Bu gün Aprel şəhidi Orxan Əliyevin cənnətdəki növbəti doğum günüdür
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------
İllər ötsə belə bütün dünya 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra böyük zəfərlə, tarixi qələbə ilə başa çatan Vətən müharibəsindən danışacaq. Dünya hərb tarixində xüsusi yeri olan 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin təməli isə əslində Aprel döyüşləri zamanı qoyuldu. Öz əks-sədası ilə Azərbaycanın hərb tarixinə “dördgünlük müharibə” və ya “Aprel döyüşləri” kimi düşmüş tarixi Qələbəmizdən artıq 7 il ötür. Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan, bizim qalibiyyətimiz, zəfər salnaməmiz olan 2016-cı ilin Aprel döyüşlərini xalqımız bu gün də qürur hissi ilə xatırlayır.
Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə dediyi kimi: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.
Bəli, bu gün fəxrlə deyə bilərik ki, dövlətimizin başçısının da dediyi kimi, Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan 44 günlük şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb etdi. Hələ 7 il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırdı, Ordumuzun şəxsi heyəti üçün isə mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni İkinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşməni məhv edərək torpaqlarımızı işğaldan azad etdi. Bu gün hər bir azərbaycanlı 7 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın işğaldan azad edilən ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Bu gün hər bir ölkə vətəndaşı qələbə sevincini bizlərə bəxş edən Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, sağlamlığını itirən qazilərimizə, torpaqlarımız uğrunda canından keçən igid Vətən oğullarına borclu və minnətdardır.
Aprel döyüşlərində qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Həmin döyüşlər zamanı Qazaxın üç mərd, igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucaldı. Bu gün igid oğullarımızın yoxluğundan bizləri 7 il ayırsa da, onlar bizim qəlbimizdə əbədi yaşayır, ən ülvi hisslərlə yad edilirlər.
Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən oğullarımız haqqında fəxarətlə, qürurla söz açırıq. Çünki illər ötsə belə bizlərə Vətənimizin bütövlüyü naminə başladığımız haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.
Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan şəhidimiz Əliyev Orxan Məhəmməd oğlunun xatirəsi də hər zaman əziz tutulur. Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuş Orxan Əliyevin cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 28 yaşı tamam olacaqdı...
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimiz kimi, Orxan Əliyev də hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Orxan kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Orxan tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!
Qeyd edək ki, Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə "Avtomobil nəqliyyatı” şöbəsinin "Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar” adlı kitab yazılmışdır.
Facebook-da paylaş