Vətən nə deməkdir? Vətən bizləri bir məqsəd və amal uğrunda birləşdirən
dəyərli bir məhfumdur. Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır.
Torpağı Vətən edən millətin onda yaşatdığı tarix, onunla qurduğu mədəniyyət
əlaqələridir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin
bir parçasıdır. Vətən atalarımızın qəbiristanlığı, övladlarımızın dünyaya
gəldiyi yerdir. Vətən doğulub böyüdüyümüz, üzərində
yaşadığımız, lazım gələndə isə uğrunda canımızı verəcəyimiz torpaq bütünüdür.
Diqqət edək: "uğrunda canımızı verəcəyimiz”. Yəni bir torpaq parçası üçün can fəda
edilirsə, o torpaq Vətəndir. O torpaq ki, su ilə qarışanda palçıq, qanla
yoğrulanda Vətən olur. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin
daşını, havasını, suyunu sevmək deməkdir. Vətənə bağlılıq onu sevmək, qorumaq
və inkişaf etdirməkdir. Çünki nə Vətənsiz bir millət, nə də millətsiz bir Vətən
ola bilər. Bu isə o deməkdir ki, Vətən təkcə üzərində gəzdiyimiz torpaq deyil,
Vətən bizim hər şeyimizdir. Vətəni qorumaq dövlət və milləti qorumaq, Vətəni
sevmək dövlət və milləti sevməkdir. Vətəni sevmək isə onu düşmənə verməməkdən,
hər an onun müdafiəsinə hazır olmaq və lazım olduğu zaman onun üçün canını vermək
kimi müqəddəs bir vəzifədən başlayır.
"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”, - deyib əcdadlarımız,
atalarımız, babalarımız, xalqımızın igid, mərd ərənləri. Bu uğurda canından
keçmək isə Vətən sevgisinə sahiblikdən doğur. Bəs Vətən sevgisi nədir? Vətən sevgisi elə bir
sevgidir ki, məhz Vətənin bütövlüyü naminə neçə-neçə igid, mərd, qəhrəman Azərbaycan
oğullarını candan keçərək şəhidlik adlı uca zirvəyə yüksəlməyə səsləyir. İgid
oğulları ən uca sevgi olan Vətən sevgisi bir amal
uğrunda birləşdirir. Üzərində həyat sürdüyümüz bu torpaq üçün lazım gələndə həyatını,
sahib olduğun hər şeyi Vətən yolunda düşünmədən fəda edə bilmək duyğusuna kökləyir.
Bu, elə bir sevgidir ki, hər kəsə daim xatırladır ki, biz Vətən uğrunda
qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin övladlarıyıq.
Bu millət, bu xalq hər zaman öz qəhrəman oğulları sayəsində, onların
göstərdikləri şücaət nəticəsində atıldığı bütün döyüşlərdən alnıaçıq, üzüağ
çıxıb. Hər zaman qələbə zəfərini çalıb. Ordusunun gücü, qüdrəti ilə düşmənə məğlubiyyət
hissini dəfələrlə yaşadıb.
Bəli, zaman-zaman Azərbaycanın güclü ordusu hərb tarixinə xalqının
unuda bilməyəcəyi zəfərlər yazdırıb. Məhz 2016-cı ilin apreli də ordumuzun qüdrəti
sayəsində hərb tariximizə qızıl hərflərlə yazılan səhifələrdən biridir. Aprel
döyüşləri tariximizin şanlı və şərəfli səhifəsidir. O şanlı səhifə ki, ordumuzun
zabit və əsgərləri həmin döyüşlərdə böyük hünər və rəşadət göstərdilər. Qəhrəmanlıqları
ilə tarix yazdılar. Aprel döyüşləri kimi tarixləşən bu döyüşlər Azərbaycan
Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı
yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı,
Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində
bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Döyüşlər zamanı əsgər və zabitlərimiz yaralansalar da,
səngərdən çıxmadılar. Sonadək cəsarətlə, igidliklə vuruşdular. Şücaətləri ilə
düşmənə bir daha göz dağı verdilər ki, Azərbaycan xalqı qəhrəman xalqdır.
Aprel döyüşləri
zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov
Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd
oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə
- şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha nümayiş
etdirdilər.
Aprel zəfəri adlı şanlı tariximizin yazılmasında öz silahdaşları,
döyüş yoldaşları ilə çiyin-çiyinə verib qələbə uğrunda döyüşə atılan, şəhidlik
zirvəsini igidliyi ilə qazanan Vətən oğullarından
biri də baş leytenant Namazov Elvin Məmməd oğludur. O, 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub boya-başa çatsa da, indi
onu bütün Azərbaycan tanıyır. O, etdikləri ilə, göstərdikləri şücaətlə bütün qəlblərdə
məskən salıb. Cavan yaşında elə bir zirvəyə yüksəlib ki, onu nə biz, nə də
zaman unudacaq. Elvində Vətənə sevgi, doğma yurda bağlılıq
uşaq yaşlarından formalaşmışdı. Özünü dərk etməyə başladığı andan
vətənpərvərlik hissi onda baş qaldırmışdı. Hərbçi olmaq, Vətənin keşiyində
müsəlləh əsgər kimi dayanmaq uşaqlıqdan Elvinin arzusu idi. Məhz bu istəklə
2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini
bitirən Elvin arzusunun arxasınca gedir. O, 2008-ci ildə Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur, 2012-ci ildə həmin ali məktəbi
leytenant hərbi rütbəsində bitirir. Vətənə sevgisi, yaxşı hərbçi və kəşfiyyatçı
olmaq istəyi Elvini bir an belə tək buraxmır. 2013-cü ildə Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzində bir illik kursda olur. 2014-cü ildən Müdafiə
Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində
kəşfiyyat komandiri vəzifəsinə təyin olunur. 2016-cı ildə baş leytenant hərbi
rütbəsini alan Elvin qarşıda onu Vətənin harayına səsləyən bir döyüşün olduğunu
bilir və öndə gedənlərdən də birincisi məhz Elvin özü olur. Və nəhayət Vətənə olan
borcunu qaytaran Elvin 3 aprel 2016-cı il tarixdə Tərtər
istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması
zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olur. Vətənə sadiqliyin
ən uca zirvəsini – şəhidlik zirvəsini fəth edən el oğlunu Azərbaycan xalqı,
eləcə də qazaxlılar tək qoymur, şəhidimiz 9 apreldə doğulduğu Yuxarı Salahlı
kənd qəbiristanlığında böyük izdihamla dəfn olunur. Elvin Namazovun göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən də
yüksək qiymətləndirilir. O, ölümündən sonra
göstərdiyi qəhrəmanlığa görə ölkəPrezidenti İlham Əliyevin 19 aprel 2016-cı il
tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə
təltif olunur.
4 il öncə şəhidimizin anası Aişə Namazovanın söylədiyi fikirləri xatırlayarkən qəhər qarışıq
qürur hissini bir daha keçirirsən.
- Tez-tez evimizə təşəkkür məktubları gəlirdi. Oxuyub sevinirdik. Özündən
soruşanda isə bircə kəlmə ilə deyirdi ki, "Hələ bu nədir ki, vaxt gələcək mənimlə
fəxr edəcəksən, Ana…”
Bəli, bu gün şəhidimiz Elvin Namazovun uca bir məqama - şəhidlik zirvəsinə
ucaldığı gündən 4 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Onun
əziz xatirəsi hər zaman yad edilir. Çünki Elvin təkcə ata və anasının deyil,
eyni zamanda bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur. Onun özünün də
söylədiyi kimi başda ölkə rəhbəri olmaqla bütün Azərbaycan xalqı onunla fəxr
edir.
4 il öncə Aişə ana deyirdi
ki, kaş ki, Elvinimdən bir yadigar övlad qalardı.
Ömrümü ona bağlayıb yaşayardım. Bu gün bəlkə də Elvindən bir yadigar qalmadı,
lakin onun adını yaşadan qardaşı Elbəy Namazovun oğul payına şəhidimiz Elvinin adının
verilməsi düşmənə bir mesajdır. O mesaj ki, düşmən bir daha anlasın ki, onlar
bizlərdən Elvin kimi oğulları alsa da, neçə belə Elvinlər yetişir. Balaca
körpəyə əmisinin adının verilməsi bir daha sübut edir ki, Namazovlar ailəsi
Elvinin adı verilən bu uşaqla təkcə təsəlli tapmırlar, eyni zamanda bu ocaqda,
bu yurdda igid, vətənpərvər oğulların böyüdüyünü, gələcək nəsillərin yetişdiyini
nümayiş etdirirlər. Körpəyə Elvin adının verilməsi həm də onun gələcəkdə əmisinin
şərəflə keçdiyi döyüş yolunu, qəhrəmanlığını davam etdirmək kimi bir arzunu
istəməkdir.
Şəhidin atası Məmməd Namazov da bu gün oğlunun qoxusunu
nəvəsindən alır. Oğlunun yarım qalan arzularının nəvəsində tamamlanacağına
inanır. O, oğul itkisi ilə nəvə sevincini bu gün qürur hissi ilə yaşayır. Oğul
Elvinlə nəvə Elvinə olan istəyini eyni tutan şəhid atası öz hisslərini belə
bölüşür:
- Oğlum Elbəyin övladına əmisi Elvinin adını verirəm ki, o, da
əmisi kimi doğulduğu torpağın, Qazaxın, Yuxarı Salahlıların adını elə əmisi
kimi daim yüksəkdə tutsun. Gələcəkdə o, da əmisi kimi öz nümunəvi davranışı ilə Vətənə, xalqına bağlı olan vətənpərvər bir
oğul kimi onun döyüş yolunu, qazandığı zəfəri davam etdirsin. Ən əsası da düşmən
bilsin ki, Elvin Namazovun ata yurdunda onun adını layiqincə daşıyacaq qəhrəman
oğullar yetişir.
Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə
sinə gərən qeyrətli Vətən övladlarını yad etmək hər birimizin ən müqəddəs vəzifəsidir. Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın
xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə
olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı
ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin
uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin,
parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə
təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli
əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani
sübutudur.
Digər şəhidlərimiz kimi, Elvin Namazova olan sevgimiz, hörmət və
ehtiramımız sonsuzdur. Nə qədər ki, bizlər varıq Elvinin əziz xatirəsi yad
olunacaqdır. Bu gün şəhərin mərkəzində şəhidimizin xatirəsini əbədiləşdirən bulaq
kompleksi tikilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək
Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin
təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi
çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant
Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə
həsr olunub. Tanınmış şairə, publisist Fəridə Ləman
tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı
kitab yazılıb.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan dövlət qayğısı, göstərilən
hörmət və ehtiram bir daha onu sübut edir ki, Vətən, xalq, bizlər üçün
canlarından keçənlərin əziz xatirəsi hər zaman yad olunub və bu, bundan sonra
da belə olacaqdır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında qüdrətli Azərbaycan Ordusu növbəti qələbə zəfərini çalacaq və bütün
şəhidlərimizin qisası alınacaq, ruhları rahatlıq tapacaq. O gün isə elə də
uzaqda deyil.
Teybə HÜSEYNOVA,
Qazax RİHB
aparatında İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin
baş məsləhətçisi
Geri qayıt
|