• Təqvim

  • Maraq



Aprel döyüşləri hər birimiz üçün böyük zəfərin başlanğıcıdır


Vətən nə deməkdir? Vətən bizləri bir məqsəd və amal uğrunda birləşdirən dəyərli bir məhfumdur. Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı Vətən edən millətin onda yaşatdığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən atalarımızın qəbiristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir. Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, lazım gələndə isə uğrunda canımızı verəcəyimiz torpaq bütünüdür. Diqqət edək: "uğrunda canımızı verəcəyimiz”. Yəni bir torpaq parçası üçün can fəda edilirsə, o torpaq Vətəndir. O torpaq ki, su ilə qarışanda palçıq, qanla yoğrulanda Vətən olur. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə Vətənsiz bir millət, nə də millətsiz bir Vətən ola bilər. Bu isə o deməkdir ki, Vətən təkcə üzərində gəzdiyimiz torpaq deyil, Vətən bizim hər şeyimizdir. Vətəni qorumaq dövlət və milləti qorumaq, Vətəni sevmək dövlət və milləti sevməkdir. Vətəni sevmək isə onu düşmənə verməməkdən, hər an onun müdafiəsinə hazır olmaq və lazım olduğu zaman onun üçün canını vermək kimi müqəddəs bir vəzifədən başlayır.

"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”, - deyib əcdadlarımız, atalarımız, babalarımız, xalqımızın igid, mərd ərənləri. Bu uğurda canından keçmək isə Vətən sevgisinə sahiblikdən doğur. Bəs Vətən sevgisi nədir? Vətən sevgisi elə bir sevgidir ki, məhz Vətənin bütövlüyü naminə neçə-neçə igid, mərd, qəhrəman Azərbaycan oğullarını candan keçərək şəhidlik adlı uca zirvəyə yüksəlməyə səsləyir. İgid oğulları ən uca sevgi olan Vətən sevgisi bir amal uğrunda birləşdirir. Üzərində həyat sürdüyümüz bu torpaq üçün lazım gələndə həyatını, sahib olduğun hər şeyi Vətən yolunda düşünmədən fəda edə bilmək duyğusuna kökləyir. Bu, elə bir sevgidir ki, hər kəsə daim xatırladır ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin övladlarıyıq.

Bu millət, bu xalq hər zaman öz qəhrəman oğulları sayəsində, onların göstərdikləri şücaət nəticəsində atıldığı bütün döyüşlərdən alnıaçıq, üzüağ çıxıb. Hər zaman qələbə zəfərini çalıb. Ordusunun gücü, qüdrəti ilə düşmənə məğlubiyyət hissini dəfələrlə yaşadıb.

 

Bəli, zaman-zaman Azərbaycanın güclü ordusu hərb tarixinə xalqının unuda bilməyəcəyi zəfərlər yazdırıb. Məhz 2016-cı ilin apreli də ordumuzun qüdrəti sayəsində hərb tariximizə qızıl hərflərlə yazılan səhifələrdən biridir. Aprel döyüşləri tariximizin şanlı və şərəfli səhifəsidir. O şanlı səhifə ki, ordumuzun zabit və əsgərləri həmin döyüşlərdə böyük hünər və rəşadət göstərdilər. Qəhrəmanlıqları ilə tarix yazdılar. Aprel döyüşləri kimi tarixləşən bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Döyüşlər zamanı əsgər və zabitlərimiz yaralansalar da, səngərdən çıxmadılar. Sonadək cəsarətlə, igidliklə vuruşdular. Şücaətləri ilə düşmənə bir daha göz dağı verdilər ki, Azərbaycan xalqı qəhrəman xalqdır.

Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha nümayiş etdirdilər.


Aprel zəfəri adlı şanlı tariximizin yazılmasında öz silahdaşları, döyüş yoldaşları ilə çiyin-çiyinə verib qələbə uğrunda döyüşə atılan, şəhidlik zirvəsini igidliyi ilə qazanan Vətən oğullarından biri də baş leytenant Namazov Elvin Məmməd oğludur. O, 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub boya-başa çatsa da, indi onu bütün Azərbaycan tanıyır. O, etdikləri ilə, göstərdikləri şücaətlə bütün qəlblərdə məskən salıb. Cavan yaşında elə bir zirvəyə yüksəlib ki, onu nə biz, nə də zaman unudacaq. Elvində Vətənə sevgi, doğma yurda bağlılıq uşaq yaşlarından formalaşmışdı. Özünü dərk etməyə başladığı andan vətənpərvərlik hissi onda baş qaldırmışdı. Hərbçi olmaq, Vətənin keşiyində müsəlləh əsgər kimi dayanmaq uşaqlıqdan Elvinin arzusu idi. Məhz bu istəklə 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirən Elvin arzusunun arxasınca gedir. O, 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirir. Vətənə sevgisi, yaxşı hərbçi və kəşfiyyatçı olmaq istəyi Elvini bir an belə tək buraxmır. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunur. 2016-cı ildə baş leytenant hərbi rütbəsini alan Elvin qarşıda onu Vətənin harayına səsləyən bir döyüşün olduğunu bilir və öndə gedənlərdən də birincisi məhz Elvin özü olur. Və nəhayət Vətənə olan borcunu qaytaran Elvin 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olur. Vətənə sadiqliyin ən uca zirvəsini – şəhidlik zirvəsini fəth edən el oğlunu Azərbaycan xalqı, eləcə də qazaxlılar tək qoymur, şəhidimiz 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunur. Elvin Namazovun göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə ölkəPrezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunur.
4 il öncə şəhidimizin anası Aişə Namazovanın söylədiyi fikirləri xatırlayarkən qəhər qarışıq qürur hissini bir daha keçirirsən.

- Tez-tez evimizə təşəkkür məktubları gəlirdi. Oxuyub sevinirdik. Özündən soruşanda isə bircə kəlmə ilə deyirdi ki, "Hələ bu nədir ki, vaxt gələcək mənimlə fəxr edəcəksən, Ana…”

Bəli, bu gün şəhidimiz Elvin Namazovun uca bir məqama - şəhidlik zirvəsinə ucaldığı gündən 4 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad edilir. Çünki Elvin təkcə ata və anasının deyil, eyni zamanda bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur. Onun özünün də söylədiyi kimi başda ölkə rəhbəri olmaqla bütün Azərbaycan xalqı onunla fəxr edir.

4 il öncə Aişə ana deyirdi ki, kaş ki, Elvinimdən bir yadigar övlad qalardı. Ömrümü ona bağlayıb yaşayardım. Bu gün bəlkə də Elvindən bir yadigar qalmadı, lakin onun adını yaşadan qardaşı Elbəy Namazovun oğul payına şəhidimiz Elvinin adının verilməsi düşmənə bir mesajdır. O mesaj ki, düşmən bir daha anlasın ki, onlar bizlərdən Elvin kimi oğulları alsa da, neçə belə Elvinlər yetişir. Balaca körpəyə əmisinin adının verilməsi bir daha sübut edir ki, Namazovlar ailəsi Elvinin adı verilən bu uşaqla təkcə təsəlli tapmırlar, eyni zamanda bu ocaqda, bu yurdda igid, vətənpərvər oğulların böyüdüyünü, gələcək nəsillərin yetişdiyini nümayiş etdirirlər. Körpəyə Elvin adının verilməsi həm də onun gələcəkdə əmisinin şərəflə keçdiyi döyüş yolunu, qəhrəmanlığını davam etdirmək kimi bir arzunu istəməkdir.

Şəhidin atası Məmməd Namazov da bu gün oğlunun qoxusunu nəvəsindən alır. Oğlunun yarım qalan arzularının nəvəsində tamamlanacağına inanır. O, oğul itkisi ilə nəvə sevincini bu gün qürur hissi ilə yaşayır. Oğul Elvinlə nəvə Elvinə olan istəyini eyni tutan şəhid atası öz hisslərini belə bölüşür:

Oğlum Elbəyin övladına əmisi Elvinin adını verirəm ki, o, da əmisi kimi doğulduğu torpağın, Qazaxın, Yuxarı Salahlıların adını elə əmisi kimi daim yüksəkdə tutsun. Gələcəkdə o, da əmisi kimi öz nümunəvi davranışı ilə Vətənə, xalqına bağlı olan vətənpərvər bir oğul kimi onun döyüş yolunu, qazandığı zəfəri davam etdirsin. Ən əsası da düşmən bilsin ki, Elvin Namazovun ata yurdunda onun adını layiqincə daşıyacaq qəhrəman oğullar yetişir.

Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən övladlarını yad etmək hər birimizin ən müqəddəs vəzifəsidir. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

 

Digər şəhidlərimiz kimi, Elvin Namazova olan sevgimiz, hörmət və ehtiramımız sonsuzdur. Nə qədər ki, bizlər varıq Elvinin əziz xatirəsi yad olunacaqdır. Bu gün şəhərin mərkəzində şəhidimizin xatirəsini əbədiləşdirən bulaq kompleksi tikilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunub. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı kitab yazılıb.

Şəhidlərimizə, onların ailə üzvlərinə olan dövlət qayğısı, göstərilən hörmət və ehtiram bir daha onu sübut edir ki, Vətən, xalq, bizlər üçün canlarından keçənlərin əziz xatirəsi hər zaman yad olunub və bu, bundan sonra da belə olacaqdır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu növbəti qələbə zəfərini çalacaq və bütün şəhidlərimizin qisası alınacaq, ruhları rahatlıq tapacaq. O gün isə elə də uzaqda deyil.

Teybə HÜSEYNOVA,

Qazax RİHB aparatında İctimai-siyasi və humanitar

məsələlər şöbəsinin baş məsləhətçisi



Facebook-da paylaş