• Təqvim

  • Maraq



Şəhidlər ölmürlər, zaman keçdikcə əfsanəyə çevrilirlər

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------


Şəhidlik! Ən müqəddəs və ən uca zirvə. Şəhidlik - ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə ötürülür. 

Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 280-dən artıq şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı ƏskiparaAşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.

Rayonumuzda Vətənin müstəqilliyi və ərazi bütövlüyü hər şeydən üstün tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün sevindirici haldır ki, rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar, nümayəndə heyətləri kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum və anım günü olan şəhidlərimizdən – Alı Eminovun, Vüqar Həsənovun, Dursun Allahverənovun, Çərkəz Həsənovun, Məhəmməd Qəhrəmanovun, İsmayıl Musayevin əziz xatirələrini yad edirik.

Eminov Alı Məhəmməd oğlu


Eminov Alı Məhəmməd oğlu 15 iyul 1970-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı  Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı (hazırkı Aslanbəyli) kənd orta məktəbin birinci sinfinə getmiş, 1986-cı ildə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 27 aprel 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndinin Ermənistan Respublikası ilə sərhədində minaya düşərək şəhid olmuşdur. Aslanbəyli  kənd qəbiristanlığında dəfn olunmuşdur.   

Həsənov Vüqar Eldar oğlu


Həsənov Vüqar Eldar oğlu 6 aprel 1984-cü ildə Qazax şəhərində anadan olmuşdur. 1991-ci ildə Qaratel Hacımahmudova adına ümumi orta məktəbə daxil olmuş, IX sinfi bitirdikdən sonra Xanlıqlar kəndində X-XI sinfi oxumuşdur. Eyni zamanda, Qazax şəhər Musiqi Məktəbini bitirmişdir. 2002-ci ilin aprel ayında hərbi xidmətə getmiş, həmin ilin iyul ayının 18-də Beyləqan rayonunda düşmənlə təmas xəttində torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Qazax şəhər Şəhidlər xiyabanına dəfn edilmişdir.

Allahverənov Dursun Vəli oglu


Allahverənov Dursun Vəli oglu 18 iyul 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 1965-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1967-ci ildən 1969-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə özü və oğlu Allahverənov İmran Dursun oğlu ilə birlikdə şəhid olmuşdur.                                   

Həsənov Çərkəz Muxtar oğlu


Şəhid Həsənov Çərkəz Muxtar oğlu 21 fevral 1966–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. 1973-cü ildə Xanlıqlar kənd tam orta məktəbinin I sinfinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin X sinfini bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qazax rayon Polis Şöbəsində polis nəfəri kimi iş fəaliyyətinə başlamışdır. 18 iyul 1992-ci ildə Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qərarı ilə ölmüş hesab edilmişdir. Evlidir. 2 övladı var. Ailəsi Gəncə şəhərində qeydiyyatdadır. Dövlət tərəfindən ailəsi evlə təmin olunmuşdur.

Qəhrəmanov Məhəmməd Maksim oğlu


Qəhrəmanov Məhəmməd Maksim oğlu 3 sentyabr 1966-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1972-ci ildə Kəmərli kənd tam orta məktəbinin I sinifinə daxil olmuşdur. 1982-ci ildə məktəbi bitirmiş, 1983-cü ildə SSRİ-nin  Xabarovski şəhərinə hərbi xidmətə yola salınmışdır. 1985-ci ildə hərbi xidmətdən təxris olunmuşdur.  Hərbidən gəldikdən sonra kənddə müxtəlif işlərdə işləmişdir. 1991-ci ildə Azərbaycan Milli Ordusuna yola salınmışdır. 1993-cü ilin 18 iyulunda Kəmərli kəndində torpaqlarımız uğrunda gedən döyüşdə şəhid olmuşdur. Ailəli idi, bir qızı var.

Musayev İsmayıl Ürfət oğlu


Musayev İsmayıl Ürfət oğlu 27 aprel 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə kənd məktəbinə getmiş və 1987-ci ildə səkkizinci sinfi bitirmişdir. 117 saylı texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1992-ci ilin əvvəllərində hərbi komissarlığa müraciət etmiş İsmayıl Musayevi 707 saylı hərbi hissənin 1-ci taborunda xidmət etməyə göndərmişlər. Bir ay təlim keçdikdən sonra İsmayıl Bala Cəfərli, Böyük Cəfərli və Ballıqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, öz qorxmazlığı ilə yoldaşlarına nümunə olmuşdur. Lakin belə igid bir döyüşçünün döyüş yolu çox qısa olmuşdur. O, 1992-ci il iyul ayının 20-də Ballıqaya yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşmuş və 19 yaşında şəhidlik zirvəsinə ucalmışdır.



Facebook-da paylaş