• Təqvim

  • Maraq



Vətən torpağını göz bəbəyi kimi qoruyub Şəhidlik zirvəsinə yüksələnlər heç vaxt unudulmur

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızdan bizlərə yadigar qalan miras və böyük sərvətdir. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. İstər yeraltı, istər yerüstü sərvətlərimiz, bol bərəkətli torpaqlarımız hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Lakin bu torpağın yetirdiyi igid oğullar canları, qanları bahasına Vətənimizi göz bəbəyi kimi qoruyaraq bizlərə ötürməyi hər zaman bacarıblar. O Vətən ki, hər qarışı bizim üçün əzizdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğullarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimiz olan şəhidlərimizə ehtiramla yanaşmaq hər birimizin müqəddəs borcudur. Çünki Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gənc nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. 

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan Vətən müharibəsi şəhidləri - leytenant Nicat sibovun, kiçik çavuş Sərxan Mustafayevin, gizir rxan Abdullayevin, əsgər Niftalı Qocayevin, gizir Amid Məmmədovun, əsgər Babək Həsənovun, əsgəMerik Mustafayevin, əsgər Elçin Qurbanovun, əsgər Elşən Orucovun, Birinci Qarabağ müharibəsi şəhidləri - Milli Qəhrəman Aqil Musayevin, Milli Qəhrəman Rafiq Alıcanovun, gizir Elxan Civişovun, kursant Asif Qarayevin, Elman Musayevin, baş leytenant Sahib Binnətov, Azər Hüseynovun, Arzu Məmmədovun, Abduləzim Vəliyevin, Vüqar Vəliyevin, İslam Nəsibovun, Akif Bəbirovun, Əlləz Əlləzovun, çavuş Azad Mikayılovun əziz xatirəsini ehtiramla yad edirik.

Leytenant Nəsibov Nicat Qəşəm oğlu


22 yaşında Şəhidlik zirvəsinə yüksələn leytenant Nicat Nəsibov 1 yanvar 1998-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2015-ci ildə həmin liseyi bitirmişdir. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin hərbi məktəbi bitirib leytenant rütbəsi ilə “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlamışdır. 2020-ci ildə digər “N” saylı hərbi hissəyə təyinat almışdır.

"N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində hərbi qayda-qanunlara uyğun şəkildə xidmət aparır, üzərinə düşən işin öhdəsindən layiqincə gəlirdi. Xidmətini yüksək səviyyədə həyata keçirdiyi üçün 26 avqust 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdu.

Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərən Nicat Nəsibov torpaqlarımızın azadlığını canından üstün tutmuşdur. “N” saylı hərbi hissənin 4-cü taborunun 12-ci bölüyü 1-ci tağımının komandiri leytenant Nicat Nəsibov 18.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhid leytenantımız 01.11.2020-ci il tarixdə doğulduğu Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid leytenant Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Doğulduğu kənddə vaxtilə təhsil aldığı məktəbin qarşısında adını əbədləşdirən bulaq inşa olunub. 

Kiçik çavuş Mustafayev Sərxan İslam oğlu


Şəhid Sərxan Mustafayev 21 mart 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 01.09.2001-ci ildə Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 30.05.2009-cu il tarixdə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 01.04.2012-ci ildən 01.10.2013-cü il tarixədək Bakı şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. 03.06.2014-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Sərxan Mustafayev 31.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə doğulduğu Aslanbəyli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, Ümid və Zümrüd adlı iki azyaşlı övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Sərxan Mustafayevin döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Sərxan Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Doğulduğu kənddə məzarının yaxınlığında yolun kənarında adını əbədləşdirən bulaq inşa olunub. 

Gizir Abdullayev Sərxan Elxan oğlu


Gizir Sərxan Abdullayev 2 noyabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda gizir rütbəsində xidmətə başlamışdır. 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət edən igid Vətən oğlu 28.09.2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur. Sərxan Abdullayev 28.09.2020-ci ildə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Evli olan şəhid gizirimizin Orxan və Turan adlı iki oğul övladı yadigar qalıb. 

Şəhid gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Vaxtilə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş Sərxan Abdullayev ölümündən sonra da medallarla təltif edilmişdir. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhərin Əliağa Şıxlinski küçəsində igid Vətən oğlunun adını əbədiləşdirən bulaq inşa olunmuşdur.

Əsgər Qocayev Niftalı Zakir oğlu


Şəhid Niftalı Qocayev 20 noyabr 1994-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitimişdir. 2013-cü ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2014-cü ilin iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 01.11.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid Niftalı Qocayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”,  24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub.

Gizir Məmmədov Amid Müqabil oğlu


Şəhid Amid Məmmədov 2 aprel 1987-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1993-cü ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2005-ci ildə Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2007-ci ildə isə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Sonra 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunda oxuyaraq həmin hərbi hissədə gizir kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının döyüş maşını komandiri-döyüş maşınları heyətinin rəisi Amid Məmmədov 03.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 4 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Nisə və Esmira adlı iki azyaşlı qız övladı yadigar qalıb.  

Amid Məmmədov yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə fərqlənmişdir. Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara layiq görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan gizirimizin göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid gizirimiz ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”,  24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Kənd qəbiristanlığının girişində adını əbədiləşdirən bulaq inşa olunmuşdur.

Əsgər Həsənov Babək Saleh oğlu


Şəhid Babək Həsənov 14 sentyabr 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1996-cı ildə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2009-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Babək Həsənov Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının alınması uğrunda gedən döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir. 04.11.2020-ci il tarixdə Laçın rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 05.11.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Əfsanə adlı 1 azyaşlı qız övladı yadigar qalıb.

Vətən uğrunda canından keçən şəhidimizin döyüş meydanında göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Babək Həsənov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.

Əsgər Mustafayev Merik Musa oğlu


Şəhid Merik Mustafayev 5 noyabr 1995-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2015-ci ildə isə tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. “N” saylı hərbi hissənin atıcısı hərbi vəzifəli əsgər Merik Mustafayev 26.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 27.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.

Bütün şəhidlərimiz kimi Merik Mustafayevin də göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhid əsgərimizin də adı var. Merik Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Əsgər Qurbanov Elçin Məcid oğlu


Şəhid Elçin Qurbanov 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2008-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2020-ci ilin 27 yanvarında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 

Elçin Qurbanov Füzuli-Cəbrayıl-Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. “N” saylı hərbi hissənin 2-ci mexanikləşdirilmiş taborun tank əleyhinə tağımının tank əleyhinə idarə olunan raket manqasının operatoru əsgər Elçin Qurbanov 04.11.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 6 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elçin Qurbanov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”“Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Əsgər Orucov Elşən Ehtiram oğlu 


Şəhid Elşən Orucov 6 avqust 1991-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. "N” saylı hərbi hissəsinin 2-ci taborunun tank tağımının baş sürücü mexaniki idi. 

Elşən Orucov hərb sahəsinə gəldiyi ilk gündən nümunəvi xidmət göstərmiş, ona görə də xidmətə başladığı vaxtdan iki il keçməmiş (24.06.2013) "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuşdur. 26 iyun 2018-ci ildə isə sinəsinə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı taxılmışdır. Bu təltiflərə Elşən Orucov qüsursuz xidməti, nümunəvi olması və verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi sayəsində layiq görülmüşdür.

Elşən Orucov 04.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 6 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Ehtiram adlı oğul, Ayla adlı qız övladı yadigar qalıb.

İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elşən Orucov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Gizir Civişov Elxan Mehdi oğlu


Civişov Elxan Mehdi oğlu 1 iyun 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi bitirmişdir. 1988-1990-cı illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. Civişov Elxan Mehdi oğlu 31 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Kursant Qarayev Asif Safaləddin oğlu


Qarayev Asif Safaləddin oğlu 1 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1977-ci ildə Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1991-ci ildə Ali Hərbi məktəbə qəbul olmuşdur. Ali Hərbi məktəbin 3-cü kursundan ordu sıralarına getmişdir. 707 saylı hərbi hissədə xidmət etmişdir. 16 aprel 1993-cü ildə Ağstafa rayonunun Tatlı kəndində gedən döyüşlər zamanı şəhid olmuşdur. Subay idi.

Musayev Elman İmran oğlu


Musayev Elman İmran oğlu 24 yanvar 1966-cı ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1973-cü ildə Cəfərli kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-сi ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1981-ci ildə Qazax rayon Peşə liseyinə daxil olmuş, 1984-cü ildə həmin liseyi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində Almaniya Federatif Respublikasında hərbi xidmətdə olmuşdur. “Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət etmişdir. 1 noyabr 2001-ci ildə Cəfərli kəndində təmas xəttinə yaxın ərazidə göbələk yığarkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur.

Baş leytenant Binnətov Sahib Məşədi oğlu


Binnətov Sahib Məşədi oğlu 1 noyabr 1962-ci ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1968-ci ildə Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1976-1978-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbdə təhsil alaraq 10 illik tam orta məktəbi bitirmişdir. Binnətov Sahib Məşədi oğlu 26 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Hüseynov Azər Qələndər oğlu


Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1981-ci ildə Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1988-1990-cı illərdə Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məkəbin 10-cu sinifini bitirmişdir. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət etmişdir. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olmuşdur. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayır.

Məmmədov Arzu Mustafa oğlu


Məmmədov Arzu Mustafa oğlu 15 aprel 1972-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. 1990-1992-ci illərdə Vladivastok şəhərində hərbi xidmətdə olmuşdur. 1992-ci ilin avqust ayında Azərbaycan Ordusuna hərbi xidmətə yola salınmışdır. 2 noyabr 1992-ci ildə Ağköynək kəndində şəhid olmuşdur.

Vəliyev Abduləzim Omar oğlu


Vəliyev Abduləzim Omar oğlu 1941-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 3 noyabr 1992-ci ildə ermənilərin tutduqları mövqedən Daş Salahlı kəndinə atılan top mərmisi nəticəsində şəhid olmuşdur.

Milli Qəhrəman Musayev Aqil Hüseyn oğlu


Çavuş Musayev Aqil Hüseyn oğlu 3 noyabr 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə 1-ci sinifə getmiş, 1991-ci ildə 10-cu sinifi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir. 1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağrılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə əsgər və zabit heyətin hörmətini qazanmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir. İlk döyüşü Ağdam bölgəsində olmuşdur. Aqil hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi - torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu. A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən  döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır. O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak oldu. Subay idi. 

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı Fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayon Əzizbəyli (indiki Hüseynbəyli) kəndində Şəhidlər xiyabanında dəfn olunmuşdur. Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. Xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

Milli Qəhrəman Alıcanov Rafiq Cəfər oğlu


Kapitan Alıcanov Rafiq Cəfər oğlu 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynanın Dnerodzejinsk şəhərində ixtisası üzrə xidmətə başlayır. 1988-ci ildə o, Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və 1992-ci ildə Vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona kapitan rütbəsinə yüksəlmək imkanı verir. Rafiq Alıcanov Füzuli bölgəsində gedən döyüşlərdə rəşadət göstərir. O, bir neçə kəndin azad olunmasında xüsusilə fərqlənir. Cəsur komandir 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.

Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ağstafa rayonunun Köçvəlili kəndində dəfn edilmişdir. Köçəvəlli kənd orta məktəbi və Ağstafa şəhərinin mərkəzi küçələrindən biri onun adını daşıyır.

Vəliyev Vüqar Eyyub oğlu


Vəliyev Vüqar Eyyub oğlu 5 noyabr 1975-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-1992 illərdə Ağköynək kənd tam orta məktəbində təhsil almışdır. Vəliyev Vüqar Eyyub oğlu 1993-cü ildə hərbi xidmətə getmişdir. 703 saylı hərbi hissədə xidmətə başlamışdır. Xidməti zamanı Murovdağ, “Qlobus” yüksəkliyi və Tərtər bölgələrinin erməni işğalçılarından müdafiə olunmasında döyüş yolları keçərək müqavimətlər göstərmişdir. 1994-cü il iyun ayının 6-da Çaylı kəndində kəşfiyyatda olduğu zaman düşmən tərəfindən mühasirəyə düşmüş, son damla qanına qədər döyüşmüş və şəhid olmuşdur.

Nəsibov İslam Yusif oğlu


Nəsibov İslam Yusif oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1964-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1974-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1975-ci ildə keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir.   5 noyabr 1991-ci ildə şəhid olmuşdur.

Bəbirov Akif Ələddin oğlu


Bəbirov Akif Ələddin oğlu 5 noyabr 1974-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1981-ci ildə Kəmərli kənd Xanbağı orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1992-ci ildə məktəbi bitirib hərbi xidmətə yollanmışdır. 8 fevral 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 1993-cü il tarixli 389 saylı qərarı ilə Xanbağı kənd tam orta məktəb şəhid Akif Bəbirovun adını daşıyır.

Əlləzov Əlləz Ələddin oğlu


Əlləzov Əlləz Ələddin oğlu 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirmişdir. 5 yanvar 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2019-cu il martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində törətdiyi təxribat zamanı axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuşdur. Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu martın 27-də böyük izdihamla doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Vətən uğrunda canından keçən şəhidimizin bir qardaşı var. 

Çavuş Mikayılov Azad Tanrıverdi oğlu


Mikayılov Azad Tanrıverdi oğlu 12 aprel 1965-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1972-ci ildə Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1983-1985-ci illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1985-1990-cı illərdə Qazax Sənaye Kombinatında qaynaqçı kimi əmək fəaliyyətinə başlamışdır. 1990-cı ildən Qazax rayon Polis Şöbəsində Polis nəfəri işləmişdir. 6 noyabr 1991-ci ildə Qazax rayonunun Xeyrımlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Bu gün Xanlıqlar kənd ümumi orta məktəb şəhid Azad Mikayılovun adını daşıyır.



Facebook-da paylaş