İcra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri Aprel şəhidi kapitan Mühüd Orucovun doğum günündə ailəsini ziyarət ediblər
Yaşasaydı... bu gün 36 yaşı tamam olacaqdı "Aprel
döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun
gücünü göstərən qələbədir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər
yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var.
Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Aprel döyüşləri
nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş
ərazilərində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki,
Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü
nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Bəli, ölkə
başçısının da dəyərli fikirlərində söylənildiyi kimi, öz qələbəsi, əks-sədası
ilə Azərbaycanın hərb tarixinə zəfər bayramı kimi düşmüş 2016-cı ilin Aprel
döyüşləri bizim qalibiyyətimiz, zəfər salnaməmizdir. Azərbaycanın hərb tarixinə
"4 günlük müharibə” və ya "Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəni
bizlərə bəxş edənlər sırasında Qazaxın igid, mərd oğulları da var. Aprel
döyüşləri zamanı Qazax rayonunun 3 igid oğlu - Fərəhli kəndindən kapitan Orucov
Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd
oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə
- şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha göstərdilər. Bu gün həmin
şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid
olmuş həmyerlimiz kapitan Orucov Mühüd Qurban oğlunun yoxluğundan bizləri 4 il
ayırır. Bu gün şəhidimizin doğum gününü onsuz qeyd edirik. Yaşasaydı... bu gün 36 yaşı tamam olacaqdı... Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon
Prokuroru Rauf Gözəlov və Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə kapitan Mühüd Orucovun doğulub boya-başa çatdığı
Fərəhli kəndində olub. Şəhidimizin ata və anası ilə görüşüblər. Ailəsini
ziyarət edərək şəhidimizin əziz xatirəsini dərin ehtiramla anıblar.
Şəhidimizin ruhuna dua
oxunduqdan sonra icra başçısı igid Vətən oğlunun döyüş yolundan söz açıb, onun
daim qəlblərdə yaşadığını bir daha diqqətə çatdırıb. Qeyd edib ki, ölkə
başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir.
Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Rayon rəhbəri bildirib
ki, Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən
inkişaf edir. Bu döyüş düşmənə ordumuzun gücünü, əsgərlərimizin
vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi.
Düşmən anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir.
Bildirib ki, Aprel döyüşü zamanı Mühüd Orucovun göstərdiyi igidliklər hər bir
azərbaycanlı üçün nümunədir. Məhz belə oğullar sayəsində Aprel döyüşləri zamanı
işğal altında olan Azərbaycan torpaqlarının bir hissəsi düşmən tapdağından azad
edilib, strateji yüksəkliklər qoşunlarımızın əlinə keçib. İcra başçısı qeyd edib ki,
illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman
dəyişməyəcək, əksinə daha da artacaqdır. "Şəhidlər bizim üçün hər zaman
əzizdir. Şəhidin ailəsi bizim ailəmizdir”, - deyən rayon rəhbəri şəhidlərimizin
xatirəsinin bundan sonra da yüksəkdə tutulacağını vurğulayıb. Rayon rəhbəri
ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli
ordumuzun bundan sonra da qələbə qazanacağı, işğal altında olan torpaqlarımızın
tezliklə düşmən tapdağından azad ediləcəyi və üçrəngli bayrağımızın həmin
torpaqlarda dalğalanacağı günün uzaqda olmadığını bildirib. İcra başçısı qeyd edib ki, Aprel döyüşlərinin
bizim üçün nə qədər əhəmiyyətli olduğunu cənab Prezident İlham Əliyev çıxışları
zamanı dəfələrlə söyləyib. Respublika Prezidenti İlham Əliyev iyulun 6-da Bakının
Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu
xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında Azərbaycan
Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibə verərkən
söylədiyi fikirlərlə həmin döyüşün Azərbaycanın hərb tarixinə qızıl hərflərlə
yazıldığını bir daha vurğuladı. Ölkə başçısı müsahibəsində qeyd etdi ki, "Biz
haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında
və heç kimin Aprel döyüşləri yadından çıxmasın”. İcra
başçısı vurğulayıb ki, ölkə rəhbəri öz çıxışı ilə Ordumuzun gücünü dilə
gətirməklə düşmənə layiqli yerini bir daha xatırlatdı. Və çox keçmədi ki,
dövlət başçısının, Ali Baş Komandanın sözləri öz real əksini tapdı. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ
keçirmək cəhdinin qarşısı uğurlu əməliyyat nəticəsində müvəffəqiyyətlə alındı. Azərbaycanın
igid, mərd oğulları düşmənə layiqli cavabını verməklə bu xalqın hər zaman vətənpərvər
olduğunu bir daha nümayiş etdirdilər. Rayon rəhbəri qəhrəmancasına şəhid olan
bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib. Şəhidin atası Qurban Orucov şəhid ailələrinə göstərdiyi diqqət və
qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə ailəsi adından
minnətdarlığını bildirib. Bugünkü ziyarəti şəhidlərə olan ehtiramın bariz nümunəsi
kimi qeyd edib. Daha sonra rayon rəhbəri şəhidimizin əkiz övladları – Anar və Vüqarla
xatirə şəkli çəkdirib, onlara səmimi arzularını çatdırıb. Kapitan
Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində
anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və
2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində
Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı
ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi
uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor
Komandiri vəzifəsinə yüksəlmişdir. Dəfələrlə
Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan
İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014,
2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək
Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb. 2016-cı il
aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq "Şəhidlik” zirvəsinə
ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn
olunmuşdur. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham
Əliyevin 19
aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə şəhərin mərkəzində adına bulaq kompleksi
tikilmişdir. Eyni zamanda xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir. Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin
İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra
olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş
"Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant
Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş
"Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır. Ötən il iyulun 17-də "Qazax” Xeyriyyə İctimai Birliyinin və şəhidin
ailə üzvlərinin, döyüş yoldaşlarının, "N” hərbi hissənin şəxsi heyətinin, Həzi
Aslanov adına Ordu–İdeoloji və Mədəniyyət Mərkəzinin və ictimaiyyətin
nümayəndələrinin iştirakı ilə Müdafiə
Nazirliyinin Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət Mərkəzində
(Mərkəzi Zabitlər Evi) "Mühüdüm-şəhidim” adlı həmin kitabın təqdimat mərasimi
keçirilmişdir. Bəli, Mühüd qalib çıxdığı bütün döyüşlərlə həmişə
sübut edib ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin
uğrunda canından keçməyə hazır olan oğullarımız var. Şəhidlik adlı zirvəyə ucalmağı özlərinə şərəf və qürur yeri
sayan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları, Vətən naminə
canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını şəhidlik
adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. M.Orucov kimi igid Vətən oğullarının göstərdikləri
şücaət bir daha onu sübut etdi ki, Aprel döyüşləri bizi Qarabağda böyük
qələbəmizə aparan şanlı yolun başlanğıcıdır. O yolu qət edən igid oğullarımızla
bu gün başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və bundan sonra da
edəcəkdir. Aprel döyüşləri o şanlı qələbədir ki, bu gün də düşmənə sarsıdıcı
zərbələr vurur. 4 il öncə vahiməyə düşən düşmən bu gün də o tarixi andan söz
düşəndə çəkinir. Çünki düşmən yaxşı bilir ki, Azərbaycanda Mühüd Orucov kimi
oğullar hər zaman olub və bundan sonra da olacaqdır. Necə ki, bu gün Mühüdün evində Vüqar və Anar adlı iki əkiz oğul övladı böyüyür. GOYEZEN.AZ
Facebook-da paylaş