Bu gün Vətən müharibəsinin qazaxlı şəhidi İlkin Əliyevin doğum günüdür
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında
başlayan və 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında qazandığı
tarixi Qələbə, böyük Zəfər bu gün də qürurla qeyd olunur. O Vətən müharibəsi
ki, cəmi 44 günə xalqımızın 30 illik yurd həsrətinə, torpaq niskilinə son
qoydu. Bütün dünya döyüş meydanında hərbçilərimizin, əsgərlərimizin
göstərdikləri şücaətlə, qəhrəmanlıqla Azərbaycan Ordusunun gücünü, qüdrətini
gördü. Bu gün hər birimiz fəxarətlə
söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş
Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq.
İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan
şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən
qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç
vaxt unudulmayacaq. Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə
yüksələn igid qəhrəmanlarımızdan biri də əsgər Əliyev İlkin Bəxtiyar
oğludur. Bu gün Vətən müharibəsi şəhidi İlkin Əliyevin
cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 21 yaşı
tamam olacaqdı... Özünü dərk edəndən ad günü Xocalı soyqırımı ilə eyni günə
düşdüyündən heç vaxt öz doğum gününü qeyd etməzdi İlkin Əliyev. Hər zaman da o
qarlı qış gecəsində həlak olan soydaşlarımızın qisasını alacağını söyləyərdi.
Bəli, bu gün İlkin Şəhidlik zirvəsinə ucalaraq illər öncə verdiyi sözü tutdu,
qisasını canı bahasına aldı. 30 illik həsrətdən sonra düşmən tapdağında olan
torpaqlarımız azad edildi. Bu gün həmin torpaqlarda üçrəngli Azərbaycan bayrağı
dalğalanır. Bu gün həm İlkinin, həm də soyqırımı, faciə qurbanlarının ruhu
şaddır. GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə sadiq
qalıb doğum günü olan igid şəhidimizin əziz xatirəsini
ehtiramla yad edirik. Vətən müharibəsində iştirak edərək Qarabağ
uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, İlkin Əliyev də hər zaman yad
olunacaq. Nə qədər ki, Azərbaycan xalqı var İlkin kimi oğullarımız daim
qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər
zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər
hər zaman onlardan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən
oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim! Əsgər
Əliyev İlkin Bəxtiyar oğlu
Şəhid
Əliyev İlkin Bəxtiyar oğlu 26 fevral 2001-ci il tarixdə Qazax rayonunun Canalı
kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Canalı kənd tam orta məktəbin
1-ci sinifinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini
bitirmişdir. Uşaqlıqdan idmana daha
çox maraq göstərirdi, yunan-roma güləşi ilə məşğul olurdu. Bir neçə dəfə
birinci yerə çıxıb medallar da almışdı. 2019-cu
ilin 3 aprelində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə
həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən
müharibəsi başlayandan bir neçə gün sonra İlkin Əliyevin xidmət etdiyi batareya
müharibə bölgəsinə gətirilir. İlkinin döyüş yolu oktyabr ayının 2-dən Füzulidən
başlayıb. Sonra bu yol Qubadlıdan, Xocavənddən, Şuşa ətrafından, Laçından
keçib. "N” saylı hərbi
hissənin artilleriya divizionun 1-ci batareyanın, 1-ci tağımın 2-ci topun
komandiri əsgər Əliyev İlkin Bəxtiyar oğlu düşmənin
texnikasının, canlı qüvvəsinin məhv edilməsində böyük igidlik və şücaət göstərib.
O, 14.11.2020-ci il
tarixdə Xocavənddə şəhid olmuşdur.16.11.2020-ci il tarixdə Hüseynbəyli kəndi ərazisində yerləşən Şəhidlər qəbiristanlığında
dəfn olunmuşdur. Subay idi. Əliyev
İlkin Bəxtiyar oğlu Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Xocavəndin azad olunmasına görə", 24 iyun 2021-ci il
tarixli Sərəncamına əsasən "Laçının
azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidimizin doğulub boya-başa çatdığı Canalı kəndində
adını əbədiləşdirən bulaq inşa olunub və həmin bulağın yanında dayanacaq
qoyulub.
Facebook-da paylaş