"Mənimlə fəxr edəcəksən, ana"
Qazax rayonunda Vətən uğrunda canlarından keçən, qanları ilə tarix yazan qəhrəman oğullarımızın adlarını əbədiləşdirmək, xatirələrini yaşatmaq üçün hər zaman nümunəvi işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı, “Qızıl Qələm” mükafatı laureatı, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" və “Vətəni canından əziz bilənlər” kitabları bu istiqamətdə görülən işlərin əyani sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən müharibəsində canlarından keçən qazaxlı şəhidlərə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub. İkinci Qarabağ savaşı ərəfəsində və ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən yolunda qurban getmiş şəhidlərimizin həyat və döyüş yollarından bəhs edən “Vətəni canından əziz bilənlər” kitabı da bu silsilənin davamıdır. Nəfis tərtibatı ilə seçilən kitab şəhidlərimizin adlarına layiq şəkildə 2023-cü ildə çap edilib. Qısa müddətdə yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii hekayə yazılıb. Ön söz müəllifi dəyərli ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin olduğu kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanların haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınıb, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. 5 bölmə və 304 səhifədən ibarət olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə də “Qanları ilə dastan yazanlar” və “Vətəni canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz də yaşayacaq.
3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov və kitabın müəllifi, şair-publisist Elçin İsmayıl Yuxarı Salahlı kəndində olub, kitabı qəhrəman şəhidimizin atasına təqdim ediblər.
Kitabda 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş baş leytenant Namazov Elvin Məmməd oğlu haqqında yer almış "Mənimlə fəxr edəcəksən, ana" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
"Mənimlə fəxr edəcəksən, ana"
İnsan üçün müqəddəs olan məfhumlardan biri də Vətəndir. İllər ötüb-keçsə, nəsillər dəyişsə belə, Vətənə olan sevgi əsla tükənmir ki, tükənmir. Üzərində dayandığımız bu torpaqlar keçmişdən bu günümüzə yüzlərlə şəhiddən bizə qalan əmanətdir. Bütün şəhidləri birləşdirən ortaq hekayələri var, onların hər biri seçilmiş şəxslərdir.
Şəhid baş leytenant Elvin Namazov haqqında yazmağa başlayarkən bu sözlər gəlib keçdi fikrimdən. Bəli, 7 sentyabr 1990-cı ildə anadan olmuş Elvin Namazov Tanrının seçdiyi bəndələrdən idi. Keçdiyi qısa, lakin şərəfli ömür yolu bu gün hər bir vətəndaş, Vətənini sevən hər insan üçün nümunə, örnəkdir. Elə bir örnəkdir ki, yüz illər gəlib ötüb keçsə də, zaman-zaman xatırlanacaq, şirin bir xatirə kimi yad ediləcəkdir.
Qazax rayonunun Yuxarı Salahlı kəndi yarandığı gündən bəri yetişdirdiyi tanınmış şəxsiyyətlərin sırasına bir ad da daxil oldu: Şəhid baş leytenant Elvin Namazov! Bu ad təkcə ailəsinə deyil, doğulub boya-başa çatdığı el-obasına da böyük şan-şöhrət, başucalığı gətirdi. Vətənini sevən, elinə bağlı olan hər bir kəs onunla fəxr elədi, qürur duydu.
...Neçə illərdir ki, oğul dərdi ilə alışıb-yanan, ağlamaqdan gözünün qarası solan Aişə xanım danışmağa çətinlik çəkir. Sanki deyəcəyi sözlər ağrıdır onu.
- Elvin mənim ilkim, ilk nübarım idi. Elə bil onunla nəfəs alırdım, - deyir.
Sonra oğlunun divardan asılmış şəklinə baxıb məni Elvinli günlərə aparır - şirinli-acılı günlərə. Danışdıqca üzü gah açılır, gah da tutulur, çöhrəsi bulud almış göy üzünə bənzəyir. Elə bil bu saat yağış yağacaqdı.
- Orta məktəbi bitirəndən sonra dedi ki, mən hərbçi olmaq istəyirəm. Biz də onun bu qərarına qarşı bir söz demədik. Sənədlərini də hazırlayıb 2008-ci ildə Bakıya yollandı. Elə o gündən oğlum qızıl quş kimi əlimdən uçub getdi. Ondan sonra bir də doyunca onun qoxusunu ala bilmədim.
Öyrənirəm ki, 2007-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbini bitirdikdən bir il sonra Elvin Namazov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Bu, hərb sahəsində onun ilk uğuru, gələcəyinə nur saçan bir işıq idi. 2012-ci ildə həmin ali məktəbi bitirəndə leytenant hərbi rütbəsi də verilmişdi Elvinə. Çox gözəl yaraşırdı zabit forması ona. Odur ki, böyük bir fəxrlə geyinib daşıyırdı zabit formasını. Çünki neçə il idi ki, onun arzusunda idi.
Elvin Namazov bununla kifayətlənmir, hərbi biliyini daha da artırmaq, ordu sıralarında bacarıqlı, bilikli bir zabit kimi xidmət etmək istəyirdi. Ona görə də Azərbaycan Ali Hərbi Məktəbini 2012-ci ildə bitirəndən bir il sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursunda olmuşdu. 2014-cü ildə kursu müvəffəqiyyətlə başa vurub Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət etmək hüququ qazandı. Bununla o, daha bir arzusuna da çatdı.
Həmin müddətdən onun ordu sıralarında xidmət dövrü başladı. Elvin Namazov Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrdən ibarət "N" saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olundu. Nümunəvi xidmətlərinə görə iki ildən sonra Elvin Namazovun çiyinlərində gəzdirdiyi paqonda üçüncü ulduz parıldamağa başladı, baş leytenant oldu. Bu, onun daha bir uğuru idi. Sonradan bu uğura daha bir uğur da əlavə olundu. Elvin Namazov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edildi.
Tez-tez Yuxarı Salahlı kəndinə, Namazovlar ailəsinə hərbi hissələrdən məktublar gəlirdi. Bu, Elvinin nümunəvi xidmət etməsi ilə bağlı valideynlərinə göndərilən təşəkkür məktubları idi. Anası danışır ki:
- Hər dəfə evimizə təşəkkür məktubu gələndə özünə zəng edib deyirdim.
Elvin isə sakitcə mənə qulaq asıb, "Eh, hələ bu, nədir ki... Sən gələcəkdə mənimlə fəxr edəcəksən, ana", - deyirdi.
Ana qəlbi çox kövrək olur, həm də ana ürəyi nədənsə baş verə biləcək hadisələri əvvəlcədən duyur. Aişə xanımın danışdığı bu söhbətdən sonra mən bunun bir daha əyani şahidi oldum.
- 2016-cı il martın axırları idi. Elvinin əmisi Nazim bizə gəlmişdi, Bakıya gedəcəkdi. Zəng edib oğluma dedim ki, əmindən sizə kənd sovqatı düzəldib göndərmək istəyirəm. Etiraz elədi.
- Nə göndərsən də, götürən deyiləm. Səni istəyirəm, ana. Özün gəl, - dedi.
- Yaxşı, gələcəyəm, - dedim.
Tələsik hazırlaşıb əmisigilnən Bakıya yola düşdüm. Məni qarşılayıb evlərinə apardı.
Aişə xanım danışdıqca daha kövrək anlara toxunur, özü də istəmədən qəlbindəki yaraların gözünü qoparır.
- Yaşadığı evə getdim. Gəlin gözəl bir süfrə açmışdı məndən ötrü. Yeməyimizi yedikdən sonra divanda oturdum. Elvin gəlib yanıma uzanıb başını dizimin üstünə qoydu. Məndən bir-bir bütün qohum-əqrəbanı, qonşuları soruşdu. Üzünə baxanda gördüm ki, yanaqlarından yaş süzülür.
Elvin həmin gün özü də bilmədən həyatında axırıncı dəfə başını anasının dizinin üstünə qoyub, kövrəlib ağlayırdı. Görəsən nə keçirdi həmin anlarda ürəyindən? Bəlkə də atalı-analı kənd günləri, qayğısız uşaqlıq çağları gəlib keçirdi gözləri önündən. Bəlkə də o günlərə qayıtmaq, uşaq olmaq istəyirdi bircə anlıq yenidən. Bəlkə də...
Birdən anasının üzünə baxıb onun da ağladığını gördü. Göz yaşlarını silib:
- Ana, ayaqlarım yaman ağrıyır, sən Allah bir az ovxala, - dedi.
Dediyi kimi də elədim. Ayaqlarını qucağıma alıb ovxalamağa başladım. Baxanda gördüm ki, Elvin yenə də ağlayır. Bir söz demədim.
Gecə saat 3 olardı. Elvin ayaqları anasının qucağında yatmışdı. Bu, ana ilə balanın son görüşü idi. Birdən Elvin yuxudan oyanıb:
- Ana, səni də yordum, özün də yol gəlibsən, - dedi. - Gəl yerinə uzan, yat.
Adəti üzrə yenə də səhər tezdən durmuşdu Elvin. Hazırlaşıb yola çıxdı. Anası pəncərədən baxanda görüb ki, oğlu hamıdan qabaqda gedir. Gəlini Nuranəyə deyib ki, "A qızım, Elvin nə yaman qabaqda gedir, elə bil ki, harasa tələsir".
İki gündən sonra Elvin anasını yola salıb. Dostu Elşəni çağırıb, maşınla anasını aparıb yola salmağı xahiş edib. Aişə xanım həmin anları belə xatırlayır:
- Ayrılanda mənimlə çox qəribə görüşdü Elvin. Əvvəlcə evdə görüşüb ayrıldı. Bir də evdən çıxıb mindiyim maşının qapısını açıb mənimlə görüşdü. Özümə də çox qəribə gəldi. Elə bil həmin an ürəyimə bir qaranlıq çökdü. Yolda 3-4 dəfə zəng eləyib halımı soruşdu. Sonuncu dəfə zəng çalanda "Bir-birinizə yaxşı baxın" deyərək atası ilə məni bir-birimizə tapşırdı. Elə bil bizimlə vidalaşdı.
Sözünə ara verib gözünün yaşını sildikdən sonra ana yenidən danışmağa başlayır:
- Kənddə avtobusdan düşüb, evə gəlib çatanda darvazamızın ağzında məni birdən-birə bərk ağlamaq tutdu. Dizlərim yerə gəldi. Elə avtobusda da ağlaya-ağlaya gəlmişdim. Ürəyimə nə isə dammışdı. Bibisi Naibəyə dedim ki, "Elə bil Elvinə nəsə olacaq. Mənimlə ayrılıq günü idi oğlumun".
Ana ürəyi duyan olur. İki gündən sonra Aişə xanımın ürəyinə daman başına gəlir.
Elvin 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı qəhrəmancasına şəhid olur.
Elvin Məmməd oğlu Namazov ölümündən sonra Prezident İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Facebook-da paylaş