• Təqvim

  • Maraq



Ən müqəddəs sözdü Vətən

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Torpaq, Vətən də daxil olmaqla ən müqəddəs dəyərlərimizə sahib çıxmaq millət kimi bizə ulu babalardan miras qalan xüsusiyyətdir. Heç kəsin torpağına göz dikməyən,  təcavüzkarlığı özünə rəva görməyən Azərbaycan  xalqı həmişə  sülhsevər olub. Xalqımız yalnız öz doğma yurdunu,  torpağını qoruyub, lazım gələndə canını belə bu yolda qurban verməkdən heç vaxt çəkinməyib. Torpaq, Vətən, yurd sevgisi, elə-obaya bağlılıq hissi minlərlə qəhrəman oğul və qızları bu xalqı düşmənə baş əyməyə qoymayıb. Qalib çıxdığımız bütün döyüşlər həmişə sübut edib  ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur.   

“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə bu müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcudur. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Vətənini sevən hər bir insan da bu torpaq uğrunda canından keçmiş şəhidlərini, Milli Qəhrəmanlarını unutmamalı, onların əziz xatirəsini daim yad etməlidir. 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmağı, onları gəncliyə nümunə göstərməyi həyat amalımız bilməliyik.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Seymur Əliyevin, Tavad Mustafayevin, Qaratel Hacımahmudovanın, baş çavuş Yavər Mirzəyevin, baş leytenant Faiq Əhmədovun, gizir Eyvaz Nağıyevin, Milli Qəhrəman Şamoy Çobanovun, baş çavuş Alı Alıyevin, Tahir Fərzəliyevin, gizir Vüqar Bənnayevin əziz xatirəsini ehtiramla yad edirik.

Əliyev Seymur Rövşən oğlu


Əliyev Seymur Rövşən oğlu 22 dekabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2005-2006-cı illərdə şəhid Namiq Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmişdir. 15 avqust 2007-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdur. Subay idi. 

Mustafayev Tavad Calal oğlu


Mustafayev Tavad Calal oğlu 1957-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə Kəmərli kənd tam orta məktəbində təhsil almışdır. 1975-1977-ci illərdə SSRİ-də hərbi xidmətdə olmuşdur. 1982-ci ildə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra kənddə yaşayaraq sovxoz direktorunun sürücüsü işləmişdir. 15 avqust 2004-cü ildə rayonun Daş Salahlı kəndində posta qalxarkən minaya düşərək şəhid olmuşdur.      

Hacımahmudova Qaratel Şəmi qızı


Hacımahmudova Qaratel Şəmsi qızı 16 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1965-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Bakı şəhərində Ticarət Texnikomunu, Xalq Təsərrüfatı İnsitutunu qurtarmışdır. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 14 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Şəhər ümumi orta məktəb qəhrəman şəhidin adını daşıyır. Rayon rəhbərliyi tərəfindən şəhərin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilib.                                                        

Baş çavuş Mirzəyev Yavər Abbas oğlu


Mirzəyev Yavər Abbas oğlu 20 avqust 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1992-ci ildə məktəbi bitirərək ordu sıralarına çağrılmışdır. Mirzəyev Yavər Abbas oğlu 16 avqust 1993-cü ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Quşçu Ayrım kənd tam orta məktəbi və kənd ərazisindəki bulaq şəhidin adını daşıyır. Subay idi.  

Baş leytenant Əhmədov Faiq Nazim oğlu


Əhmədov Faiq Nazim oğlu 28 oktyabr 1969–cu ildə Qazax rayonunun Xanlıqlar kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. 1975-ci ildə Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1985-1989-cu illərdə M.Qorki adına SSRİ Ali Hərbi Məktəbini bitirmişdir. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində zabit kimi fəaliyyətə başlamışdır. 17 avqust 1993-cü ildə Qazax rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur. Evlidir. 2 qız övladı var. Ailəsi dövlət tərəfindən evlə təmin olunmuşdur.

Gizir Nağıyev Eyvaz Alı oğlu


Nağıyev Eyvaz Alı oğlu 3 sentyabr 1960-cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində anadan olmuşdur. 1968-ci ildə yaşadığı kənddə 1-ci sinifə daxil olmuş, 1978-ci ildə həmin orta məktəbi bitirmişdir. 1979-1981-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gəlmişdir. 1991-ci ildə könüllü olaraq Milli Orduda gizir kimi xidmət etməyə başlamışdır. 18 avqust 1993-cü ildə döyüş zamanı şəhid olmuşdur. Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində dəfn olunmuşdur. Ailəlidir. Bir oğlu, bir qızı var. Hazırda həyat yoldaşı və uşaqları Bakı şəhərində yaşayırlar. 

Milli Qəhrəman Çobanov Şamoy Məhyəddin oğlu


Çobanov Şamoy Məhyəddin oğlu 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1972-ci ildə S.Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra bir il avtobazada çilingər kimi çalışmışdır. 1983-85-ci illərdə keçmiş sovetlər birliyinin Leninqrad şəhərində hərbi xidmətdə olmuşdur. Xidməti başa vurduqdan sonra Vətənə dönmüş və yenidən çilingər kimi çalışmışdır. 1988-ci ildə Qazax rayonunun polis şöbəsində polis nəfəri kimi işə qəbul edilmişdir. Bağanıs Ayrım, Aşağı Əskipara, Barxudarlı kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. 1990-cı il avqust ayının 19-da Yuxarı Əskipara kəndinə işləyən sərnişin avtobusu Şamoy Çobanov və başqa polis nəfəri tərəfindən mühafizə olunmuşdur. “Səməd Ağa vurulan dərə” deyilən ərazidə mənfur ermənilər avtobusu atəşə tutmuşdular. Atışma başlamış və Şamoy Çobanov avtobusun qapısını açaraq ermənilərin üstünə getmişdir və bir müddət atışandan sonra qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 okyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə respublikamızın suverenliyi və dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi şəxsi igidliyinə və şücaətinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülmüşdür. 

Hazırda Ağköynək kənd tam orta məktəbi onun adını daşıyır və məktəbdə onun büstü qoyulmuşdur. Eyni zamanda şəhərin mərkəzində və doğulduğu Ağköynək kəndində xatirəsinə tikilmiş bulaq var. 

2013-cü ildə onunla yanaşı digər iki Milli Qəhrəman - Mərfət Nəsibov və Rafiq Alıcanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir.
 2015-ci ildə üç igidin - Şamoy Çobanov, Mərfət Nəsibov və Rafiq Alıcanov haqqında “İZ Production” studiyası tərəfindən çəkilmiş “Ölümə qənşər” adlı sənədli-bədii filmdə onların döyüş yolundan söz açılmış, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilmişdir.

Baş çavuş Alıyev Alı Hümbət oğlu


Alıyev Alı Hümbət oğlu 20 avqust 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1976-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1977-ci ildən 1979-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. Orta təhsillidir. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 26 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.

Fərzəliyev Tahir Dursun oğlu


Fərzəliyev Tahir Dursun oğlu 20 avqust 1972–ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1979-cu ildə Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağrılmışdır. 6 mart 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Gizir Bənnayev Vüqar Sabir oğlu


Bənnayev Vüqar Sabir oğlu 21 avqust 1979-cu ildə Qazax şəhərində anadan olmuşdur. 1986-cı ildə Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1996-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin gizirlik məktəbinə daxil olmuşdur. Həmin il kursu bitirdikdən sonra Tərtərdə hərbi xidmətdə olmuşdur. 7 noyabr 2002-ci ildə Tərtər istiqamətində torpaqlarımızın ərazi bütövlüyü uğrunda vəzifə borcunu yerinə yetirərkən düşmən tərəfindən atılan snayper gülləsi nəticəsində şəhid olmuşdur. 



Facebook-da paylaş