Şəhidlər xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq
Şəhidlərimizi
tanıyaq və tanıdaq------------------------------ Özlərinə əbədiyyət
heykəli ucaldan şəhidlər xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və
xatırlanacaq. Neçə illər keçsə də, onların Vətən və xalq naminə gördükləri işə
yüksək dəyər veriləcək. Hər bir azərbaycanlının borcudur ki, torpaq, Vətən uğrunda canından keçən hər
bir şəhidin ailə
üzvlərinə, valideynlərinə diqqət və qayğı ilə
yanaşsın. Qazax rayonu da Vətən, torpaq, xalq uğrunda
285 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara
kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi daim düşmən gülləsinin
atəşinə məruz qalır. Qazaxda Vətənin
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların
ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin
mərkəzində yerləşən Şəhidlər Xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası
da 285 şəhidin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin daha bir əyani sübutudur. Bu gün xiyabanı ziyarət edən insanlar
şəkil vasitəsilə də olsa şəhidlərini tanıyır, igid oğullarımızın şəkli əks
olunmuş lövhə önündən keçərək əziz xatirələrini yad edir. Bu gün
rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqların, nümayəndə heyətlərinin qürur
yerimiz olan bu müqəddəs məkana baş çəkməsi, memorial önünə tər çiçəklər
düzməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan ehtiramın daha
bir nümunəsidir. Bundan əlavə, rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs
məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət
etmələri, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar almaları
şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir. Qazax rayonunda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən
oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına dualar oxunur,
göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad
olunur. GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda canından keçmiş,
doğum və anım günü olan şəhidlərimizdən – Zülfüqar Vəkilovun, Adil Məmmədovun, Nizami Məmmədovun, Saleh Həsənovun, Ramin Əliquliyevin, Elman Əliyevin, Kamal Kərimovun əziz xatirəsini
yad edir. Əliyev Elman
Əli oğlu Əliyev
Elman Əli oğlu 10 oktyabr 1959–cu ildə Qazax rayonunun Hüseynbəyli kəndində
anadan olmuşdur. 1966-cı ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1974-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1975-76-cı
illərdə Kosalar kənd tam orta məktəbin onuncu sinfini bitirib. 1991-ci ildə Azərbaycan
Ordusu sıralarına çağrılmışdır. 13 yanvar 1994-cü ildə Ağdam rayonu istiqamətlərində
gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir. İki övladı var. Vəkilov
Zülfüqar Tahir oğlu Vəkilov Zülfüqar Tahir oğlu 11
avqust 1975-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur.
1982-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş,
1992-ci il həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ilin oktyabrından
Azərbaycan Ordusu sıralarına hərbi xidmətə çağırılmış və müxtəlif döyüşlərdə iştirak
etmişdir. 12 oktyabr 1995-ci ildə Füzuli rayonunun Aşağı Abdurəhmanlı kəndində
hərbi əməliyyat zamanı minaya düşərək şəhid olmuşdur. Məmmədov Adil Əhməd oğlu Məmmədov Adil Əhməd oğlu 13
oktyabr 1975-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində
anadan olmuşdur. 1982-ci ildə (Əli Bayramlı kənd) hazırki Aslanbəyli kənd tam
orta məktəbin birinci sinfinə getmiş, 1992-ci ildə həmin məktəbin onuncu
sinfini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan
Ordusu sıralarına çağırılmışdır. 9 fevral 1994-cü ildə Füzuli rayonunda döyüş
bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Məmmədov
Nizami Səhrəd oğlu Məmmədov Nizami Səhrəd oğlu 10
oktyabr 1974-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. Hərbi
xidmətdə olmayıb. 1 yanvar 1997-ci il tarixdə gecə erməni kəşfiyyatçısı tərəfindən
öz evlərində qətlə yetirilmişdir. Subay idi. Mərhum Ağköynək kənd qəbiristanlığında
dəfn edilmişdir. Əliquluyev Ramin
Eldar oğlu Əliquluyev
Ramin Eldar oğlu 10 oktyabr 1977-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində
anadan olmuşdur. Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1995-ci ildə hərbi
xidmətə getmişdir. Qarabağ zonasında xidmət edib. 22 yanvar 1998-ci ildə düşmən gülləsindən şəhid olmuşdur. Subay idi. Həsənov
Saleh Hüseyn oğlu Həsənov Saleh Hüseyn oğlu 14
oktyabr 1957-ci ildə Ermənistan Respublikasının İcevan rayonunun Ağkilsə kəndində
anadan olmuşdur. 23 aprel 1992-ci il tarixdə Qazax rayonunun Ağköynək kəndində
"Nohur” meşəsi deyilən ərazidə odun qırarkən minaya düşmüşdür. Evli idi. 1
övladı var. Mərhum Qarapapaq kənd qəbiristanlığında dəfn edilmişdir. Kərimov Kamal Əşrəf oğlu Kərimov Kamal
Əşrəf oğlu 22 noyabr 1961-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində
anadan olmuşdur. 1969-cu ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci
sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 14 oktyabr 1994-cü
ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Ailəli idi. İki övladı var.
Facebook-da paylaş