"Özü "tarixi" qurtarmışdı, adını da tarixə yazdı"
Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən
qələmə alınmış "Qanları ilə dastan
yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı
Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50
qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları
ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş
yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab
İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların
şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad
edilmişdir. Kitabda şəhidimiz leytenant Məmmədov Məhəmməd Zakir oğlu haqqında
yazılmış "Özü "tarixi"
qurtarmışdı, adını da tarixə yazdı" sərlövhəli xatirə
yazısını oxuculara təqdim edirik... "Özü "tarixi" qurtarmışdı, adını da tarixə yazdı" Həyatda
hər bir insan öz həyat tarixçəsini özü yazır. Etdiyi əməlləri, gündəlik fəaliyyəti
ilə həmin tarix dəftərinin səhifələrini ağ, qara rənglərlə yazıb ömrünü başa
vurur. Dünyaya gəlib yaşamış hər bir insandan tamamlanıb və yaxud yarımçıq
qalan həmin ömür kitabları yadigar qalır. Elə insanlar da var ki, onlar əməlləri,
mərdlikləri, şücaətləri ilə əbədiləşərək adlarını tarixə yazdırırlar. Şəhid leytenant
Məmmədov Məhəmməd Zakir oğlu kimi. Məhəmməd
Məmmədov qısa, amma şərəfli, nəsillərə nümunə olacaq bir ömür yaşamış, adı
tarixə yazılmışdır - şərəf, ləyaqət tarixinə. Anası Yaqut xanımın dediyi "Özü "tarixi" qurtarmışdı, adını da tarixə yazdı"
sözləri Məhəmmədin yarımçıq qalan ömür tarixinin ana xətti, leytmotividir. 1994-cü
ilin yanvarın 27-də Qazax rayonunun Alpout kəndində dünyaya gəlmişdi Məhəmməd.
Evin böyük oğlu idi. Kiçik yaşlarından öz dərrakəsi, yaddaşı, biliyi ilə diqqəti
özünə cəlb eləmişdi. 2001-ci ildə Rəsul Mirzəyev adına Alpout kənd tam orta məktəbində
oxumağa başlayanda da müəllimlər Məhəmmədin bilik və bacarığını görür, onun
sabahının işıqlı olacağına inanırdılar. İnanırdılar ki, şagirdləri gələcəkdə
savadlı və perspektivli bir mütəxəssis olacaqdır. Məhəmməd
Məmmədov 2012-ci ildə orta məktəbi qurtardıqdan sonra təhsilini davam etdirib valideynlərinin,
müəllimlərinin ona bəslədikləri ümidləri doğrultdu. Həmin il yüksək balla Bakı
Dövlət Universitetinin Qazax filialının Tarix və coğrafiya müəllimliyi fakültəsinə
daxil oldu. 2016-cı ildə təhsilini uğurla başa vurub gənc mütəxəssis kimi
diplom aldı. Valideynləri, müəllimləri onun öz təhsilini artırıb davam etdirəcəyini,
yaxud öz ixtisası üzrə çalışacağını gözləyirdilər. Filialın direktor müavini, dosent
Məmməd Yusifovun yazdığı bu cümlələr Məhəmmədin xarakterini aydın şəkildə
açıb göstərir: "Təhsil illərində Məhəmməd özünü bilikli, geniş dünyagörüşünə
malik olan nizam-intizamlı bir tələbə kimi göstərirdi. O, eyni zamanda vətənpərvər,
el-obasına bağlı bir gənc idi. Filialda tarixi günlərlə bağlı keçirilən əksər tədbirlərə
təşkilatçılıq edirdi. Qarabağ məsələsində çox həssas idi. Torpaqlarımızın işğalı
ilə heç cür barışmırdı. "Nə qədər gözləmək olar?" deyirdi. Ona görə də
Məhəmməd müharibəyə öncüllər sırasında getdi". 2016-cı
ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb hərbi xidmət keçəndən
sonra onun arzu və istəkləri, gələcək həyat yolu birdən-birə köklü şəkildə dəyişdi.
Hərbi sahə Məhəmmədi özünə elə bağladı, elə cəlb elədi ki, bir daha ondan
ayrıla bilmədi. Hərbi xidmətini başa vurub evə qayıdandan sonra valideynlərinə
hərbiyə gedib bu sahədə xidmət edəcəyini bildirdi. Təəccüblü
olsa da, bu, onun öz seçimi idi. Bəlkə də, bu qərar atası Zakir kişinin vaxtilə hərbidə qulluq etməsindən, Qarabağ müharibəsi veteranı olmasından və Məhəmmədin
uşaq vaxtından qəlbən bu sahəyə bağlanmasından irəli gəlirdi. Bəlkə də... Dediyi
kimi də elədi. Məhəmməd Məmmədov gənc zabit kimi "N" saylı hərbi hissədə
xidmət etməyə başladı. Özü seçdiyi üçün hərbi sahədə ilk gündən ürəklə, həvəslə
çalışırdı. Verilən tapşırıqlara yüksək səviyyədə əməl edir, gələcəyin sağlam,
yüksək əhval-ruhiyyəli bir zabiti kimi yetişirdi. Atası Zakir kişi oğlu ilə sonuncu görüşünü belə xatırlayır: -
Sentyabrın 15-də (2020-ci ilin) evə gəlmişdi. Beş günlük məzuniyyətdə idi. Uzun müddətdən
sonra ailəmiz yenə də bir yerə toplaşmışdı. Hamımız deyib-gülür, fərəhlənirdik.
Məzuniyyətinin dördüncü günü komandirləri Məhəmmədə zəng elədi. Danışıb
qurtarandan sonra oğlum gedəcəyini deyib hazırlaşmağa başladı. Bir-iki saat
sonra bizimlə sağollaşıb (əslində isə vidalaşıb) yola çıxdı. Sonra eşitdim ki,
Tərtərdə döyüşür. Onu
da qeyd edim ki, həmin vaxt Məhəmmədin qardaşı Nurlan Məmmədov da cəbhədə
döyüşürdü. O, da dövlət tərəfindən medallarla təltif olunmuşdur. "N"
saylı hərbi hissənin motoatıcı taborunun tərkibində tağım komandiri olan
leytenant Məhəmməd Məmmədov Vətən müharibəsi başlayan ilk gündən cəbhə bölgəsində
olub, mərdliklə döyüşüb. Sentyabrın 30-da döyüşərkən ayağından və çiynindən qəlpə
yarası almasına baxmayaraq, hospitala gedib müalicə olunmayıb. "Mənim əsgərim
döyüşdə ola-ola mən müalicə oluna bilmərəm" - deyərək yenidən döyüşə
girib. Məhəmməd
Məmmədov Suqovuşanın alınmasında, Cəbrayılın, Laçının azad olunmasında iştirak
edib. O, oktyabrın 4-də səhər tezdən Cəbrayıl-Ağdərə istiqamətində gedən ağır
döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən snayperlə vurulub, döyüş
meydanında qəhrəmancasına şəhid olub. Şəhid
leytenant Məhəmməd Məmmədov Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən "Vətən uğrunda" və 29
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə"
medalları ilə təltif olunmuşdur. Subay
idi. Məhəmməd Məmmədovdan gələcək nəsillərə şərəfli bir ömür tarixçəsi yadigar
qalıb. GOYEZEN.AZ
Facebook-da paylaş