Şəhidlik zirvəsinə ucalan Vətən oğulları...
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Şəhidlik!
Ən müqəddəs və ən uca zirvə. Şəhidlik - ata-babalarımızdan bizə miras qalan
torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb
döyüşə atılmaq deməkdir. Mərd, igid oğulları olan xalq isə heç vaxt yada,
namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi,
qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə
ötürülür. Vətənin müdafiəsi uğrunda canından, qanından keçən
belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə
şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların
keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən uğrunda Şəhidlik adlı zirvəni
bir göz qırpımında fəth edənləri, bu ucalığa yüksələn igid oğullarımızı hər
zaman anmaq isə bizim hər birimizin borcudur. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi
tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Torpaq, uğrunda ölən
varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız
minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər
zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr
edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə
də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla
168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda
339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını
alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər
zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani
sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci
Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin
əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində
Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün
bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – Rəsul Mirzəliyevin, Mərdan Nuruyevin,
Ədilxan Bəşirovun, Qulu Yusifovun əziz xatirəsini ehtiramla yad edirik. Mirzəliyev Rəsul Məmmədyar oğlu Mirzəliyev
Rəsul Məmmədyar oğlu 24 yanvar 1968-ci ildə Qazax rayonunun Alpout kəndində
anadan olmuşdur. 1975-1985-ci illərdə bu gün adını daşıyan Alpout kənd tam orta
məktəbdə təhsil almşdır. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət
etmişdir. 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə
könüllü olaraq iştirak etmişdir. 7 mart 1993-cü ildə Ağdərə uğrunda gedən
döyüşlərdə şəhid olmuşdur. Hazırda Alpout kənd tam orta məktəbi Rəsul Mirzəliyevin
adını daşıyır. Nuruyev Mərdan Məmməd oğlu
Nuruyev
Mərdan Məmməd oğlu 1 iyul 1970-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1977-ci ildə Yavər Mirzəyev adına Quşçu Ayrım kənd orta məktəbin
1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirərək sovet ordusu
sıralarına çağırılmışdır. Mərdan Nuruyev daha sonra Milli Ordu sıralarında xidmət
etmişdir. 8 mart 1992-ci ildə Məzəm kəndində düşmən tərəfin açdığı atəş nəticəsində
şəhid olmuşdur. Bəşirov Ədilxan Əmirxan oğlu Bəşirov
Ədilxan Əmirxan oğlu 10 yanvar 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində
anadan olmuşdur. 1979-cu ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam
orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini
bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci
ildə tərxis olmuşdur. Həmin il Azərbaycan Milli Ordusuna çağırılmışdır. 9 mart
1993-cü ildə Qazax bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Subay idi. Hazırda Qaymaqlı kəndində adına bulaq var. Yusifov Qulu Firuddin oğlu Yusifov Qulu Firuddin oğlu 11 mart 1974-cü ildə
Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd
orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin 10-cu sinifini
bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının
çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda "UAZ” markalı avtomobildə
ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür.
Facebook-da paylaş