Qəlblərdə əbədi yaşayan şəhidlər...
Torpaq, Vətən, xalq, millət,
dövlət uğrunda canından keçən Şəhidlər... Ölümün gözünə dik baxaraq Şəhidlik adlı uca zirvəni bir göz qırpımında, qorxu
bilmədən fəth edən igid Vətən oğulları... Şəhidlər bizim fəxrimiz, onların uyuduğu Vətən
torpağı isə and yerimizdir. İllər keçsə də, nəsillər bir-birini əvəz etsə
də qəhrəmanlıqları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən
oğul və qızlarımız heç vaxt unudulmayacaq. Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə
kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz, bütövlükdə hər bir azərbaycanlı fəxr
edir. Bu gün hər bir vətəndaş "Bu Vətən bizimdir!” deyib canından keçən
igid və mərd oğulları ilə qürur duyur. Unutmayaq ki, Vətən, torpaq, millət var
olsun deyə, üçrəngli Azərbaycan Bayrağı yüksəklərdə dalğalansın deyə canını
verməkdən bir an belə tərəddüd etməyən Vətən oğullarını yad etmək, xatirələrini
əziz tutmaq da bizim hər birimizin ən ümdə borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı
gənclərdə hər zaman yüksək səviyyədə olub və bu, bundan sonra da belə olacaq.
Bu gün düşmənlə 168 km sərhədi
olan, Məzəm, Quşçu Ayrım, Fərəhli,
Cəfərli, Bala Cəfərli kimi 5
kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara,
Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan
Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 şəhid verib. 7
nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən
döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən rayonunun Yuxarı Salahlı
kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu da
qəhrəmancasına şəhid olaraq bir daha sübut etdi ki, Qazaxın igid,
mərd oğulları hər zaman olub və bundan sonra da olacaq... Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından
keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz
nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan
abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin
vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu
müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid
oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər. Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda
canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan
çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından
keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad
edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi artıq bir
ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım
günü olan şəhidlərimizdən – Şamoy Çobanovun, Faiq Əhmədovun, Eyvaz Nağıyevin, Alı Alıyevin, Tahir Fərzəliyevin, Vüqar Bənnayevin əziz xatirəsini yad edirik. Çobanov Şamoy Məhyəddin oğlu
Çobanov
Şamoy Məhyəddin oğlu 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində
anadan olmuşdur. 1972-ci ildə Ağköynək kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Orta məktəbi
bitirdikdən sonra bir il avtobazada çilingər kimi çalışmışdır. 1983-85-ci illərdə
keçmiş sovetlər birliyinin Leninqrad şəhərində hərbi xidmətdə olmuşdur. Xidməti
başa vurduqdan sonra Vətənə dönmüş və yenidən çilingər kimi çalışmışdır.
1988-ci ildə Qazax rayonunun polis şöbəsində polis nəfəri kimi işə qəbul
edilmişdir. Bağanıs Ayrım, Aşağı Əskipara, Barxudarlı kəndlərində dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. 1990-cı il
avqust ayının 19-da Yuxarı Əskipara kəndinə işləyən sərnişin avtobusu Şamoy
Çobanov və başqa polis nəfəri tərəfindən mühafizə olunmuşdur. "Səməd Ağa
vurulan dərə” deyilən ərazidə mənfur ermənilər avtobusu atəşə tutmuşdular.
Atışma başlamış və Şamoy Çobanov avtobusun qapısını açaraq ermənilərin üstünə
getmişdir və bir müddət atışandan sonra qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan
Respublikası Prezidentinin 8 okyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə respublikamızın
suverenliyi və dinc əhalinin təhlükəsizliyinin təmin olunmasında göstərdiyi şəxsi
igidliyinə və şücaətinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhramanı fəxri
adına layiq görülmüşdür. Hal-hazırda Ağköynək tam orta məktəbi onun adını
daşıyır və məktəbdə onun büstü qoyulmuşdur. Eyni zamanda, şəhərin mərkəzində və
doğulduğu Ağköynək kəndində xatirəsinə tikilmiş bulaq var. Əhmədov Faiq Nazim oğlu
Əhmədov
Faiq Nazim oğlu 28 oktyabr 1969–cu ildə Qazax rayonunun Xanlıqlar kəndində zəhmətkeş
ailəsində anadan olmuşdur. 1975-ci ildə Xanlıqlar kənd tam orta məktəbin
birinci sinfinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin onuncu sinfini
bitirmişdir. 1985-1989-cu illərdə M.Qorki adına SSRİ Ali Hərbi Məktəbini
bitirmişdir. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində zabit kimi fəaliyyətə
başlamışdır. 17 avqust 1993-cü ildə Qazax rayonu ərazisində erməni işğalçılarına
qarşı gedən döyüşlərdə şəhid olmuşdur. Evlidir. 2 qız övladı var. Ailəsi dövlət
tərəfindən evlə təmin olunmuşdur. Nağıyev
Eyvaz Alı oğlu
Nağıyev Eyvaz Alı oğlu 3 sentyabr 1960-cı
ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Kürdlər kəndində anadan
olmuşdur. 1968-ci ildə yaşadığı kənddə birinci sinfə daxil olmuş, 1978-ci ildə
həmin orta məktəbi bitirmişdir. 1979-1981-ci illərdə sovet ordusunda hərbi xidmətdə
olmuşdur. 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gəlmişdir. 1991-ci
ildə könüllü olaraq Milli Orduda gizir kimi xidmət etməyə başlamışdır. 18
avqust 1993-cü ildə döyüş zamanı şəhid olmuşdur. Gürcüstan Respublikasının Marneuli
rayonunun Kürdlər kəndində dəfn olunmuşdur. Ailəlidir. Bir oğlu, bir qızı var.
Hal-hazırda həyat yoldaşı və uşaqları Bakı şəhərində yaşayırlar. Alıyev Alı Hümbət oğlu
Alıyev
Alı Hümbət oğlu 20 avqust 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində
anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci
sinfinə daxil olmuşdur. 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1977-ci ildən 1979-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə
olmuşdur. Orta təhsillidir. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində
erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 26 iyun 1992-ci
ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Fərzəliyev Tahir Dursun oğlu
Fərzəliyev
Tahir Dursun oğlu 20 avqust 1972–ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində
anadan olmuşdur. 1979-cu ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1991-ci
ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 6 mart 1994-cü ildə Qazax
rayonunun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bənnayev Vüqar Sabir oğlu
Bənnayev
Vüqar Sabir oğlu 21 avqust 1979-cu ildə Qazax şəhərində anadan olmuşdur.
1986-cı ildə Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin birinci
sinfinə daxil olmuş, 1996-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin gizirlik məktəbinə daxil olmuşdur.
Həmin il kursu bitirdikdən sonra Tərtərdə hərbi xidmətdə olmuşdur. 7 noyabr
2002-ci ildə Tərtər istiqamətində torpaqlarımızın ərazi bütövlüyü uğrunda vəzifə
borcunu yerinə yetirərkən düşmən tərəfindən atılan snayper gülləsi nəticəsində
şəhid olmuşdur.Şəhidlərimizi tanıyaq və
tanıdaq----------------------------
Facebook-da paylaş