• Təqvim

  • Unutma

  • Maraq



Bu gün Vətən uğrunda canından keçən Qazaxın igid oğlu Fidat Məmmədovun şəhadətə ucaldığı gündür

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. Qəhrəman oğullarımız öz qanları, canları bahasına sübut ediblər ki, Vətənimizi göz bəbəyi kimi qorumalı, hər qarışı üçün gözümüzü qırpmadan ölümə hazır olmalıyıq. Eyni zamanda doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğullarımızı yad etmək hər bir azərbaycanlının, ürəyi Vətən eşqi ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gələcək nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işidir. Şəhidlərimizin keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq. 

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Torpaq uğrunda ölümü gözə alaraq döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib.  7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...  

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın göstəricisidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.


Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytı olaraq ənənəmizə sadiq qalıb bu gün anım günü olan şəhidimiz Məmmədov Fidat Əhməd oğlunun əziz xatirəsini dərin ehtiramla yad edirik. Fidat Məmmədov da torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmağı özünün həyat amalı bilmişdi. Ürəyində Vətənə olan sevgisi və düşmənə bəslədiyi nifrət hissi hər an onu öz amalının arxasınca getməyə səsləyirdi. “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”, - deyib döyüşə atılan Fidat Məmmədov bu gün uca zirvəyə yüksəlməklə gələcək nəsillərə də bir örnək qoyub. Fidat Məmmədov yolunu keçənlər, ondan nümunə götürən oğullar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarix yazdılar. Bu gün Fidat Məmmədovun doğum gününü onsuz qeyd etsək də ruhu şaddır. Çünki arzusunda olduğu torpaqlar azaddır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!  Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik!

Şəhid Fidat Məmmədov 5 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətinin son aylarında Əfqanıstanda gedən döyüşlərdə iştirak etmişdir. Göstərdiyi igidlik müvafiq medallarla qiymətləndirilmişdir.

1980-1981-ci illərdə Bakıda 6 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Daş Salahlı kəndindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur. Ailəliydi, 1 qız, 2 oğul övladı yadigar qalıb. 

Vətən uğrunda canından keçən şəhidimizin göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən də qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.

Bu gün doğulduğu Daş Salahlı kəndində mərkəzi küçə şəhid Fidat Məmmədovun adını daşıyır və küçənin mərkəzində barelyefi vurulub.



Facebook-da paylaş