Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri Aprel şəhidi kapitan Mühüd Orucovun doğum günündə ailəsini ziyarət ediblər
İcra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri Aprel şəhidi kapitan Mühüd Orucovun doğum günündə ailəsini ziyarət ediblər13-07-2020, 20:29 |
Yaşasaydı... bu gün 36 yaşı tamam olacaqdı "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Bəli, ölkə başçısının da dəyərli fikirlərində söylənildiyi kimi, öz qələbəsi, əks-sədası ilə Azərbaycanın hərb tarixinə zəfər bayramı kimi düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim qalibiyyətimiz, zəfər salnaməmizdir. Azərbaycanın hərb tarixinə "4 günlük müharibə” və ya "Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəni bizlərə bəxş edənlər sırasında Qazaxın igid, mərd oğulları da var. Aprel döyüşləri zamanı Qazax rayonunun 3 igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha göstərdilər. Bu gün həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlimiz kapitan Orucov Mühüd Qurban oğlunun yoxluğundan bizləri 4 il ayırır. Bu gün şəhidimizin doğum gününü onsuz qeyd edirik. Yaşasaydı... bu gün 36 yaşı tamam olacaqdı... Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Prokuroru Rauf Gözəlov və Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə kapitan Mühüd Orucovun doğulub boya-başa çatdığı Fərəhli kəndində olub. Şəhidimizin ata və anası ilə görüşüblər. Ailəsini ziyarət edərək şəhidimizin əziz xatirəsini dərin ehtiramla anıblar.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra icra başçısı igid Vətən oğlunun döyüş yolundan söz açıb, onun daim qəlblərdə yaşadığını bir daha diqqətə çatdırıb. Qeyd edib ki, ölkə başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Rayon rəhbəri bildirib ki, Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Bu döyüş düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Bildirib ki, Aprel döyüşü zamanı Mühüd Orucovun göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğullar sayəsində Aprel döyüşləri zamanı işğal altında olan Azərbaycan torpaqlarının bir hissəsi düşmən tapdağından azad edilib, strateji yüksəkliklər qoşunlarımızın əlinə keçib. İcra başçısı qeyd edib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. "Şəhidlər bizim üçün hər zaman əzizdir. Şəhidin ailəsi bizim ailəmizdir”, - deyən rayon rəhbəri şəhidlərimizin xatirəsinin bundan sonra da yüksəkdə tutulacağını vurğulayıb. Rayon rəhbəri ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuzun bundan sonra da qələbə qazanacağı, işğal altında olan torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyi və üçrəngli bayrağımızın həmin torpaqlarda dalğalanacağı günün uzaqda olmadığını bildirib. İcra başçısı qeyd edib ki, Aprel döyüşlərinin bizim üçün nə qədər əhəmiyyətli olduğunu cənab Prezident İlham Əliyev çıxışları zamanı dəfələrlə söyləyib. Respublika Prezidenti İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibə verərkən söylədiyi fikirlərlə həmin döyüşün Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını bir daha vurğuladı. Ölkə başçısı müsahibəsində qeyd etdi ki, "Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”. İcra başçısı vurğulayıb ki, ölkə rəhbəri öz çıxışı ilə Ordumuzun gücünü dilə gətirməklə düşmənə layiqli yerini bir daha xatırlatdı. Və çox keçmədi ki, dövlət başçısının, Ali Baş Komandanın sözləri öz real əksini tapdı. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək cəhdinin qarşısı uğurlu əməliyyat nəticəsində müvəffəqiyyətlə alındı. Azərbaycanın igid, mərd oğulları düşmənə layiqli cavabını verməklə bu xalqın hər zaman vətənpərvər olduğunu bir daha nümayiş etdirdilər. Rayon rəhbəri qəhrəmancasına şəhid olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib. Şəhidin atası Qurban Orucov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. Bugünkü ziyarəti şəhidlərə olan ehtiramın bariz nümunəsi kimi qeyd edib. Daha sonra rayon rəhbəri şəhidimizin əkiz övladları – Anar və Vüqarla xatirə şəkli çəkdirib, onlara səmimi arzularını çatdırıb.
Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlmişdir. Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb. 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq "Şəhidlik” zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə şəhərin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır. Ötən il iyulun 17-də "Qazax” Xeyriyyə İctimai Birliyinin və şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, "N” hərbi hissənin şəxsi heyətinin, Həzi Aslanov adına Ordu–İdeoloji və Mədəniyyət Mərkəzinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət Mərkəzində (Mərkəzi Zabitlər Evi) "Mühüdüm-şəhidim” adlı həmin kitabın təqdimat mərasimi keçirilmişdir. Bəli, Mühüd qalib çıxdığı bütün döyüşlərlə həmişə sübut edib ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğullarımız var. Şəhidlik adlı zirvəyə ucalmağı özlərinə şərəf və qürur yeri sayan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları, Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. M.Orucov kimi igid Vətən oğullarının göstərdikləri şücaət bir daha onu sübut etdi ki, Aprel döyüşləri bizi Qarabağda böyük qələbəmizə aparan şanlı yolun başlanğıcıdır. O yolu qət edən igid oğullarımızla bu gün başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və bundan sonra da edəcəkdir. Aprel döyüşləri o şanlı qələbədir ki, bu gün də düşmənə sarsıdıcı zərbələr vurur. 4 il öncə vahiməyə düşən düşmən bu gün də o tarixi andan söz düşəndə çəkinir. Çünki düşmən yaxşı bilir ki, Azərbaycanda Mühüd Orucov kimi oğullar hər zaman olub və bundan sonra da olacaqdır. Necə ki, bu gün Mühüdün evində Vüqar və Anar adlı iki əkiz oğul övladı böyüyür.
GOYEZEN.AZ Geri qayıt |