Şəhidlər xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq
Şəhidlərimizi tanıyaq və tanıdaq-----------------------------------------
Özlərinə əbədiyyət heykəli ucaldan şəhidlər xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaq. Neçə illər keçsə də, onların Vətən və xalq naminə gördükləri işə yüksək dəyər veriləcək. Onların Vətəninə, xalqına, millətinə olan sevgisi, ölümün gözünə dik baxaraq şəhid olmaq istəkləri hər zaman yaddaşlara dərin izlərlə həkk olunacaqdır. Dövlət-ordu-xalq birliyi hər zaman tam olsun deyə düşmən gülləsinə sinə gərən oğullarımız nəinki indiki, eləcə də gələcək nəsillər üçün örnək olacaqdır. Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.
Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum və anım günü olan şəhidlərimizdən – Nüsrəddin Pirvəliyevin, Şərif Namazovun, İsmandiyar Mürsəlovun, İlham İsmayılovun, Əmrah Vəliyevin əziz xatirələrini yad edirik.
Pirvəliyev Nüsrəddin Hüseyn oğlu
Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 1 iyul 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 1975-ci ildə məktəbi bitirmiş və sovet ordusu sıralarına yollanmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. Pirvəliyev Nüsrəddin Hüseyn oğlu 17 sentyabr 2010-cu ildə Kəmərli kəndində hərbi hissə tikintisində çalışan zaman erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur.
Namazov Şərif Yolçu oğlu
Namazov Şərif Yolçu oğlu 18 sentyabr 1948-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1955-ci ildə Quşçu Ayrım səkkiz illik məktəbin birinci sinfinə daxil olmuş, daha sonra Aşağı Əskipara kənd tam orta məktəbində oxumuşdur. 1965-ci ildə orta məktəbi bitirərək sovet ordusunda hərbi xidmət keçmişdir. Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. 14 iyun 1992-ci ildə erməni silahlı qüvvələrinin Quşçu Ayrım kəndinə silahlı basqını zamanı şəhid olmuşdur. Ailəli idi. 2 övladı var.
Mürsəlov İsmandiyar Musa oğlu
Mürsəlov İsmandiyar Musa oğlu 18 sentyabr 1932-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1940-cı ildə Cəfərli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1948-ci ildə həmin məktəbin yeddinci sinfini bitirmişdir. 1952-1955-ci illərdə SSRİ silahlı qüvvələrində Belarusiya Respublikasında xidmət etmişdir.
Qazax rayon yol-istismar idarəsində fəhlə işləmişdir. 8 aprel 1997-ci ildə Bala Cəfərli kəndində evindən çıxıb öz mal-qarasını gətirməyə gedərkən ermənilər tərəfindən snayperlə vurulmuşdur.
İsmayılov İlham Məhəmməd oğlu
İsmayılov İlham Məhəmməd oğlu 20 aprel 1962-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1969-cu ildə Kəmərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1979-cu ildə məktəbi bitirmişdir. 1980-1982-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra kənddə yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusu sıralarına çağrılmış, erməni qəsbkarlarına qarşı döyüşmüşdür. 1995-ci ilin sentyabr ayının 20-də beyin nahiyəsindən aldığı yaradan şəhid olmuş, səkkiz gün cəsədi erməni tərəfdə qalmış və 29 sentyabrda Kəmərli kəndində dəfn olunmuşdur. Ailəli idi, 3 övladı var.
Vəliyev Əmrah İsgəndər oğlu
Vəliyev Əmrah İsgəndər oğlu 27 yanvar 1971-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1978-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1988-ci ildə məktəbi bitirərək sovet ordusunda xidmət etmişdir. Vəliyev Əmrah İsgəndər oğlu 21 sentyabr 2001-ci ildə Quşçu Ayrım kəndi ərazisində odun gətirən zaman ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur.
Facebook-da paylaş