• Təqvim

  • Maraq



Bu gün Milli Qəhrəman Şamoy Çobanovun anım günüdür

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Uğrunda canlar fəda edilən, qanlar tökülən Vətən hər birimiz üçün əzizdir. Vətəni göz bəbəyi kimi qorumaq, bütöv və tam olması üçün düşünmədən canından keçmək isə vətənpərvərlik hissindən irəli gəlir. Həmişə vətənpərvər olan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan Azərbaycanın igid, mərd, cəsur oğulları minlərlədir. Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda Şəhidlik adlı uca bir zirvəni fəth edən, öz qanları ilə adlarını tarixə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq Azərbaycan vətəndaşı olaraq hər birimizin müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız olmasın, şəhid məzarlarına rast gəlinməsin. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. 

İstər Birinci Qarabağ, istərsə də İkinci Vətən müharibəsində Qazaxın igid, mərd övladları döyüş meydanında əsl qəhrəmanlıq göstərərək Vətəni göz bəbəyi kimi qorumağın ən ali vəzifə, ən müqəddəs amal olduğunu sübut ediblər. Bu amal uğrunda Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü naminə 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Döyüş meydanında göstərdiyi igidliyə görə bugünkü, eləcə də gələcək nəsillərə örnək olan oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Çobanov Şamoy Məhyəddin oğludur.

Bu gün qəhrəman şəhidimizin Şəhidlik zirvəsinə ucaldığı gündən 33 il ötür... İllər ötsə belə Qazaxın mərd oğlu hər zaman qəlbimizdə əbədi yaşayır, yaşacaq da...

GOYEZEN.AZ saytı olaraq ənənəmizə sadiq qalıb anım günündə Milli Qəhrəmanın əziz xatirəsini dərin ehtiramla yad edir, igid Vətən oğlunun ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik.

Çobanov Şamoy Məhyəddin oğlu 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1972-ci ildə Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra bir il avtobazada çilingər kimi çalışmışdır. 1983-85-ci illərdə keçmiş sovetlər birliyinin Leninqrad şəhərində hərbi xidmətdə olmuşdur. Xidmətini başa vurduqdan sonra Vətənə dönmüş və yenidən çilingər kimi çalışmışdır.

1988-ci ildə Qazax rayonunun Polis Şöbəsində polis nəfəri kimi işə qəbul edilmişdir. Həmin illər Qazaxda da vəziyyət gərgin idi. Ermənilər tez-tez sərhəd kəndlərinə hücuma keçirdilər. Şamoy işə girdiyi ilk gündən polis kimi fəaliyyət göstərmədi. Bir əsgər kimi əlində silah sərhədlərimizin keşiyində dayandı. Ermənilər Xeyrımlı, Yuxarı Əskipara, Bağanıs Ayrım kəndlərinə hücuma keçdiyi zaman xüsusi qəhrəmanlıq nümayiş etdirdi. Öz cəsurluğu ilə fərqlənən gənc polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi.

1990-cı il avqust ayının 19-da Yuxarı Əskipara kəndinə işləyən sərnişin avtobusu Şamoy Çobanov və başqa polis nəfəri tərəfindən mühafizə olunmuşdur. "Səməd Ağa vurulan dərə” deyilən ərazidə mənfur ermənilər avtobusu atəşə tutmuşdular. Atışma başlamış və Şamoy Çobanov avtobusun qapısını açaraq ermənilərin üstünə getmişdir və bir müddət atışandan sonra qəhrəmancasına şəhid olmuşdur. Ş.Çobanov doğulub boya-başa çatdığı Ağköynək kəndində dəfn edilmişdir.

İgid Vətən oğlunun qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə respublikamızın suverenliyi və dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi şəxsi igidliyinə və şücaətinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülmüşdür.

Bəli, vaxtsız ölüm Şamoy Çobanovun bütün arzularını ürəyində qoydu. Valideynləri onun toyunu belə görə bilmədilər. Bu gün onun əziz xatirəsi yüzlərlə, minlərlə azərbaycanlının, xüsusilə də biz qazaxlıların qəlbində yaşayır.

Bu gün Ağköynək kənd tam orta məktəbi Milli Qəhrəmanın adını daşıyır. şəhərin mərkəzində və doğulduğu Ağköynək kəndində xatirəsinə tikilmiş bulaq var.

2013-cü ildə onunla yanaşı digər iki Milli Qəhrəman - Mərfət Nəsibov və Rafiq Alıcanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir.
2015-ci ildə üç igid - Şamoy Çobanov, Mərfət Nəsibov və Rafiq Alıcanov haqqında "İZ Production” studiyası tərəfindən çəkilmiş "Ölümə qənşər” adlı sənədli-bədii filmdə onların döyüş yolundan söz açılmış, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilmişdir.

Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!



Facebook-da paylaş