Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər birimizin borcudur
Şəhidlərimizi tanıyaq və
tanıdaq---------------------------- Torpaqlarımızın qorunması
yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir
Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat
yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin
müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən
böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq,
onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Hər
birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla
mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını
qurban verərək ən uca zirvəyə - Şəhidlik məqamına ucalanların xatirəsini anmağa
həmişə borcluyuq. Çünki torpaqlarımızın bütövlüyü, ərazilərimizin
toxunulmazlığı uğrunda canlarından keçən bu Vətən övladları sonsuz ehtirama,
sevgi və məhəbbətə layiqdirlər. Məhz Vətənpərvərlik
tərbiyəsi də buradan başlayır. Gənclərdə öz Vətəninə sevgi və məhəbbət
hissinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın
formalaşması üçün şəhidlərimizin keçdiyi döyüş yolunu onlara çatdırmalı, hansı
vasitə olursa-olsun bu yolda var qüvvəmizlə çalışmalıyıq. "Torpaq, uğrunda
ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik
hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün
Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı,
Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7
kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu da Vətən torpaqlarının
ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın
Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın
igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da
olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından
keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – Mərdan Nuruyevin, Ədilxan Bəşirovun, Qulu Yusifovun,Elmar Hüseynovun,
Kərim Əsgərovun əziz xatirəsini yad edirik. Nuruyev Mərdan Məmməd oğlu
Nuruyev
Mərdan Məmməd oğlu 1 iyul 1970-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində
anadan olmuşdur. 1977-ci ildə Yavər Mirzəyev adına Quşçu Ayrım kənd orta məktəbin
1-ci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirərək sovet ordusu
sıralarına çağırılmışdır. Mərdan Nuruyev daha sonra Milli Ordu sıralarında xidmət
etmişdir. 8 mart 1992-ci ildə Məzəm kəndində düşmən tərəfin açdığı atəş nəticəsində
şəhid olmuşdur. Bəşirov Ədilxan Əmirxan oğlu
Bəşirov
Ədilxan Əmirxan oğlu 10 yanvar 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində
anadan olmuşdur. 1979-cu ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam
orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinfini
bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci
ildə tərxis olmuşdur. Həmin il Azərbaycan Milli Ordusuna çağırılmışdır. 9 mart
1993-cü ildə Qazax bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Subay idi. Hazırda Qaymaqlı kəndində adına bulaq var. Yusifov Qulu Firuddin oğlu
Yusifov Qulu Firuddin oğlu 11 mart 1974-cü ildə
Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd
orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1991-сi ildə həmin məktəbin 10-cu
sinfini bitirmişdir. 1992-сi il mart ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının
çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu yolunda "UAZ” markalı avtomobildə
ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür. Hüseynov Elmar Nazim oğlu
Hüseynov
Elmar Nazim oğlu 14 mart 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan
olmuşdur. 1972-1982-ci illərdə S.Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta
məktəbdə təhsil almışdır. E.Hüseynov 1983-1985-ci illərdə keçmiş sovetlər
birliyində hərbi xidmətdə olmuşdur. 1988-1993-cü illərdə Bakıda DİN-in sənaye
kombinatında çalışmış və həmin kombinatın nəzdində olan texnikumda təhsilini
davam etdirmişdir. Hüseynov Elmar Nazim oğlu 1993-cü ildə Milli Ordu sıralarına
daxil olmuş, "N” saylı hərbi hissənin tərkibində tank taborunda xidmətə
başlamışdır. 15 dekabr 1993-cü ildə Beyləqan rayonu istiqamətində atəş başlayır
və Elmar Hüseynov öz tankı ilə düşmənin bir neçə atəş nöqtəsini susdurmağa nail
olur. Lakin bu döyüş onun son döyüşü olur. O, torpaqların müdafiəsi uğrunda şəhidlik
zirvəsinə ucalır. Elmar Hüseynov ölümündən sonra Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı” ordeni və "İgidliyə görə”
medalı ilə təltif edilmişdir. Qazax rayon Mərkəzi Kitabxanasına Elmar
Hüseynovun adı verilmişdir. Əsgərov Kərim Qinyaz oğlu
Əsgərov
Kərim Qinyaz oğlu 14 mart 1970-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan
olmuşdur. 1977-ci ildə Kosalar kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş,
1987-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1988-90-cı illərdə sovet
ordusunda xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli
Ordusuna hərbi xidmətə getmiş, 1 yanvar 1993-cü ildə Gədəbəy bölgəsində döyüş
zamanı itkin düşmüşdür. Qazax Rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli Qətnaməsi
ilə itkin düşmüş hesab edilmişdir. Subay idi.
Facebook-da paylaş