• Təqvim

  • Maraq



Vətən uğrunda Şəhidlik zirvəsini fəth edənlər unudulmur

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Özlərinə əbədiyyət heykəli ucaldan şəhidlər xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaq. Neçə illər keçsə də, onların Vətən və xalq naminə gördükləri işə yüksək dəyər veriləcək. Onların Vətəninə, xalqına, millətinə olan sevgisi, ölümün gözünə dik baxaraq şəhid olmaq istəkləri hər zaman yaddaşlara dərin izlərlə həkk olunacaq. Dövlət-ordu-xalq birliyi hər zaman tam olsun deyə düşmən gülləsinə sinə gərən oğullarımız nəinki indiki, eləcə də gələcək nəsillər üçün örnək olacaq. Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Əlləz Əlləzovun, Vilayət Əzizovun, Rəşad Nəsibovun, Nəsimi Hüseynovun, Şakir Əsgərovun, Mehdi İsgəndərovun, Şamil Məmmədovun, Orxan Əliyevin, gizir Amid Məmmədovun, Emin Qurbanovun  əziz xatirəsini ehtiramla yad edirik.

Əlləzov Əlləz Ələddin oğlu


Əlləzov Əlləz Ələddin oğlu 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirmişdir. 5 yanvar 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2019-cu il martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində törətdiyi təxribat zamanı axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuşdur. Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu martın 27-də izdihamla doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Vətən uğrunda canından keçən şəhidimizin bir qardaşı var. 

Əzizov Vilayət Abdulla oğlu


Əzizov Vilayət Abdulla oğlu 27 mart 1965-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1973-cü ildə Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə getmişdir. 24 dekabr 1994-cü ildə Qazax rayonunun Qızıl Hacılı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 

Nəsibov Rəşad Hümbət oğlu


Nəsibov Rəşad Hümbət oğlu 1 sentyabr 1984-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1991-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 27 mart 1995-ci ildə Məzəm kəndinin ərazisində quzu otararkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Məktəbli idi. 

Hüseynov Nəsimi Sarı oğlu


Hüseynov Nəsimi Sarı oğlu 28 mart 1975-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1982-ci ildə Qarapapaq kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1987-ci ildə həmin məktəbin 5-ci sinifinə kimi oxumuş, sonra təhsilini Saatlı rayonunun Cəfərxan qəsəbəsində davam etdirmişdir. 1993-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1993-cü ilin payız çağırışında Qazax Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmişdir. 30 yanvar 1994-cü ildə Ağdərə rayonunun “Alobuz” yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

Əsgərov Şakir Əsgər oğlu


Əsgərov Şakir Əsgər oğlu 31 mart 1966-cı ildə Ermənistanın Respublikasının Noyanberyan rayonunun Ayrım qəsəbəsində anadan olmuşdur. 1973-1983-cü illərdə Noyanberyan rayonunun Aşağı Körpülü kənd orta məktəbində təhsil almışdır. 1984-1986-cı illərdə SSRİ-də Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 3 may 1993-cü ildə ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. 

İsgəndərov Mehdi Nəsrəddin oğlu


İsgəndərov Mehdi Nəsrəddin oğlu 1 avqust 1953-cü ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1960-cı ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbə daxil olmuş, 1970-ci ildə həmin məktəbi bitirmişdir. 1 aprel 1990-cı ildə Qazax rayonunun Yuxarı Əskipara kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi. İki övladı var. 

Məmmədov Şamil Rəfi oğlu


Məmmədov Şamil Rəfi oğlu 1 aprel 1967-ci ildə Qazax rayonunun Fərəhli kəndində  anadan olmuşdur. 1974-cü ildə Fərəhli kənd ümum orta məktəbin 1-ci sinifinə daxil   olmuş, 1982-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1983-85-ci illərdə Alpout kənd tam orta məktəbin 10-cu sinifini bitirmişdir. 1985-87-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra kənd təsərrüfatı sahələrində işləmişdir. 4 oktyabr 1993-cü ildə Qazax rayonunun Cəfərli kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Evli idi. Hazırda həyat yoldaşı və oğlu Fərəhli kəndində yaşayır. 

Əliyev Orxan Məhəmməd oğlu


Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı Texniki Kollecinə “Avtomobil  nəqliyyatı” şöbəsinin “Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. 

Qazax Rayon Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə şəhərin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş “Cənnətdən məktublar” adlı kitab yazılmışdır. 

Gizir Məmmədov Amid Müqabil oğlu


Şəhid Amid Məmmədov 2 aprel 1987-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1993-cü ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2005-ci ildə Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2007-ci ildə isə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Sonra 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunda oxuyaraq həmin hərbi hissədə gizir kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının döyüş maşını komandiri-döyüş maşınları heyətinin rəisi Amid Məmmədov 03.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 4 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Nisə və Esmira adlı iki azyaşlı qız övladı yadigar qalıb.  

Amid Məmmədov yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə fərqlənmişdir. Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara layiq görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. 

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan gizirimizin göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid gizirimiz ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”,  24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Kənd qəbiristanlığının girişində adını əbədiləşdirən bulaq inşa olunmuşdur.

Qurbanov Emin Murad oğlu


Qurbanov Emin Murad oğlu 23 fevral 1969-cu ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd tam orta məktəbində almışdır. Təhsilini 177 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-89-cu illərdə keçmiş sovetlər birliyində hərbi xidmət keçmişdir. Hərbidən qayıtdıqdan sonra sovxozda fəhlə işləmişdir. 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Vətənin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 aprel 1993-cü ildə Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd tam orta məktəbi şəhid Emin Qurbanovun adını daşıyır.



Facebook-da paylaş