• Təqvim

  • Maraq



Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçməkdir

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Vətən müqəddəsdir, əzizdir. Onu göz bəbəyi kimi qorumaq hər birimizin müqəddəs borcudur. Bu müqəddəs borcu isə Şəhidlik adlı uca bir zirvəyə yüksəlməklə qaytarmaq lazım gəlir. Şəhidlik isə adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Bu gün hər bir vətəndaş bu borcun nə demək olduğunu yaxşı anlayır və bir an olsun belə bu yolu getməkdən çəkinmir. "Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğullar dünən də olub, bu gün də var və sabah da olacaq. Adlarını tarixə şəhid kimi yazdıran bu cür Vətən oğullarını yaxından tanımaq, onların əziz xatirələrini yad etmək isə hər birimizin ən ümdə işi olmalıdır. Çünki şəhidlərimizin keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!.

Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...  

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Mühüd Orucovun, Elvin Namazovun, Vüqar Həsənovun, İlqar Əliyevin, Aydın Məmmədovun, İsmandiyar Mürsəlovun, Şahvələd Qocayevin, Polad Əhmədovun, Arzu Nəbiyevin, Mehman Cürənovun, Vasif Mehtiyevin, Araz Əmilovun əziz xatirəsini yad edirik. 

Orucov Mühüd Qurban oğlu


Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə  yüksəlmişdir.

Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.

2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq "Şəhidlik” zirvəsinə  ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə  RespublikaPrezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır.

Namazov Elvin Məmməd oğlu


Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir. Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur. Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalıilə təltif olunmuşdur. 2016-cı ildə rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı kitab yazılmışdır.

Həsənov Vüqar Eldar oğlu


Həsənov Vüqar Eldar oğlu 6 aprel 1984-cü ildə Qazax şəhərində anadan olmuşdur. 1991-ci ildə Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbə daxil olmuş, IX sinfi bitirdikdən sonra Xanlıqlar kəndində X-XI sinfi oxumuşdur. Eyni zamanda Qazax şəhər Musiqi Məktəbini bitirmişdir. 2002-ci ilin aprel ayında hərbi xidmətə getmiş, həmin ilin iyul ayının 18-də Beyləqan rayonunda düşmənlə təmas xəttində torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Qazax şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.

Əliyev İlqar Nəbi oğlu


Əliyev İlqar Nəbi oğlu 6 aprel 1971-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1978-1989-cu illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1989-1991-ci illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il dekabr ayının 29-da xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

Məmmədov Aydın Musa oğlu


Məmmədov Aydın Musa oğlu 7 aprel 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qaymaqlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olunmuşdur. Elə həmin ildə də Azərbaycan Milli Ordusuna çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələkənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd tam orta məktəbi şəhid Aydın Məmmədovun adını daşıyır.

Mürsəlov İsmandiyar Musa oğlu


Mürsəlov İsmandiyar Musa oğlu 18 sentyabr 1932-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1940-cı ildə Cəfərli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1948-ci ildə həmin məktəbin yeddinci sinfini bitirmişdir. 1952-1955-ci illərdə SSRİ silahlı qüvvələrində Belarusiya Respublikasında xidmət etmişdir. Qazax rayon yol-istismar idarəsində fəhlə işləmişdir. 8 aprel 1997-ci ildə Bala Cəfərli kəndində evindən çıxıb öz mal-qarasını gətirməyə gedərkən ermənilər tərəfindən snayperlə vurulmuşdur.

Qocayev Şahvələd Məhəmməd oğlu


Qocayev Şahvələd Məhəmməd oğlu 5 sentyabr 1937-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində andan olmuşdur. Şahnabad Nəsibova adına Sarıvəllikənd tam orta məktəbində təhsil almışdır. 10 aprel 1993–cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində şəhid olmuşdur. Ailəli idi.

Əhmədov Polad Məmməd oğlu


Əhmədov Polad Məmməd oğlu 10 aprel 1972-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur. 1979-cu ildə Quşçu Ayrım kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbi bitirmiş və ordu sıralarında xidmət keçmişdir. Əhmədov Polad Məmməd oğlu 17 oktyabr 2004-cü ildə Quşçu Ayrım kəndində odun gətirən zaman erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi.

Nəbiyev Arzu Abdulla oğlu


Nəbiyev Arzu Abdulla oğlu 10 aprel 1965-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1972-ci ildə Alpout kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Qazax rayonundakı Kənd Təsərrüfatı Texnikumuna qəbul olmuşdur. 1983-1985-ci illərdə Ermənistanın Lalaxan rayonunda hərbi xidmət keçmişdir. Muxtar Hacıyev adına sovxozda işləyərək evin tək oğlu olduğuna baxmayaraq könüllü olaraq Milli Orduya qoşulmuşdur. 1990-1993-cü illərdə Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Topçu olan Arzu Nəbiyev 22 iyul 1993-cü ildə Fərəhli kəndində yerləşən Odun dağı adlanan ərazidə minaya düşərək şəhid olmuşdur. 1994-cü ildə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Ailəliydi. İki övladı yadigar qalmışdır.

Cürənov Mehman Məcid oğlu


Cürənov Mehman Məcid oğlu 10 aprel 1966-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1984-1986-cı illərdə keçmiş sovetlər birliyində hərbi xidmətdə olmuşdur. 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Mehtiyev Vasif Əhməd oğlu


Mehtiyev Vasif Əhməd oğlu 10 aprel 1973-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbində təhsil almışdır. 1992-ci ildə hərbi xidmətə yola düşmüşdür. 3 sentyabr 1993-cü ildə Kəlbəcərdə gedən döyüşlərdə şəhid olmuşdur.

Əmilov Araz Laçın oğlu


Əmilov Araz Laçın oğlu 11 aprel 1969-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1976-1987-ci illərdə bu gün adını daşıdığı Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1987-1989-cu illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1989-1990-cı illərdə Bakı şəhərində 147 saylı texniki peşə məktəbində təhsil almışdır. 1992-ci ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmişdir. 1992-ci il dekabr ayının 29-da Lələkənd uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin meyiti 40 gün erməni təcavüzkarlarında qalmışdır. Şəhid Əmilov Araz Laçın oğlu 1993-cü il fevral ayının 10-da dəfn olunmuşdur.



Facebook-da paylaş