Bu gün yaşasaydı igid Vətən oğlunun 33 yaşı tamam olacaqdı...
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Bu
gün Kəlbəcər rayonunda xidməti vəzifəsini icra edərkən həlak olmuş,
Şəhidlik zirvəsinə yüksəlmiş "N" saylı hərbi hissənin
mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci
mühəndis-istehkam manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçu (MAHHXHQ) kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlunun cənnətdəki
növbəti doğum günüdür. Yaşasaydı igid
Vətən oğlunun bu gün 33 yaşı tamam olacaqdı... GOYEZEN.AZ saytı olaraq biz də öz ənənəmizə sadiq
qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini
ehtiramla yad edirik. Bütün şəhidlərimiz kimi, Alıxan Qaragözov
da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Alıxan kimi
oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi
igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq.
Bugünkü və gələcək nəsillər hər zaman onlardan örnək götürəcək. Məkanın cənnət,
ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu Şəhid kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlu 25
fevral 1989-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1996-cı
ildə Şamoy Çobanov adına Qazax rayon Ağköynək kənd tam orta məktəbin 1-ci
sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini
bitirmişdir. Məktəb illərində idmana daha çox maraq göstərir, karate ilə
məşqul olur, yarışlarda iştirak edirdi. Hətta bir neçə dəfə çempion olub
medallar da almışdı. Məktəbi bitirdikdən sonra 03.07.2007-ci
ildəAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi
hərbi xidmətə çağrılmış, hərbi xidmətini "212” saylı hərbi hissədə
davam etdirmişdir. 01.01.2009-cu ildə ordudan təxris olunmuşdur. Həmin ildən Azərbaycan
Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kiçik çavuş kimi xidmət etməyə
başlamışdır. Hərbi sahəni özü seçdiyi üçün Alıxan Qaragözov
xidmətini yüksək səviyyədə həyata keçirir, vicdanla qulluq edirdi. Bunun
nəticəsi idi ki, Alıxan Qaragözov "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley və "Qüsursuz
xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Yanvarın
21-də Alıxan Qaragözovun tabe olduğu bölüyü (2021-ci il) Kəlbəcər rayonunun
Zülfüqarlı kəndinə gətirdilər. Burada onlar əraziləri minalardan təmizləməyə
başladılar. "N" saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci
mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasının komandiri,
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Alıxan Qaragözov
üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, azad edilmiş əraziləri
minalardan təmizlədikcə rahat nəfəs alırdı. Çünki təmizləmə əməliyyatı bu
torpaqlarda həyata keçiriləcək tikinti-quruculuq işlərinin başlanması demək
idi. Alıxan Qaragözov yanvarın 28-də döyüş təminatı ilə bağlı xidməti
vəzifəsini yerinə yetirərkən həlak olmuş, Şəhidlik zirvəsinə
yüksəlmişdir. 29.01.2021-ci il tarixdə doğulduğu Ağköynək kənd
qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Bir qız övladı yadigar
qalıb. Şəhidimizin doğulub boya-başa çatdığı Ağköynək kəndində
vaxtilə yaşadığı küçənin girişində adını əbədiləşdirən bulaq inşa olunub.
Facebook-da paylaş