"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir,
dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Uzun illər
Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki,
guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu
yenilməzdir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan Bayrağı
dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt
işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa
edəcəkdir”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş
Komandanı
Bəli, ölkə başçısının da dəyərli fikirlərində
söylənildiyi kimi, öz qələbəsi, əks-sədası ilə Azərbaycanın hərb tarixinə zəfər
bayramı kimi düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim qalibiyyətimiz, zəfər
salnaməmizdir. 5 il öncə Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət
başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu
günü-gündən inkişaf edir. Bu döyüş hələ 5 il əvvəl düşmənə ordumuzun gücünü,
əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq
sevdasını göstərdi. Düşmən anladı ki, Azərbaycan Ordusu hər an onları məhv
etməyə qadirdir. Və bunu 2020-ci ilin İyul döyüşlərində, eləcə də 27
sentyabrdan başlayan 44 günlük Vətən müharibəsində də bir daha nümayiş etdirdi.
İstər Aprel döyüşündə, istər İyul döyüşlərində, istərsə də Vətən müharibəsində qəhrəman
oğullarımızın göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz
belə oğulların qəhrəmanlığı sayəsində haqq savaşında ədalət bərpa olundu və
Azərbaycan 44 günlük savaşda tarixi Zəfər qazandı.
Azərbaycanın hərb tarixinə "4 günlük müharibə” və
ya "Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəni bizlərə bəxş
edənlər sırasında Qazaxın igid, mərd oğulları da var. Aprel döyüşləri zamanı
Qazax rayonunun 3 igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd
Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli
kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - Şəhidlik
zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha göstərdilər.
Bu gün həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi
bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlimiz kapitan Orucov Mühüd Qurban
oğlunun yoxluğundan bizləri 5 il ayırır. 5 ildir ki, şəhidimizin doğum
gününü onsuz qeyd edirik. Yaşasaydı... bu
gün 37 yaşı tamam olacaqdı igid Vətən oğlunun...
Kapitan Orucov Mühüd Qurban oğlu 13
iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci
illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı
Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan
Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə
təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi
Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlmişdir.
Dəfələrlə
Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan
İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014,
2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə
bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.
2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq
Şəhidlik zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük
izdihamla dəfn olunmuşdur.
Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
2016-cı ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun
təşəbbüsü ilə şəhərin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni
zamanda xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində
tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək
Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin
təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi
çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd
Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə
həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman
tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı
kitab yazılmışdır. 2019-cu il iyulun 17-də
"Qazax” Xeyriyyə İctimai Birliyinin və şəhidin ailə üzvlərinin, döyüş
yoldaşlarının, "N” hərbi hissənin şəxsi heyətinin, Həzi Aslanov adına
Ordu–İdeoloji və Mədəniyyət Mərkəzinin və ictimaiyyətin nümayəndələrinin
iştirakı ilə Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu – İdeoloji və
Mədəniyyət Mərkəzində (Mərkəzi Zabitlər Evi) "Mühüdüm-şəhidim” adlı həmin
kitabın təqdimat mərasimi keçirilmişdir.
Bəli, Mühüd qalib çıxdığı bütün döyüşlərlə
həmişə sübut edib ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu
müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğullarımız
var. Şəhidlik adlı zirvəyə ucalmağı özlərinə şərəf və qürur yeri
sayan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları, Vətən naminə canlarını
qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını Şəhidlik adlı uca
bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar.
Mühüd Orucov kimi igid Vətən oğullarının göstərdikləri
şücaət bir daha onu sübut etdi ki, Aprel döyüşləri bizi Qarabağda böyük
qələbəmizə aparan şanlı yolun başlanğıcı oldu. O yolu qət edən igid
oğullarımızla bu gün başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və bundan
sonra da edəcəkdir. Aprel döyüşləri o şanlı qələbədir ki, bu gün də düşmənə
sarsıdıcı zərbələr vurur. 5 il öncə vahiməyə düşən düşmən bu gün də o tarixi
andan söz düşəndə çəkinir. Çünki düşmən yaxşı bilir ki, Azərbaycanda Mühüd
Orucov kimi oğullar hər zaman olub və bundan sonra da olacaqdır. Necə ki, bu gün Mühüdün evində Vüqar və Anar adlı iki əkiz oğul
övladı böyüyür.
GOYEZEN.AZ
Geri qayıt
|