• Təqvim

  • Maraq



Bu gün Vətən müharibəsi şəhidi çavuş Kamil Kərimovun cənnətdəki doğum günüdür

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


2020-ci ilin 27 sentyabrında şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinə başladı. 44 gün davam edən haqq savaşımızda uzun illərdir mənfur düşmənimiz olan erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımız azad olundu. 44 günlük savaşda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. "Qarabağ Azərbaycandır!” deyərək başladığımız Vətən müharibəsi, İkinci Qarabağ savaşı zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu birlik, həmrəylik, Ali Baş Komandanın iradəsi, qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Və bu Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bir daha göstərdi.

Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi uğrunda canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır...

Müzəffər Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn oğullarımızdan biri də çavuş Kərimov Kamil Ələddin oğludur.


Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş çavuş Kamil Kərimovun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 27 yaşı tamam olacaqdı... 

GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Kamil Kərimov da hər zaman yad olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var Kamil kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Kamil tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!

Çavuş Kərimov Kamil Ələddin oğlu


Şəhid çavuş Kərimov Kamil Ələddin oğlu 2 iyul 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 2002-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olmuş, 2017-ci ildə həmin Akademiyanı bitirmişdir. 2017-cı ilin iyul ayından 2018-ci ilin iyul ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. Ürəyində hərbi sahəyə böyük istək olduğu üçün həyatını bu peşəyə həsr etmək qərarına gəlmişdi. 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində (Şəmkir rayon ərazisində 379 saylı hərbi hissənin kəşfiyyat bölüyündə) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. Kamil Kərimov çavuş rütbəsində manqa komandiri kimi xidmət etmişdir. O, qətiyyətli, təcrübəli və cəsur kəşfiyyatçı idi, verilən tapşırıqları peşəkarlıqla yerinə yetirirdi.

İkinci Qarabağ müharibəsi başlayanda Toğana kəndində hərbi xidmətdə idi Kamil. Sentyabrın 27-də düşmənə qarşı həmin istiqamətdən ilk döyüşə girib. Murovdağ yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. Sentyabrın 29-da isə Kamil Kərimovun sonuncu döyüşü olub. Snayper silahından atılan güllə ilə düz ürəyindən vurulan Kamil Kərimov döyüş meydanında qəhrəmancasına şəhid olub. İgid Vətən oğlu 17 dekabr 2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.

Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan çavuş Kamil Kərimovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Vətən uğrunda”"Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunmuşdur.










Facebook-da paylaş