• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlər ölmürlər, onlar bizim qəlbimizdə əbədi yaşayırlar

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Şəhidlik! Ən müqəddəs və ən uca zirvə. Şəhidlik - ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə ötürülür.  

Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Vətənini sevən hər bir insan da bu torpaq uğrunda canından keçmiş şəhidlərini, Milli Qəhrəmanlarını unutmamalı, onların əziz xatirəsini daim yad etməlidir. 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmağı, onları gəncliyə nümunə göstərməyi həyat amalımız bilməliyik.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Xəyyam Yaqubovun, Adil Qocayevin, İbrahim İbrahimovun, Fərman Heydərovun, baş gizir İsə Almazovun əziz xatirəsini ehtiramla yad edirik.

Yaqubov Xəyyam Şəmistan oğlu


Yaqubov Xəyyam Şəmistan oğlu 27 iyul 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1980-ci ildə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildən 1990-cı ilə kimi Qazax 117 saylı peşə məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1991-ci ildə Qazax Hərbi Komissarlığından hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini “N” saylı Hərbi Hissənin 1-ci taborunda başlamışdır. 3 sentyabr 1994-cü ildə Bala Cəfərlidə gedən döyüşlərdə itkin düşmüşdür. Subay idi. 

Qocayev Adil Hüseynqulu oğlu


Qocayev Adil Hüseynqulu oğlu 29 iyul 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd 2 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1981-1983-cü illərdə Çaylı kənd 1 nömrəli orta məktəbin 10-11-ci sinifini bitirmişdir. Hərbi xidmətə gedənə qədər ailəsi ilə birlikdə kənddə üzümçülük briqadasında fəhlə işləmişdir. 2 il sovetlər birliyində hərbi xidmətdə olmuşdur. Qayıtdıqdan sonra yenə də təsərrüfatda işləmişdir. 1990-cı ildə könüllü olaraq Azərbaycan Ordusu sıralarına yazılmış, kənddə yaradılan batalyonun üzvü olmuşdur. 22 iyul 1993-cü ildə Fərəhli kəndi istiqamətində gedən döyüşlərdə minaya düşərək ağır yaralanmışdır. Yarası ağır olduğundan 24 iyulda vəfat etmişdir. Subay idi. Adını əbədiləşdirmək üçün kənddə yaşadığı məhləyə yaxın bir ədəd bulaq çəkilmişdir. 

İbrahimov İbrahim Hətəm oğlu


İbrahimov İbrahim Hətəm oğlu 6 iyun 1948-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1955-ci ildə Bala Cəfərli kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş və 4-cü sinifə kimi oxumuşdur. 5-ci sinifdən 8-ci sinifə kimi Cəfərli kənd tam orta məktəbində oxumuşdur. 1963-cü ildə Qazax şəhər 1 nömrəli tam orta məktəbin 9-cu sinifinə daxil olmuş, 1965-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1967-1969-cu illərdə SSRİ silahlı qüvvələrində Ukrayna Respublikasında xidmət etmişdir. Qazax rayon TTK-da sürücü işləmişdir. 29 iyul 2000-ci ildə Bala Cəfərli kəndində öz mal-qarasını otararkən ermənilər tərəfindən vurulmuşdur.

Heydərov Fərman Alı oğlu


Heydərov Fərman Alı oğlu 29 iyul 1967-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. 1975-ci ildə Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 22 may 1995-ci ildə rayonun Xanlıqlar kəndində “Kar Qaya” istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Məzarı Aşağı Salahlı kənd qəbiristanlığındadır. 

Baş gizir Almazov İsə Ziyad oğlu


Baş gizir İsə Almazov 20 iyun 1977-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə kursları nəzdində gizir hazırlanma kursunu bitirmişdir. 2001-2007-ci illərdə hərbi hissədə döyüş maşın komandiri – manqa komandiri vəzifəsində xidmət etmişdir. 2007-2014-cü illərdə hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət etmişdir.

13 yanvar 2001-ci ildə gizir, 29 iyun 2001-ci ildə isə baş gizir hərbi rütbələrini almışdır. Nümunəvi xidmətləri nəzərə alınaraq baş gizir İ.Almazov Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi (1918-2013)” yubiley medalları ilə təltif olunmuşdur.

Baş gizir Almazov İsə Ziyad oğlu 31 iyul 2014-cü il tarixində saat 19:45 radələrində düşmən bölmələrinin atəşkəsi pozması nəticəsində baş vermiş döyüşdə düşmənə layiqli cavab vermiş, geri çəkilməmiş, qəhrəmancasına vuruşaraq başından aldığı güllə yarasından şəhid olmuşdur.

Baş gizir İ.Almazov xidmət etdiyi dövrdə nümunəvi xidməti ilə həmişə fərqlənmiş, bir neçə dəfə komandanlıq tərəfindən mükafatlandırılmışdır. 

Baş gizir İ.Almazov bütün kollektivin hörmətini qazanmaqla yanaşı, digər hərbi qulluqçulara da bir nümunə idi. O, bunu şəhidliyi ilə sübut etdi və doğma torpağın müdafiəsində şəhid olaraq əbədiyyətə qovuşdu. Cəsur döyüşçü baş gizir Almazov İsə Ziyad oğlunun əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır. 

Baş gizir İ.Almazov Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. 



Facebook-da paylaş