• Təqvim

  • Maraq



Qazaxda igid Vətən oğlu şəhid kiçik çavuş Alıxan Qaragözovun ildönümü qeyd olunub


Yanvarın 28-i Kəlbəcər rayonunda xidməti vəzifəsini icra edərkən həlak olmuş, Şəhidlik zirvəsinə yüksəlmiş "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ) kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlunun ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 2 il ötür.

Qəhrəman şəhidimizin ildönümünü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. Bu gün Şəhidlik zirvəsinə ucalmış igid Vətən oğlunun ata ocağında ikinci ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, şəhid ailələri, müharibə əlilləri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, rayon rəhbərliyinin adından səmimi ürək sözlərini çatdırıb. Alıxan Qaragözov kimi oğullarımızla hər birimizin fəxr etdiyini, qürur duyduğunu bildirib. 44 günlük Vətən müharibəsindən söz açan müavin G.Hsnova illər ötsə belə Azərbaycan xalqının tarixi Qələbənin müəllifi olan Ali Baş Komandanı, hərbçilərimizi, şəhidlərimizi, qazilərimizi heç zaman unutmayacağını qeyd edib. Nə qədər xalqımız, dövlətimiz var, Vətən uğrunda canından keçən, bizlərə əziz olan şəhidlərimizin daim xatırlanacağını, fəxrlə, qürurla yad olunacağını söyləyib. Canlarını torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Alıxan Qaragözovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən müavin həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.  


Şəhid anası Mahirə Qaragözova oğlu Alıxanın timsalında bütün şəhidlərimizlə hər zaman fəxr edib, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun şəhid olduğu ilk gündən xatirəsinin daim yad olunmasını Alıxanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi göstərib. 


Kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu 


Şəhid kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu 25 fevral 1989-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1996-cı ildə Şamoy Çobanov adına Qazax rayon Ağköynək kənd tam orta  məktəbin 1-ci sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Məktəb illərində idmana daha çox maraq göstərir, karate ilə məşqul olur, yarışlarda iştirak edirdi. Hətta bir neçə dəfə çempion olub medallar da almışdı. Məktəbi bitirdikdən sonra 03.07.2007-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini “212” saylı hərbi hissədə davam etdirmişdir. 01.01.2009-cu ildə ordudan tərxis olunmuşdur. Həmin ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kiçik çavuş kimi xidmət etməyə başlamışdır. Hərbi sahəni özü seçdiyi üçün Alıxan Qaragözov xidmətini yüksək səviyyədə həyata keçirir, vicdanla qulluq edirdi. Bunun nəticəsi idi ki, Alıxan Qaragözov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley  "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur.

Yanvarın 21-də Alıxan Qaragözovun tabe olduğu bölüyü (2021-ci il) Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə gətirdilər. Burada onlar əraziləri minalardan təmizləməyə başladılar. "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Alıxan Qaragözov üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, azad edilmiş əraziləri minalardan təmizlədikcə rahat nəfəs alırdı. Çünki təmizləmə əməliyyatı bu torpaqlarda həyata keçiriləcək tikinti-quruculuq işlərinin başlanması demək idi. Alıxan Qaragözov yanvarın 28-də döyüş təminatı ilə bağlı xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş, Şəhidlik zirvəsinə yüksəlmişdir. 29.01.2021-ci il tarixdə doğulduğu Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Bir qız övladı yadigar qalıb. 

Şəhidin doğulub boya-başa çatdığı kənddə yaşadığı küçənin girişində adını əbədiləşdirən bulaq inşa olunmuşdur.    

 

GOYEZEN.AZ



Facebook-da paylaş