• Təqvim

  • Unutma

  • Maraq



Yaşasaydı... bu gün 37 yaşı tamam olacaqdı


"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı

Bəli, ölkə başçısının da dəyərli fikirlərində söylənildiyi kimi, öz qələbəsi, əks-sədası ilə Azərbaycanın hərb tarixinə zəfər bayramı kimi düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim qalibiyyətimiz, zəfər salnaməmizdir. 5 il öncə Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Bu döyüş hələ 5 il əvvəl düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Və bunu 2020-ci ilin İyul döyüşlərində, eləcə də 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsində də bir daha nümayiş etdirdi. İstər Aprel döyüşündə, istər İyul döyüşlərində, istərsə də Vətən müharibəsində qəhrəman oğullarımızın göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğulların qəhrəmanlığı sayəsində haqq savaşında ədalət bərpa olundu və Azərbaycan 44 günlük savaşda tarixi Zəfər qazandı.

 

Azərbaycanın hərb tarixinə "4 günlük müharibə” və ya "Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəni bizlərə bəxş edənlər sırasında Qazaxın igid, mərd oğulları da var. Aprel döyüşləri zamanı Qazax rayonunun 3 igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha göstərdilər.

Bu gün həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlimiz kapitan Orucov Mühüd Qurban oğlunun yoxluğundan bizləri 5 il ayırır. 5 ildir ki, şəhidimizin doğum gününü onsuz qeyd edirik. Yaşasaydı... bu gün 37 yaşı tamam olacaqdı igid Vətən oğlunun...

 

Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlmişdir.

Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb. 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur.

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə  Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

2016-cı ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə şəhərin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır. 2019-cu il iyulun 17-də "Qazax” Xeyriyyə İctimai Birliyinin və şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, "N” hərbi hissənin şəxsi heyətinin, Həzi Aslanov adına Ordu–İdeoloji və Mədəniyyət Mərkəzinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət Mərkəzində (Mərkəzi Zabitlər Evi) "Mühüdüm-şəhidim” adlı həmin kitabın təqdimat mərasimi keçirilmişdir.

 

Bəli, Mühüd qalib çıxdığı bütün döyüşlərlə həmişə sübut edib ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğullarımız var. Şəhidlik adlı zirvəyə ucalmağı özlərinə şərəf və qürur yeri sayan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları, Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını Şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. 

Mühüd Orucov kimi igid Vətən oğullarının göstərdikləri şücaət bir daha onu sübut etdi ki, Aprel döyüşləri bizi Qarabağda böyük qələbəmizə aparan şanlı yolun başlanğıcı oldu. O yolu qət edən igid oğullarımızla bu gün başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və bundan sonra da edəcəkdir. Aprel döyüşləri o şanlı qələbədir ki, bu gün də düşmənə sarsıdıcı zərbələr vurur. 5 il öncə vahiməyə düşən düşmən bu gün də o tarixi andan söz düşəndə çəkinir. Çünki düşmən yaxşı bilir ki, Azərbaycanda Mühüd Orucov kimi oğullar hər zaman olub və bundan sonra da olacaqdır. Necə ki, bu gün Mühüdün evində Vüqar və Anar adlı iki əkiz oğul övladı böyüyür.

 

GOYEZEN.AZ



Facebook-da paylaş