• Təqvim

  • Maraq



Şəhidlər bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimizdir

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Zaman keçir, dövr dəyişir, illər bir-birini əvəz edir və ən nəhayət insanları yeniləri əvəzləyir. Bu müddət ərzində dəyişməyən, yaddaşlara və qəlblərə əbədi həkk olunan hadisələr də baş verir. Həmin hadisələrin əksər qəhrəmanları şəhidlərdir. Vətən uğrunda istəkli olaraq öz canını fəda edən şəhidlər... Şəhidlər döyüşərək bu zirvəni fəth edirlər. Şəhidlik zirvəsinə yüksəlməyə hər kəs nail olmur. Yalnız müqəddəs amal, məqsəd uğrunda irəliləyənlər həmin zirvəyə sahib olurlar. Qəlblərindəki iman, Vətən və millət sevgisi onları bu mərtəbə üçün mübarizəyə ruhlandırır. Hər bir xalqın tarixini yazan şəhidləri olub. Həmçinin bir millətin azadlığı şəhidlərin şücaətinin nəticəsidir. Odur ki, şəhidlər bizim qürur mənbəyimiz, vüqarımız, fəxrimizdir. Onlara ehtiramla yanaşmaq isə hər birimizin borcudur. Öz qanları ilə Qəhrəmanlıq dastanı yazan, Vətəni özününkü olduğu üçün sevməyi, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmağı öyrədən igid oğullarımızı gələcək nəsillərə tanıtmaq hər birimizin ən ümdə vəzifəsi olmalıdır.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 342 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. 

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan Vətən müharibəsi şəhidləri - əsgər Anar  Vəliyevin, çavuş Elməddin Pənahovun, gizir İlkin Şürovun, çavuş Pərvin İsgəndərovun, əsgər Taleh Abdullayevin, baş gizir Teymur Hacıyevin, əsgər Oruc Qasımovun, kiçik gizir Elcan Namazovun, Birinci Qarabağ müharibəsi şəhidləri - Ramin Əliquluyevin, Elman Əliyevin, Zülfüqar Vəkilovun, Adil Məmmədovun, Saleh Həsənovun, Kamal Kərimovun, Fərman Əliyevin, Vahid Osmanovun əziz xatirəsini ehtiramla yad edirik.

Əsgər Vəliyev Anar Həmzə oğlu


Şəhid Anar Vəliyev 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 2008-ci ildə Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 

Anar Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən başlamış, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərmişdir. Hərbi əməliyyatlar zamanı yaşına uyğun olmayan mərdliklə döyüşür, düşmənə aman vermirdi. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olub. 

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin operatoru əsgər Anar Vəliyev 11.10.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən minaatan silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan Anar Vəliyev 11.10.2020-ci ildə doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Anar Vəliyev cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Laçının azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Çavuş Pənahov Elməddin Məqsəd oğlu


Şəhid Elməddin Pənahov 7 sentyabr 1983-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1991-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1999-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 2001-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2003-cü ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ilin mart ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Nümunəvi xidmətinə görə hərbi hissə rəhbərliyinin diqqətini cəlb etmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuş, fəxri fərmanlar almışdır.

“N” saylı hərbi hissənin tuşlayıcısı MAHHXHQ çavuş Elməddin Pənahov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn olunmuşdur. Ailəliydi. İlkin və Ömər adlı 2 azyaşlı övladı yadigar qalıb. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Elməddin Pənahovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid çavuş Elməddin Pənahov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 5 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 

Gizir Şükürov İlkin Aslan oğlu


Şəhid İlkin Şükürov 27 avqust 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 2001-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2016-cı ildə eksternant qaydada imtahan verərək həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2015-ci ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ilin aprel ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında gizir rütbəsində xidmət etmişdir. 25 yaşlı gizirimiz 14.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 

Azərbaycan xalqını 30 ildən sonra həsrətində olduğu torpaqlara qovuşduran, işğaldan azad edilən şəhərə, qəsəbəyə, kəndə üçrəngli bayrağımızı sancan igid Vətən oğullarının döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Ölkə başçısı hər bir əsgər və zabitimizi orden və medallarla təltif etdi. Gizir İlkin Şükürov da təltif olunanlar arasındadır. O, cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni  ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib. Qəhrəman şəhidimizin doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub. 

Çavuş İsgəndərov Pərvin Pərviz oğlu


Şəhid Pərvin İsgəndərov 25 iyun 1995-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2002-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ildə isə tərxis olunmuşdur. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. “N” saylı hərbi hissənin manqa komandiri MAHHXHQ çavuş Pərvin İsgəndərov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Çavuş Pərvin İsgəndərov 15.10.2020-ci ildə Ağstafa rayonunun Qarahəsənli kənd qəbiristanlığında atası şəhid İsgəndərov Pərviz Hacıməmməd oğlunun yanında dəfn edilmişdir. Ailəliydi. Şəhid babası Pərvizin adını daşıyan 1 azyaşlı oğlu yadigar qalıb. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi qəhrəmanlığa görə şəhid Pərvin İsgəndərov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Əsgər Abdullayev Taleh Temraz oğlu


Şəhid Taleh Abdullayev 8 fevral 1993-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1999-cu ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 11-i sinifini bitirmişdir. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2012-ci ildə hərbi xidməti başa vurmuşdur. 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. ”N” saylı hərbi hissənin heyət nəfəri-atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Taleh Abdullayev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Vətən uğrunda canından keçən şəhidimiz 15.10.2020-ci il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.  

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən naminə canlarından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz kimi Taleh Abdullayev də medal alanlar sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Baş gizir Hacıyev Teymur Zaur oğlu


Şəhid Hacıyev Teymur Zaur oğlu 28 yanvar 1991-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. Həmin il Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunu keçərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlamışdır. 2018-ci ildə isə baş gizir vəzifəsinə təyin edilmişdir. 

Teymur Hacıyev xidməti dövründə həmişə öz nizam-intizamı, verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etməsi ilə fərqlənmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Onun haqqında verilmiş xidməti xasiyyətnamədə oxuyuruq: "Baş gizir Teymur Hacıyev xidmət etdiyi müddət ərzində özünü intizamlı, savadlı, bacarıqlı və işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. Hərbi qanun və nizamnamələri bilir, xidməti vəzifə borclarına məsuliyyətlə yanaşır". 

Bu yüksək dərəcəli xidmətin nəticəsidir ki, Teymur Hacıyev Müdafiə Nazirliyi tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalı almışdır.

“N” saylı hərbi hissənin baş giziri Teymur Hacıyev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid baş gizir Teymur Hacıyev 16.10.2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Hüseyn və Zaur adlı iki azyaşlı oğlu yadigar qalıb.  

Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Teymur Hacıyevin də şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Teymur Hacıyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Əsgər Qasımov Oruc Afiq oğlu


Şəhid Oruc Qasımov 2003-cü ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ilin oktyabr ayından 2016-cı ilin aprel ayınadək Cəlilabad rayonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. 2017–ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin heyət nəfəri MAHHXHQ əsgər Oruc Qasımov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Oruc Qasımov 16.10.2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Oruc Qasımovun da igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Oruc Qasımov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Kiçik gizir Namazov Elcan Hidayət oğlu


Şəhid Elcan Namazov 1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini  bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 

23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bütün şəhidlərimiz kimi, igid Vətən oğlu Elcan Namazovun da adı əbədiləşdirilib. Qəhrəman şəhidimizin doğulduğu Dəmirçilər kəndində adını əbədiləşdirən bulaq inşa olunaraq 14.10.2021-ci il tarixdə açılışı olub.  

Əliquluyev Ramin Eldar oğlu


Əliquluyev Ramin Eldar oğlu 10 oktyabr 1977-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1995-ci ildə hərbi xidmətə getmişdir. Qarabağ zonasında xidmət edib. 22 yanvar 1998-ci ildə  düşmən gülləsindən şəhid olmuşdur. Subay idi. 

Əliyev Elman Əli oğlu


Əliyev Elman Əli oğlu 10 oktyabr 1959-cu ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1966-cı ildə Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1975-76-cı illərdə Kosalar kənd tam orta məktəbin 10-cu sinifini bitirib. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 13 yanvar 1994-cü ildə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir. İki övladı var.                  

Vəkilov Zülfüqar Tahir oğlu


Vəkilov Zülfüqar Tahir oğlu 11 avqust 1975-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1982-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1992-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ilin oktyabrından Azərbaycan Ordusu sıralarına hərbi xidmətə çağırılmış, müxtəlif döyüşlərdə iştirak etmişdir. 12 oktyabr 1995-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində hərbi əməliyyat zamanı minaya düşərək şəhid olmuşdur.

Məmmədov Adil Əhməd oğlu


Məmmədov Adil Əhməd oğlu 13 oktyabr 1975-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1982-ci ildə (Əli Bayramlı kənd) hazırki Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1992-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 9 fevral 1994-cü ildə Füzuli rayonunda döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. 

Həsənov Saleh Hüseyn oğlu


Həsənov Saleh Hüseyn oğlu 14 oktyabr 1957-ci ildə Ermənistan Respublikasının İcevan rayonunun Ağkilsə kəndində anadan olmuşdur. 23 aprel 1992-ci ildə Qazax rayonunun Ağköynək kəndində “Nohur” meşəsi deyilən ərazidə odun qırarkən minaya düşmüşdür. Evli idi. 1 övladı var. Mərhum Qarapapaq kənd qəbiristanlığında dəfn edilmişdir.

Kərimov Kamal Əşrəf oğlu


Kərimov Kamal Əşrəf oğlu 22 noyabr 1961-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1969-cu ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 14 oktyabr 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Ailəli idi. İki övladı var.

Əliyev Fərman İbrahim oğlu


Əliyev Fərman İbrahim oğlu 16 oktyabr 1969-cu ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı kənd (hazırki Aslanbəyli) kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1986-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 19 aprel 1993-cü ildə Vəlixan meşəsində döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. 

Osmanov Vahid David oğlu


Osmanov Vahid David oğlu 16 oktyabr 1965-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1983-1984-cü illərdə 156 saylı texniki peşə məktəbində təhsil almışdır. 1995-ci ilin mart ayının 5-də xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Ailəli idi. İki övladı var. 



Facebook-da paylaş