• Təqvim

  • Maraq



Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəfdir

Şəhidlərimizi tanıyaq və tanıdaq----------- 

 

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəfdir. Qəlbimizdə Vətənə, doğma el-obaya, yurda olan məhəbbət hissini, Vətən sevgisini hər bir işdə göstərməliyik. Şəhidlik isə Vətənə olan sevginin ən ali məqamıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Bəli, bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hamımızın vətəndaşlıq borcudur.

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Yaşar Əhmədovun, Süleyman Süleymanovun, Vidadi Mustafayevin, Mustafa Süleymanovun, Musa Vəliyevin əziz xatirələrini yad edirik.

Əhmədov Yaşar Mail oğlu


Əhmədov Yaşar Mail oğlu 11 noyabr 1970-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Aslanbəyli kənd tam orta məktəbin birinci sinfinə qəbul olmuş, 1987-ci ildə həmin orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə getmiş və 1990-cı ildə hərbi xidməti başa vurmuşdur. Azərbaycan Respublikasının DİN tərəfindən 1992-ci ilin avqust ayında giriş imtahanlarını müvəffəqiyyətlə verərək Ukrayna Respublikasının Kremençuq Uçuş məktəbinə daxil olmuşdur. Oxuduğu məktəb Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında olan müqavilə əsasında həyata keçirilmişdir. Aviasiya Akademiyası açıldıqdan sonra 1994-cü ilin may ayında Milli Aviasiya Akademiyasında təhsilini davam etdirməyi təmin edilmişdir. Oxuduğu dövrlərdə həm Ukraynada, həm də burada praktiki uçuşlar yerinə yetirmişdir. Mİ-2 və M-8 tipli helikopter pilotu kimi Sertifikat almışdır. 1996-cı ilin dekabr ayında həmin Akademiyanı müvəffəqiyyətlə bitirmiş və 1998-ci ildə təyyarəçi kimi işləməyə başlamışdır. İşlədiyi 15 il ərzində bir neçə medalla mükafatlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2008-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyul 2008–ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubileyi” medalı ilə təltif olunmuşdur. 11 fevral 2012-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Şıxov çimərliyi ətrafında Mİ-17 helikopter qəzaya uğramış və 3 ekipaj üzvü ilə birlikdə şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Süleymanov Süleyman Elçin oğlu


Süleymanov Süleyman Elçin oğlu 11 noyabr 1997-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2016-cı il yanvar ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətinə Ağdam rayonunda başlamışdır. 2017-ci il mart ayının 2-də Ağdamda ermənilərlə təmas xəttində ön cəbhədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən snayperi tərəfindən vurularaq şəhid olmuşdur. Şəhid Daş Salahlı kənd Şəhidlər xiyabanında dəfn olunmuşdur. Şəhidin doğulduğu Daş Salahlı kəndində Fidat Məmmədov küçəsində xatirəsinə bulaq abidə kompleksi tikilmişdir.

Mustafayev Vidadi Məhəmməd oğlu


Mustafayev Vidadi Məhəmməd oğlu 12 noyabr 1964-cü ildə Qazax rayonunun Xeyrımlı kəndində anadan olmuşdur. 1971-ci ildə Xeyrımlı kənd ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin onuncu sinfini bitirmişdir. Xeyrımlı kəndinin müdafiəsində iştirak etmişdir. 30 oktyabr 1992-ci ildə şəhid olmuşdur.

Süleymanov Mustafa Mədəd oğlu

 

Süleymanov Mustafa Mədəd oğlu 12 noyabr 1960-cı ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1967-ci ildə Kosalar kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildən ordu sıralarına çağırılmışdır. Azərbaycan Respublikasının bütün bölgələrində döyüşmüşdür. 17 yanvar 1993-cü ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Evli idi. İki övladı var.

Vəliyev Musa Rəşid oğlu


Vəliyev Musa Rəşid oğlu 16 noyabr 1965-ci il Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Neft Kimya İnstitutuna daxil olmuşdur. 1987-ci ildə həmin institutu bitirmişdir. 1987-ci ildən 1989-cu ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Balaxanı Neft Mədənində nefçi-mühəndis kimi çalışmışdır. 1993-cü ildə Qarabağ müharibəsində zabit kimi xidmətə çağırılmış və 1994-cü il aprel ayının 20-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.



Facebook-da paylaş