Vətən uğrunda şəhidlik zirvəsini fəth edənlər unudulmur
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------
Özlərinə əbədiyyət heykəli ucaldan şəhidlər
xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaq. Neçə illər keçsə
də, onların Vətən və xalq naminə gördükləri işə yüksək dəyər veriləcək. Onların
Vətəninə, xalqına, millətinə olan sevgisi, ölümün gözünə dik baxaraq şəhid
olmaq istəkləri hər zaman yaddaşlara dərin izlərlə həkk olunacaq. Dövlət-ordu-xalq
birliyi hər zaman tam olsun deyə düşmən gülləsinə sinə gərən oğullarımız nəinki
indiki, eləcə də gələcək nəsillər üçün örnək olacaq. Vətənin müdafiəsi uğrunda
canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü naminə
canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan
vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu
bilməlidir. Vətəni qorumaq kimi müqəddəs
bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını
yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların
adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən
müqəddəs vəzifəsi və borcu olmalıdır.
Vətən torpaqları tam olsun deyə, torpaqlarımıza
yağı düşmənin ayağı dəyməsin deyə "Şəhidlik”
adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon
da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər
igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km
məsafədə sərhəddi olan rayonun Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı
Əskipara kimi 7 kəndi hələ də düşmən
tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.
Vətən torpaqlarının ərazi bütövlüyü
uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman
əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək
səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin
ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu
qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların,
bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir
edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və
şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir
əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı
dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş
çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş
lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda
keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər
mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar
alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər
ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.
Qazax rayonunda torpaqlarımızın
azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin
qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya
anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri
igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad
olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman
qəlblərdə yaşayır.
GOYEZEN.AZ saytının Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini
yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq
bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü
olan şəhidlərimizdən – Firuddin
Şamoyevi, Səməd Hacıyevi, Mədəd Nəsibovu, Alı Mustafayevi, Hafiz Abdullayevi, Adil
Vəliyevi, Arzu Məmmədovu, Asif Qarayevi, Vidadi Göşşüyevi, Əli Yunisovu, Arif Kazımovu, Akif
İsmayılovu, Fərman Əliyevi, Niftalı Vəliyevi yad edirik.
Şamoyev Firuddin İsa oğlu
Şamoyev Firuddin İsa oğlu 1962-ci il fevral ayının
7-də Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır.
1981-1983-cü illərdə Qazax rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi
hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra doğulduğu Qazax
şəhərinə gələrək Təmir-Tikinti idarəsində çilingər kimi işə başlayır. Ermənilərin 1988-ci ildən başlanan əsassız ərazi
iddiaları, onların törətdiyi qanlı cinayətlər, Vətənin bütün qeyrətli oğulları
kimi Firuddini də hədsiz dərəcədə hiddətləndirirdi. Dağlıq Qarabağda, eləcə də
digər sərhəd bölgələrimizdə axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz
talan edilir, əhali təlaş içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də
könüllülərdən ibarət dəstəyə yazıldı. O, 707 saylı hərbi hissənin minaatan
bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun
Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə
iştirak etmiş, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi.
13 aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Şamoyev
Firuddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adı verilmişdir. Qazax şəhərində Şəhidlər xiyabanında dəfn
edilmişdir. Qazax şəhər 4 saylı tam orta məktəb və Qazax
şəhərindəki küçələrdən biri onun adını daşıyır. Bundan əlavə, şəhərin girişində
Milli Qəhrəmanın adını əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunmuşdur.
Hacıyev Səməd Məmməd oğlu
Hacıyev Səməd Məmməd oğlu 28
iyun 1972-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur.
1980-ci ildə Orta Salahlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş,
1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1990-cı ildə həqiqi hərbi
xidmətə getmişdir. Baş çavuş Səməd Hacıyev 13 aprel 1993-cü ildə Ağdam
rayonunun Xocavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1994-cü il
mart ayının 1-dən Orta Salahlı kənd tam orta məktəbi şəhid Səməd Hacıyevin
adını daşıyır. 1996-cı ildə dostu Qınnayev
Nazim Camal oğlu tərəfindən xatirəsini əbədiləşdirən bulaq tikilib. Ötən il qardaşı
Hacıyev Ramin Məmməd oğlu tərəfindən bulaqda yenidənqurma işləri aparılıb.
Nəsibov Mədəd İsə oğlu
Nəsibov Mədəd İsə oğlu 12
sentyabr 1966-cı ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1972-ci
ildə Qaymaqlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1982-ci ildə
həmin məktəbin onuncu sinfini bitirmişdir. 1982-ci ildə Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuşdur. 1984-1986-cı illərdə hərbi xidmətdə
olmuş, hərbi xidmətdən sonra təhsilini davam etdirmişdir. 1989-cu ildə institutu
bitirdikdən sonra Balaxanı Neft-Qazçıxarma idarəsində işləmişdir. 1993-cü ildə
Azərbaycan Milli Ordusuna çağırılmışdır.
14 aprel 1994–cü ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Mustafayev Alı Mustafa oğlu
Mustafayev
Alı Mustafa oğlu 14 aprel 1952-ci
ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli
kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini
bitirmişdir. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri
xidmətini başa vurub Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə
başlamışdır. O, zavodda işlədiyi müddətdə "Elektrik" qəzetində
tez-tez maraqlı yazılarla, şeirlərlə çıxış edirdi.
Alı
Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin
göndərişi ilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə
daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin
"Xəbərlər" proqramında jurnalist kimi faəliyyətə başlayır. Çox keçmir
ki, "İlin ən yaxşı jurnalisti", "Qızıl qələm" mükafatlarına
layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini
də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən
reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə
də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən
qayıtmışdı.
20
noyabr 1991-ci ildə Tuğ, Xocavənd, Qaradağlı kəndində törədilən faciələrlə
yerində tanış olmaq üçün gedən hökümət nümayəndələrini aparan hərbi vertolyot
erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vuruldu. Nəticədə 23
nəfər sayseçmə insan faciəli surətdə həlak oldu. Alı Mustafayev də onların
arasında idi. Ailəli idi. Üç oğul övladı qalıb.
Azərbaycan
Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Alı Mustafa oğluna
ölümündən sonra "Azərbaycanın
Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakı
şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölümündən sonra
"Respublikanın əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür. Bakının
Nərimanov rayonundakı 202 saylı və Qazax rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri,
Bakı şəhəri 3-cü mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını
daşıyır.
2017-ci
ilin aprel ayının 18-də Qazax rayonunun Qazaxbəyli kəndində Alı Mustafayevin xatirəsinə tikilmiş bulaq
kompleksinin təntənəli açılış mərasimi olmuşdur.
Abdullayev Hafiz Məhəd oğlu
Abdullayev
Hafiz Məhəd oğlu 1 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı
ildə Sumqayıt şəhərində 16 nömrəli tam orta məktəbə daxil olub. 2001-ci ildə həmin
məktəbi bitirib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2005-ci ildə
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir
rütbəsində xidmətə başlayıb. 2019-cu il mart ayının 4-də Müdafiə Nazirliyinin N
saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək
itkin düşmüşdür. 12 aprel 2019-cu ildə Abdullayev Hafiz Məhəd oğlunun nəşi
tapılaraq aidiyyəti üzrə təhvil verilib. 14 aprel 2019-cu ildə O, Yuxarı
Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Ailəli idi. 1 qız və 2 oğul
övladı yadigar qalıb.
Vəliyev Adil Habil oğlu
Vəliyev Adil Habil oğlu
3 oktyabr 1990–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur.
2013-cü il aprel ayının 15-də Xanlıqlar kəndi ərazisində təmas xəttini keçərək
göyərti yığmağa gedən zaman minaya düşmüşdür. Yaralı vəziyyətdə ərazidən çıxarılmasına
cəhd edilmiş, lakin erməni snayperləri imkan verməmiş, qanaxmadan vəfat
etmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən atəş dayandırıldıqdan
sonra onun nəşi ərazidən çıxarılmışdır.
Məmmədov Arzu Mustafa oğlu
Məmmədov
Arzu Mustafa oğlu 15 aprel 1972-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan
olmuşdur. 1979-1989-cu illərdə Kəmərli kənd Xanbağı orta məktəbində təhsil
almışdır. 1990-1992-ci illərdə Vladivastok şəhərində hərbi xidmətdə olmuşdur.
1992-ci ilin avqust ayında Azərbaycan Ordusuna hərbi xidmətə yola salınmışdır.
2 noyabr 1992-ci ildə Ağköynək kəndində şəhid olmuşdur.
Qarayev Asif Safaləddin oğlu
Qarayev Asif Safaləddin
oğlu 1 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan
olmuşdur. 1977-ci ildə Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin
birinci sinfinə getmişdir. 1988-ci ildə həmin məktəbin onbirinci sinfini
bitirmişdir. 1991-ci ildə Ali Hərbi Məktəbə qəbul olmuşdur. Ali Hərbi Məktəbin
III kursundan ordu sıralarına getmişdir. N saylı hərbi hissədə xidmət etmişdir.
16 aprel 1993-cü ildə Ağstafa rayonunun Tatlı kəndində gedən döyüşlər zamanı
şəhid olmuşdur. Subay idi.
Göşşüyev Vidadi Mürsəl oğlu
Göşşüyev Vidadi Mürsəl oğlu 17 aprel 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Çaylı kənd 1 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. 1991-ci ildə könüllü dəstəyə yazılmış, tank sürücüsü olmuşdur. Göşşüyev Vidadi Mürsəl oğlu 26 iyun 1992-ci ildə "Satılmış” adlanan ərazi ətrafında gedən döyüşlərdə tankı minaya düşmüş və qəhrəmancasına şəhid olmuşdur. Adını əbədləşdirmək məqsədilə Çaylı kəndində 1 nömrəli tam orta məktəbə və bir bulağa onun adı verilmişdir.
Yunisov Əli Talıb oğlu
Yunisov Əli Talıb oğlu 24
may 1967-ci ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 18 aprel 1992-ci
ildə Kamaz markalı maşınla gedərkən Bala Cəfərli kəndi ərazisində erməni işğalçılarının
maşını atəşə tutması nəticəsində şəhid olmuşdur. 2008-ci ildən şəhid statusu
verilib.
Kazımov Arif Nəbi oğlu
Kazımov Arif Nəbi oğlu
21 dekabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur.
1972-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbə
daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildən 1985-ci ilə
kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa
vurduqdan sonra elə sovet ordusu sıralarında qalaraq gizir rütbəsində hərbçi
kimi işləmişdir. 1992-ci ildə Qarabağ müharibəsi başlayarkən xaricdən gələrək Azərbaycan
Ordusunda könüllü olaraq xidmət etməyə başlamışdır. 1997-ci il aprel ayının
19-da Ballı Qaya yüksəkliyi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid
olmuşdur. Arif Kazımov 20 apreldə doğulduğu
Yuxarı Salahlıda yaylım atəşi altında dəfn olunmuşdur. Kazımov Arif Nəbi oğlu
ölümündən sonra "Hərbi xidmətə görə” medalı (№ 873) ilə təltif
olunmuşdur. Bir qızı və adını qoyduqları bir oğlu var.
İsmayılov Akif Qabil oğlu
İsmayılov
Akif Qabil oğlu 19 aprel 1970-ci ildə Qazax rayonunun Ağköynək kəndində dünyaya
göz açmışdır. Akif anadan olduğu kəndin orta məktəbində 1977-85-ci illərdə 8 illik
təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbində qaynaqçı peşəsinə
yiyələnir. 1988-90-cı illərdə sovetlər birliyinin İrkutsk vilayətində hərbi
xidmətini başa vuraraq Vətənə dönür və sovxozda öz ixtisası üzrə işləyir. 1988-ci
ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsi zamanı düşmənlərimizin
torpaqlarımızı zəbt etməsi hər kəs kimi Akifi də narahat edir. 1993-cü ilin may
ayında Milli Ordu sıralarına yazılan Akif torpaqlarımızın müdafiəsi uğrunda
əlinə silah alaraq sərhəd bölgələrinə yollanır. O, Ballı Qaya, Bala Cəfərli
sərhəd bölgələrində döyüş yolları keçir. 1994-cü il yanvar ayının 18-də Ballı
Qaya yüksəkliyi uğrunda gedən döyüşdə mənfur erməni quldurlarının gülləsi
Akifin sinəsinə tuşlanır. Həmin an bir igid Vətən oğlu torpağın müdafiəsi uğrunda,
torpaq üzərində əbədi olaraq gözlərini yumur, şəhidlik zirvəsinə ucalır.
Əliyev Fərman İbrahim oğlu
Əliyev Fərman İbrahim
oğlu 16 oktyabr 1969-cu ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli)
kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı kənd (hazırki Aslanbəyli)
kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1986-cı ildə həmin məktəbin onuncu
sinfini bitirmişdir. 1992-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən
Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 19 aprel 1993-cü ildə Vəlixan
meşəsində döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında
dəfn olunmuşdur.
Vəliyev Niftalı MTS oğlu
Vəliyev
Niftalı MTS oğlu 24 aprel 1959-cu ildə Qazax rayonunun Qarapapaq kəndində
anadan olmuşdur. 19 aprel 1992-ci ildə Ağköynək kəndində "Nohur” meşəsi deyilən
ərazidə minaya düşmüşdür. Evli olub və 2 uşağı var.
Facebook-da paylaş