Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Azərbaycanın
XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 28 ili
tamam olur. Tarix
boyu erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən ən ağır cinayət
aktından 28 il keçsə də Azərbaycan
xalqı və dövləti bu faciəni heç vaxt unutmur və unutmayacaq da... Qazaxda hər il olduğu kimi, bu il də Xocalı soyqırımının
ildönümünə həsr olunmuş anım tədbirləri keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair
tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli 9-21/18
nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına
uyğun olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi rayonda fəaliyyət göstərən
idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində
anım tədbirləri ilə qeyd edilir. Növbəti anım tədbirləri Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialında, Rayon Maliyyə İdarəsində,
DSMF-nin Qazax Rayon şöbəsində, "Azərpoçt” MMC-nin Qazax Poçt filialında, "Aztelekom” MMC-nin Qazax
Telekommunikasiya Qovşağında, Qazax Magistral Qaz Kəmərləri
sahəsində keçirilib. Bütün tədbirlərdə əvvəlcə
Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirlərdə çıxış edənlər xalqımızın başına gətirilən müsibətlərdən söz açıb, o qanlı günlərə bir daha nəzər yetiriblər. Bildirilib ki, Azərbaycan
tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı
soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar
cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin
xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələrinin Xocalı şəhərinə hücuma keçməsi, bütün beynəlxalq hüquq, o cümlədən
beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritməsi,
şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutulması düşmən
xislətini açıq şəkildə nümayiş etdirir. Məhz bu müdhiş soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər
sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi
qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz
qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək
məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq
isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə -
azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb
və şikəst ediliblər. Çıxışlarda
Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, bu faciənin xalqımıza
qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün
zəruri addımların atılmasından da danışılıb. Bu sahədə məqsədyönlü fəaliyyətin
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından
sonra geniş vüsət tapdığı, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına
siyasi-hüquqi qiymət verildiyi, fevralın 26-nın Xocalı Soyqırımı Günü elan
edildiyi bildirilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının
bu istiqamətdə təbliğat işini daha da fəallaşdırdığını qeyd ediblər. Faciə ilə
əlaqədar dəhşətli faktların bu kampaniya çərçivəsində aparılan işlər sayəsində
geniş beynəlxalq ictimaiyyətə çatdırıldığını vurğulayıblar. Bildirilib ki, bugünkü gənc nəsil də bu qətliamı unutmamalı
və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda bütün səylərini
səfərbər etməlidirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş