Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Torpaqlarımızın qorunması
yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir
Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını, şəhidlərini tanımalı, onların
keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin
müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən
böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq,
onları gəncliyə nümunə göstərmək də hər birimizin vətəndaşlıq borcudur. Hər
birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla
mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını
qurban verən oğulların xatirəsini anmağa həmişə borcluyuq. Çünki
torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından
keçən bu Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi
tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi
uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər
zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi,
döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə
olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu
Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan
Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani
sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci
Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin
əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində
Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Kompleksi yaradılıb ki, bütün
bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – Şahməddin Murquzovun, Rəşad Əliyevin, Asif Rəhimovun, Fidat Məmmədovun, Şiddət Məmmədovun, Gündüz Sadıqovun, Elçin İsmayılovun, Məmməd Məmmədovun, Zülfüqar Mirzəliyevin, kiçik
çavuş Elşad Yusifovun, Rövşən Alıyevin, Baləgədə Hacıyevin, Elburus Məmmədovun əziz xatirəsini ehtiramla yad edirik. Murquzov Şahməddin Sabir oğlu
Murquzov Şahməddin Sabir oğlu 7 yanvar 1966-cı ildə
Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Qazax rayon Elşən
Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Gəncə şəhərində inşaat sahəsi
üzrə texnikomda təhsil almış və orada işləmişdir. Murquzov Şahməddin Sabir oğlu
4 yanvar 1994-cü ildə Murov dağı ətrafındakı ərazilərdə gedən döyüşlərdə şəhid
olmuşdur. Ailəliydi, 2 övladı var. Əliyev Rəşad Vidadi oğlu
Əliyev Rəşad Vidadi oğlu 13 iyul 1967-ci ildə Qazax
rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Qazax rayon Elşən Cəfərov
adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-ci
ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1981-1983-cü ildə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı
kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Əliyev
Rəşad Vidadi oğlu 4 yanvar 1994-cu ildə Vətən uğrunda gedən döyüşlərdə şəhid
olmuşdur. Rəhimov Asif Qəzənfər oğlu
Rəhimov Asif Qəzənfər oğlu 4 yanvar 1975-ci ildə
Qazax rayonunun Həzi Aslanov sovxozunda
anadan olmuşdur. 1981-ci ildə orta məktəbə getmiş və 1991-ci ildə orta məktəbi bitirmişdir. 1992-ci ildə Qazax rayon
Hərbi Komissarlığından Azərbaycan Ordusu
sıralarına çağrılmışdır. 10 may 1992-ci ildə Qazax rayonunun Kəmərli kəndi ilə Ermənistan Respublikasının sərhədində Kəmərli
döyüş bölgəsində ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məmmədov Fidat Əhməd oğlu
Məmmədov
Fidat Əhməd oğlu 5 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd
2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər
birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətinin son aylarında
Əfqanıstanda gedən döyüşlərdə iştirak etmişdir. Göstərdiyi igidlik müvafiq
medallarla qiymətləndirilmişdir. 1980-1981-ci
illərdə Bakıda 6 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. 1993-cü il
yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi
uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəliydi, 1 qız, 2
oğul yadigar qalıb. Vətən
uğrunda canından keçən şəhidimizin göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən
də qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr
1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra "Hərbi
xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. Bu gün doğulduğu Daş Salahlı kəndində
mərkəzi küçə şəhid Fidat Məmmədovun adını daşıyır və küçənin mərkəzində
barelyefi vurulub. Məmmədov Şiddət Məmməd oğlu
Məmmədov
Şiddət Məmməd oğlu 5 yanvar 1972-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1979-cu ildə Quşçu Ayrım kənd məktəbin 1-ci sinifinə daxil
olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. Məmmədov Şiddət Məmməd oğlu 30
iyun 2000-ci ildə Quşçu Ayrım kəndi ərazisində ot gətirən zaman düşmənin açdığı
atəş nəticəsində şəhid olmuşdur. Subay idi. Sadıqov Gündüz Əhəd oğlu
Sadıqov Gündüz Əhəd oğlu 29 iyun 1962-ci ildə Qazax
rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1969-cu ildə Aşağı Əskipara
kənd orta məktəbin 1-ci sinifinə getmişdir. 1979-cu ildə həmin məktəbin 10-cu sinifini
bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin
müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 5
yanvar 1994-cü ildə şəhid olmuşdur. İsmayılov Elçin Murğuz oğlu
İsmayılov
Elçin Murğuz oğlu 5 yanvar 1980-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan
olmuşdur. 1987-ci ildə Kosalar kənd
orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1997-ci ildə həmin orta məktəbin 10-cu
sinifini bitirmişdir. 1998-ci il
yanvar ayının 8-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə
çağrılmşdır. 1999-cu il fervralın
16-da Borsunlu istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid
olmuşdur. Məmmədov Məmməd Zahid oğlu
Məmmədov
Məmməd Zahid oğlu 3 avqust 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Qazax
rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə
daxil olmuş, 1986-cı ildə həmin orta məktəbi bitirmişdir. 1987-1989-cu illərdə
SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Məmmədov Məmməd Zahid oğlu
6 yanvar 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi
uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Mirzəliyev Zülfüqar Bəkir oğlu
Mirzəliyev
Zülfüqar Bəkir oğlu 5 avqust 1970-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala
Çaylı) kəndində anadan olmuşdur. 1976-cı ildə Kommuna kənd 8 illik orta məktəbin
1-ci sinifinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin 8-ci sinifini
bitirmişdir. 1984-1986-cı illədə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1
nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Daha sonra SSRİ silahlı
qüvvələrinə çağrılmış və 2 il hərbi xidmətdə olmuşdur. 1991-ci ildə könüllü
olaraq Milli Orduya getmiş, kəşfiyyat dəstəsində xidmət etmişdir. Mirzəliyev
Zülfüqar Bəkir oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində
Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Zülfüqar
Mirzəliyev Çaylı kənd Şəhidlər xiyabanında dəfn edilmiş və adını əbədiləşdirmək
üçün Bala Çaylı kəndində büstü qoyulmuş, adına bulaq çəkilmişdir. Kiçik çavuş Yusifov Elşad İbrahim oğlu
Yusifov
Elşad İbrahim oğlu 7 yanvar 1967-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan
olmuşdur. 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi ərazisində erməni
işğalçılarının tankı partlatması nəticəsində şəhid olmuşdur. 1994-cü ildə şəhid
statusu verilmişdir. Alıyev Rövşən Cəbrayıl oğlu
Alıyev Rövşən Cəbrayıl oğlu 1
oktyabr 1977-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1984-cü ildə
Qızılhacılı kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1995-ci ildə Qazax
şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu sinifini
bitirmişdir. Sumqayıt şəhər Mədəniyyət şöbəsinin nəzdində mühasib ixtisası üzrə
təhsil almışdır. 1997-ci ildə Azərbaycanın Milli Ordu sıralarına çağrılmışdır.
8 yanvar 1998-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində gedən
döyüşdə şəhid olmuşdur. Subay idi. Hacıyev Baləgədə Həsən oğlu
Hacıyev
Balagədə Həsən oğlu 8 yanvar 1941-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində
anadan olmuşdur. 1948-ci ildə Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinfinə
daxil olmuş, 1958-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1959-62-ci
illərdə Xaborovski şəhərində hərbi xidmətdə olmuşdur. 1963-cü ildən ömrünün sonuna qədər mexanizator vəzifəsində
işləmişdir. 27 oktyabr 1991-ci ildə şəhid olmuşdur. Məmmədov Elburus Veyis oğlu
Məmmədov
Elburus Veyis oğlu 9 yanvar 1981-ci ildə Qazax rayonunun Kəmərli kəndində
anadan olmuşdur. 10 may 1996-cı ildə Kəmərli kəndində güllə yarasından şəhid
olmuşdur.
Facebook-da paylaş