• Təqvim

  • Maraq



Şəhidlik zirvəsinə ucalanlar heç vaxt unudulmur

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızın yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. İstər yeraltı, istər yerüstü sərvətlərimiz, bol bərəkətli torpaqlarımız hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Lakin bu torpağın yetirdiyi igid oğulları qanları hesabına olsa belə Vətənimizi göz bəbəyi kimi qoruyaraq bizlərə ötürməyi hər zaman bacarıblar. O Vətən ki, hər qarışı bizim üçün əzizdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğullarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gənc nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Milli Qəhrəman Alı Mustafayevin, əsgər Niftalı Qocayevin, Aftandil Quluyevin, İqbal Axundovun, Kamal Kərimovun, Ələsgər Vəliyevin, Eldəniz Hacıyevin əziz xatirəsini ehtiramla yad edirik. 

Milli Qəhrəman Mustafayev Alı Mustafa oğlu


Mustafayev Alı Mustafa oğlu 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri xidmətini başa vurub Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. O, zavodda işlədiyi müddətdə "Elektrik" qəzetində tez-tez maraqlı yazılarla, şeirlərlə çıxış edirdi. 

Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişi ilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin "Xəbərlər" proqramında jurnalist kimi fəaliyyətə başlayır. Çox keçmir ki, "İlin ən yaxşı jurnalisti", "Qızıl qələm" mükafatlarına layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən qayıtmışdı. 

20 noyabr 1991-ci ildə Tuğ, Xocavənd, Qaradağlı kəndində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökümət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vuruldu. Nəticədə 23 nəfər sayılıb seçilən insan faciəli surətdə həlak oldu. Alı Mustafayev də onların arasında idi. Ailəli idi. Üç oğul övladı qalıb. 

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölümündən sonra "Respublikanın Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür. Bakının Nərimanov rayonundakı 202 saylı və Qazax rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri, Bakı şəhəri 3-cü mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. 

2017-ci ilin aprel ayının 18-də rayon rəhbərliyi tərəfindən Qazax rayonunun Qazaxbəyli kəndində Alı Mustafayevin xatirəsinə tikilmiş bulaq kompleksinin təntənəli açılış mərasimi olmuşdur.

Əsgər Qocayev Niftalı Zakir oğlu


Şəhid Niftalı Qocayev 20 noyabr 1994-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitimişdir. 2013-cü ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2014-cü ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 01.11.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid Niftalı Qocayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”,  24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub.

Quluyev Aftandil Mansır oğlu


Quluyev Aftandil Mansır oğlu 20 noyabr 1973-cü ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 5 fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran zaman erməni quldurları tərəfindən silahla vurulmuşdur. Ağır güllə yarası ilə Gəncə şəhər xəstəxanasına aparılmışdır. Müalicə almasına baxmayaraq 14 fevral 1990-cı ildə vəfat etmişdir. 1997-ci ildən şəhid statusu verilmişdir. 

Axundov İqbal Abdulməhəmməd oğlu


Axundov İqbal Abdulməhəmməd oğlu 21 noyabr 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1983-cü ildə həmin orta məktəbi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Axundov İqbal Abdulməhəmməd oğlu 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur.

Kərimov Kamal Əşrəf oğlu


Kərimov Kamal Əşrəf oğlu 22 noyabr 1961-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1969-cu ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 14 oktyabr 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Ailəli idi. İki övladı var.

Vəliyev Ələsgər Oruc oğlu


Vəliyev Ələsgər Oruc oğlu 25 noyabr 1967-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1975-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1985-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 2 oktyabr 1993-cü ildə şəhid olmuşdur

Hacıyev Eldəniz Nəsib oğlu


Hacıyev Eldəniz Nəsib oğlu 26 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1977-ci ildə Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1987-1989-cu illərdə Ukraynanın “Çernobl” şəhərində xidmətdə olmuşdur. 1993-cü ildə ordu sıralarına getmişdir. 707 saylı hərbi hissədə xidmət etmişdir. 5 mart 1994-cü ildə Kəlbəcər istiqamətində Murov dağında gedən döyüşlərdə şəhid olmuşdur. Subay olub. Qardaşı Hacıyev Ceyhun Nəsib oğlu isə 1 fevral 1994-cü ildə Kəlbəcər istiqamətində Murov dağında şəhid olmuşdur.



Facebook-da paylaş