• Təqvim

  • Maraq



Bu gün Vətən uğrunda canından keçən Qazaxın igid oğlu Fidat Məmmədovun şəhadətə ucaldığı gündür

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Zaman-zaman igid oğullarımız öz qanları, canları bahasına sübut ediblər ki, Vətənimizi göz bəbəyi kimi qorumalı, hər qarışı üçün gözümüzü qırpmadan ölümə hazır olmalıyıq. Eyni zamanda doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğullarımızı yad etmək hər bir azərbaycanlının, ürəyi Vətən eşqi ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gələcək nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işidir. Şəhidlərimizin keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Torpaq uğrunda ölümü gözə alaraq döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...  

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılan Abidə Kompleksi şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytı olaraq ənənəmizə sadiq qalıb "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyimini özünün həyat amalı bilən və bu amal uğrunda canından keçən qəhrəman şəhidimiz Məmmədov Fidat Əhməd oğlunun əziz xatirəsini dərin ehtiramla yad edirik. 

Şəhid Fidat Məmmədov 5 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətinin son aylarında Əfqanıstanda gedən döyüşlərdə iştirak etmişdir. Göstərdiyi igidlik müvafiq medallarla qiymətləndirilmişdir.

1980-1981-ci illərdə Bakıda 6 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəliydi, 1 qız, 2 oğul yadigar qalıb.

Vətən uğrunda canından keçən şəhidimizin göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən də qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.


Bu gün doğulduğu Daş Salahlı kəndində mərkəzi küçə şəhid Fidat Məmmədovun adını daşıyır və küçənin mərkəzində barelyefi vurulub.

Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik!





Facebook-da paylaş