• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını, Vətənin igid, mərd, cəsur oğullarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Bəli, bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hamımızın vətəndaşlıq borcudur. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...  

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Əhməd Əliyevin, Vüqar Süleymanovun, Elman Əliyevin, Ruhiyyə Bənnayevanın, İlqar Poluyevin, Akşın Məmmədovun, İlqar Hüseynovun, Mustafa Süleymanovun əziz xatirəsini yad edirik. 

Əliyev Əhməd Mirzə oğlu


Əliyev Əhməd Mirzə oğlu 15 fevral 1970-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Qaymaqlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1989-cu ildə sovetlər birliyində hərbi xidmətə çağırılmışdır. 1991-ci ildə tərxis olmuşdur. 1993-cü ildə Azərbaycan Milli Ordusuna çağırılmışdır. 12 yanvar 1993-cü ildə Ağstafa bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd kitabxana filialı şəhidin adını daşıyır.

Süleymanov Vüqar İdris oğlu


Süleymanov Vüqar İdris oğlu 30 aprel 1971-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft Akademiyasına daxil olmuşdur. 1994-cü ildə Neft Akademiyasının ll kursunu yarımçıq qoyaraq Qarabağa döyüşə getmişdir. 13 yanvar 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi.

Əliyev Elman Əli oğlu


Əliyev Elman Əli oğlu 10 oktyabr 1959–cu ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1966-cı ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1975-76-cı illərdə Kosalar kənd tam orta məktəbin onuncu sinfini bitirib. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 13 yanvar 1994-cü ildə Ağdam rayonu istiqamətlərində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir. İki övladı var.

Bənnayeva Ruhiyyə Mustafa qızı


Bənnayeva Ruhiyyə Mustafa qızı 14 yanvar 1977-ci ildə Qazax rayonunun Kommuna  (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1984-cü ildə Kommuna (indiki Bala Çaylı) kənd 8 illik məktəbin birinci sinfinə daxil olmuşdur. 14 iyun 1992-ci ildə ermənilərin Kommuna kəndini atəşə tutması nəticəsində evlərinə düşən qrat mərmisindən şəhid olmuşdur.

Poluyev İlqar Rəşid oğlu


Poluyev İlqar Rəşid oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. 01.09.1975-ci ildə Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1985-1987–ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1987-1992–ci illərdə Xəzər dənizi neft qazma idarəsində işləmişdir. 15 yanvar 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Xəzər dənizində şəhidin adını daşıyan yük gəmisi var.

Məmmədov Akşın Vəlyəddin oğlu

 

Məmmədov Akşın Vəlyəddin oğlu 23 mart 1976-cı ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur.  Xanlıqlar kənd tam orta məktəbi bitirdikdən sonra 1994-cü ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmişdir. 1997-ci il yanvar ayının 16-da Murovdağda Gülüstan qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı zamanı şəhid olmuşdur. İstehkamçı manqa komandiri olmuşdur. Subay idi.

Şəhid əsgər Hüseynov İlqar Yaşar oğlu


Şəhid əsgər Hüseynov İlqar Yaşar oğlu 17 yanvar 2001-ci ildə Qazax rayonunda anadan olmuşdur. 2008-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 1-ci sinfinə getmişdir. 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Həmin ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisasına daxil olmuş, 2020-ci ildə bitirmişdir. Kolleci bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən  həqiqi hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir. İkinci Qarabağ müharibəsinin iştirakçısı olan əsgər İlqar Hüseynov 28.09.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid əsgərimiz 29.09.2020-ci il tarixdə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Şəhid İlqar Hüseynov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Süleymanov Mustafa Mədəd oğlu

 

Süleymanov Mustafa Mədəd oğlu 12 noyabr 1960-cı ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1967-ci ildə Kosalar kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildən ordu sıralarına çağırılmışdır. Azərbaycan Respublikasının bütün bölgələrində döyüşmüşdür. 17 yanvar 1993-cü ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi, iki övladı var.



Facebook-da paylaş