Qazaxda RMX PHŞ-də təşkil edilmiş “Səyyar həkim briqadaları” şəhidlərimizin ailə üzvlərinə tibbi xidmət göstəriblər
2020-ci il 27 sentyabrda Qarabağ uğrunda davam edən 44 günlük müharibə Azərbaycanın hərbi gücünü bütün dünyaya göstərdi. Azərbaycan əsgəri Vətənə olan çox böyük sevgisi, məhəbbəti və heç nədən qorxmadan ölümün üstünə getmək məharəti ilə əzəli torpaqlarımızı fədakarlıqla mənfur düşməndən azad etdi. Müstəqil Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsində unudulmaz Qələbə qazandı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz bu Qələbəni Azərbaycan xalqına yaşatdı. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq.
Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, onların ailə üzvlərinə, diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur.
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərə göstərdikləri qayğını əldə rəhbər tutan Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkim kollektivi də bu təbəqədən olan insanlara qayğılarını əsirgəmirlər.
Qazax RMX PHŞ-də təşkil edilmiş "Səyyar həkim briqadaları” şəhidlərimizin ailə üzvlərini ziyarət edib, tibbi xidmət göstəriblər.
Qazax RMX PHŞ-in direktoru Sevda Məmmədova, "Səyyar həkim briqadaları”nın üzvləri xəstəxananın baş həkimi Allahverdi Quliyev, direktorun köməkçisi Məhəmməd Məmmədov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şurasının sədri Sevda Həsənova, nevropatoloqlar Sima Qapaqova, Sonayə Orucova, kardioloqlar Ayna Aşurova, Samirə Qəhrəmanova, terapevt Mehman Məmmədov, endokrinoloq Qəmər Carçıyeva şəhid ailələri ilə evlərində görüşüb, tibbi müayinə ediblər.
Qazax şəhərində, Alpout, Ürkməzli, Dəmirçilər, Xanlıqlar, Qaymaqlı, Aslanbəyli, Yuxarı Salahlı, Birinci Şıxlı kəndlərində olan həkimlərimiz şəhidlərimizin, qazilərimizin ailələrinə xidmət göstərməyin onlar üçün qürurverici olduğunu, bu cür ziyarətin və xidmətin kökündə ölkə başçısının və rayon rəhbərliyinin dövlət qayğısının dayandığını vurğulayıblar.
Şəhid ailələri sağlamlıqlarının keşiyində dayanan həkimlərimizə nümunəvi təşəbbüsə görə razılıqlarını bildiriblər. Şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Məlumat üçün qeyd edək ki, sözügedən təşəbbüs davam etdirilir.
GOYEZEN.AZ
Facebook-da paylaş