala bilmədi. "Sağlıq olsun, əsgərlikdən qayıdıb gələndə alaram" deyib Vətən qarşısındakı borcunu yerinə yetirməyə yollandı. Nə biləydi ki, ömür vəfa etməyəcək, həyatı yarıda qırılacaqdır. Axı haradan biləydi…
Həqiqi hərbi xidmətdə karantin adlanan müddəti Gəncə şəhərində çəkdi. Üç aydan sonra xidmətini Tərtərdə davam etdirməyə başladı. "N" saylı hərbi hissədə motoatıcı bölüyündə əsgər kimi xidməti vəzifəsini çox şərəflə yerinə yetirirdi. Komandir və zabitlərin əmrlərinə sözsüz əməl edir, verilən tapşırıqların öhdəsindən bacarıqla gəlir, öz hərbi bilik və bacarığını durmadan artırırdı. Qüsursuz xidmət etdiyinə görə valideynləri onunla fəxr edirdilər. Orxan hərbi xidmətinin nə vaxt başa çatacağı günü gözləyir, ürəyində gələcək həyatı barədə planlar qururdu. Amma…
Amma 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə cəbhədə vəziyyət birdən-birə dəyişməyə başladı. Həmin gecə və gün ərzində bütün cəbhəboyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən ölən və yaralananlar da oldu. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin görülməsinə başlanıldı.
Aprelin 1-i günü saat 5:30-da Orxan ata-anasına zəng edərək, "Ata, mən öz yerimə, Tərtərə gəldim", - demişdi.
Anası soruşub ki, "Niyə az danışırsan. Nə isə olubmu?" Heç nə deməyib.
Atışma səsi gəldiyi üçün Məhəmməd kişi həyəcanlanıb. Soruşanda cavab verib ki, "Narahat olma, hər şey yaxşıdır".
- Bu, onun mənə dediyi axırıncı sözlər oldu. Bir daha oğlumun səsini eşitmədim, - söyləyir Məhəmməd kişi dərd içində boğula-boğula.
Araya uzun bir sükut çökür. Nə mən nəsə soruşa bilirəm, nə də dərdə batmış ata danışır. Bir qədər susduqdan sonra yenidən danışmağa başlayıb Orxanın keçirdiyi sonuncu döyüş barədə söz açır:
- Oğlum sərrast atıcı idi. Şəhid olan günü gecə ermənilər bizim mövqeləri atəşə tutmağa başlayırlar. Şiddətli döyüşlər gedir. Komandirinin dediyinə görə, Orxan ən azı 5 ermənini öldürür. Amma özü də döyüşdə ağır yaralanır. Tank mərmisindən aldığı qəlpə yarası çox ağır və dərin olduğundan elə səngərdəcə şəhid olur.
Dinimizdə "alın yazısı", "qismət" kimi sözlər elə-belə deyilməyib. "Qismətdə nə varsa, o da olacaq" fikri yazılmamış yazı kimi qaçılmazdır. Qismət ora qədərmiş. Orxan Əliyevin qismətinə Şəhidlik yazılmışdı, o da oldu. Elin qəhrəman oğlu öz igidliyi ilə Şəhidlik zirvəsinə ucaldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Orxan Məhəmməd oğlu Əliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Facebook-da paylaş