• Təqvim

  • Maraq



Şəhidlik adlı əlçatmaz zirvəyə yüksələnlər unudulmur

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Şəhidlik yüksək və əlçatmaz zirvədir. Hər kəs bu zirvəyə yüksələ bilmir. Vətən, torpaq, xalq uğrunda ölümün gözünə dik baxan qəhrəman oğullar bu zirvəyə ucalırlar. Vətən torpaqlarının ərazi bütövlüyünü hər şeydən üstün tutan və müqəddəs amal uğrunda canlarından keçən şəhidlərimizin ömür yolunu gənclərimizə örnək göstərmək, düşmənə amansız zərbələr vuran, Azərbaycan bayrağını azad olunmuş torpaqlarımıza sancan qəhrəman oğullarımızı yad etmək, xatirələrini əziz tutmaq, igid oğullarımızla qürur duymaq, onların adlarını əbədiləşdirmək də bizim hər birimizin ən ümdə vəzifəsi və borcu olmalıdır.

Bugünkü yetişməkdə olan gənc nəsil şəhidlərimizin həyat yoluna nəzər salan zaman anlamalıdır ki, Şəhidlik adlı zirvəyə ucalan yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Bu yolu gedənlər, Şəhidlik adlı zirvəni fəth edənlər hər zaman qəlblərdə yaşayırlar.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Milli Qəhrəman Firuddin Şamoyevin, Ürfət Bənnayevin, Saqif Nəsirovun, Xədicə Kazımovanın, Akif Bəbirovun, Elşən Cəfərovun, Adil Məmmədovun, Abbasəli Məhərrəmovun, kapitan Yaşar Əhmədovun, Namiq Vəliyevin, Söhrab Pirvəliyevin, Tahir Xasməmmədovun əziz xatirəsini ehtiramla yad edirik.

Milli Qəhrəman Şamoyev Firuddin İsa oğlu


Şamoyev Firuddin İsa oğlu 1962-ci il fevral ayının 7-də Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır. 1981-1983-cü illərdə Qazax rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra doğulduğu Qazax şəhərinə gələrək Təmir-Tikinti idarəsində çilingər kimi işə başlayır. Ermənilərin 1988-ci ildən başlanan əsassız ərazi iddiaları, onların törətdiyi qanlı cinayətlər, Vətənin bütün qeyrətli oğulları kimi Firuddini də hədsiz dərəcədə hiddətləndirirdi. Dağlıq Qarabağda, eləcə də digər sərhəd bölgələrimizdə axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazıldı. O, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi. 13 aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. Qazax şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.

Qazax şəhər 4 nömrəli tam orta məktəb və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. Bundan əlavə, şəhərin girişində Milli Qəhrəmanın adını əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunmuşdur.

Nəsirov Saqif Nəsir oğlu


Nəsirov Saqif Nəsir oğlu 25 mart 1973-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1980-88-ci illərdə Ürkməzli kənd tam orta məktəbinin 8-ci sinifini bitirmişdir. Təhsilini 117 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmış, Bakı şəhərində Daxili Qoşunlarda hərbi xidmətə başlamışdır. 7 fevral 1993-cü ildə Ağdərə uğrunda gedən amansız döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ürkməzli kənd tam orta məktəbi şəhid Saqif Nəsirovun adını daşıyır.

Bənnayev Ürfət Yolçu oğlu

 

Bənnayev Ürfət Yolçu oğlu 15 dekabr 1974-cü ildə Qazax rayonunun Bala Çaylı (əvvəlki Kommuna) kəndində anadan olmuşdur. 1980-ci ildə Kommuna (indiki Bala Çaylı) kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1988-1990-cı illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. 1991-ci ildə hərbi xidmətə getmişdir. Bənnayev Ürfət Yolçu oğlu 7 fevral 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə itkin düşmüşdür.

Kazımova Xədicə İsmayıl qızı


Kazımova Xədicə İsmayıl qızı 22 iyul 1987-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 7 fevral 1993-cü ildə Kəmərli kəndində ermənilərin atdığı mərminin dəyməsi nəticəsində həlak olmuşdur.

Bəbirov Akif Ələddin oğlu

 

Bəbirov Akif Ələddin oğlu 5 noyabr 1974-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1981-ci ildə Kəmərli kənd Xanbağı orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1992-ci ildə məktəbi bitirib hərbi xidmətə yollanmışdır. 8 fevral 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 1993-cü il tarixli 389 saylı qərarı ilə Xanbağı kənd tam orta məktəb şəhid Akif Bəbirovun adını daşıyır.

Cəfərov Elşən İdris oğlu

 

Cəfərov Elşən İdris oğlu 8 fevral 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1977-ci ildə Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin orta məktəbi bitirmişdir. 1989-1991-ci illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Cəfərov Elşən İdris oğlu 8 iyun 1992-ci ildə Quşçu Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Adını əbədiləşdirmək məqsədilə oxuduğu Çaylı kənd 2 nömrəli tam orta məktəbə və bir bulağa şəhid Elşən Cəfərovun adı verilmişdir.

Məmmədov Adil Əhməd oğlu

 

Məmmədov Adil Əhməd oğlu 13 oktyabr 1975-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1982-ci ildə (Əli Bayramlı kənd) hazırki Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 1992-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 9 fevral 1994-cü ildə Füzuli rayonunda döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Məhərrəmov Abbasəli Puşkin oğlu

 

Məhərrəmov Abbasəli Puşkin oğlu 19 fevral 1972-ci ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1978-ci ildə Yuxarı Əskipara kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. Həmin ili Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1993-cü ildə ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 10 fevral 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə Ağdərə rayonunun Donaşin-3 kəndində şəhid olmuşdur. Leytenant rütbəli kəşfiyyatçı zabit idi. Yunan-Roma güləş növü üzrə idman ustası idi. Bir neçə dövlətlərdə və Azərbaycanda idmançı kimi nailiyyətləri olmuşdur. Subay idi.  Yuxarı Əskipara kənd tam orta məktəbi Abbasəli Məhərrəmovun adını daşıyır.

Kapitan Əhmədov Yaşar Mail oğlu

 

Kapitan Əhmədov Yaşar Mail oğlu 11 noyabr 1970-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə qəbul olmuş, 1987-ci ildə həmin orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə getmiş və 1990-cı ildə hərbi xidməti başa vurmuşdur.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 1992-ci ilin avqust ayında giriş imtahanlarını müvəffəqiyyətlə verərək Ukrayna Respublikasının Kremençuq Uçuş məktəbinə daxil olmuşdur. Oxuduğu məktəb Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında olan müqavilə əsasında həyata keçirilmişdir. Aviasiya Akademiyası açıldıqdan sonra 1994-cü ilin may ayında Milli Aviasiya Akademiyasında təhsilini davam etdirməyi təmin edilmişdir. Oxuduğu dövrlərdə həm Ukraynada, həm də burada praktiki uçuşlar yerinə yetirmişdir. Mİ-2 və M-8 tipli helikopter pilotu kimi Sertifikat almışdır.

1996-cı ilin dekabr ayında həmin Akademiyanı müvəffəqiyyətlə bitirmiş və 1998-ci ildə təyyarəçi kimi işləməyə başlamışdır. İşlədiyi 15 il ərzində bir neçə medalla mükafatlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2008-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyul 2008–ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşdur.

Əhmədov Yaşar Mail oğlu 11 fevral 2012-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Şıxov çimərliyi ətrafında Mİ-17 helikopter qəzaya uğramış və 3 ekipaj üzvü ilə birlikdə şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Vəliyev Namiq Yusif oğlu

 

Vəliyev Namiq Yusif oğlu 21 mart 1972-ci ildə Qazax şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə bu gün adını daşıdığı şəhər 5 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Oxuduğu müddətdə çalışqan, mehriban, nizamlı bir şagird kimi həmişə yoldaşlarından seçilmişdir. 04.06.1990-cı ildən 25.05.1992-ci ilədək Minsk şəhərində Qamel və Zaparoje vilayətlərində hərbi xidmətdə olmuş, dəfələrlə valideynlərinə təşəkkür məktubları gəlmişdir. Erməni işğalçılarının respublikanın sərhəd kəndlərinə hücum etməsinə dözməyən Namiq 1992-ci ilin iyun ayından könüllü orduya daxil olur və ən ağır döyüş mövqelərində vuruşur. 1992-ci ilin 29 dekabrında isə Barxudarlı kəndinin müdafiəsi zamanı Lələkənddə erməni qəsbkarlarına qarşı döyüşdə qəhrəmancasına şəhid olur. Döyüş yoldaşları ilə birlikdə 42 gündən sonra düşməndən nəşi geri qaytarılan Namiq 1993-cü il fevralın 11-də şəhərdə şəhidlər qəbiristanlığında dəfn olunub.

Pirvəliyev Söhrab Aslan oğlu

 

Pirvəliyev Söhrab Aslan oğlu 11 fevral 1975-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1982-ci ildə Quşçu Ayrım kənd orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 27 iyun 1995-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində şəhid olmuşdur. Subay idi.

Xasməmmədov Tahir Mübariz oğlu


Xasməmmədov Tahir Mübariz oğlu 27 fevral 1974-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1981-ci ildə Qarapapaq kənd əsas məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 8 illik təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbinə daxil olaraq qaynaqçı peşəsinə yiyələnmişdir. 1992-ci ilin payız çağırışında Qazax Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti zamanı Murov dağda, Yandaq kəndində, Laçın rayonunda olan döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin fevral ayının 12-də Murov dağ döyüşlərində itkin düşmüşdür.



Facebook-da paylaş