Əsas Səhifə > Şəhidlər > Xocalı soyqırımı heç vaxt unudulmayacaq

Xocalı soyqırımı heç vaxt unudulmayacaq


24-02-2020, 14:41


Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 28 ili tamam olur. Tarix boyu erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən ən ağır cinayət aktından 28 il keçsə də Azərbaycan xalqı və dövləti bu faciəni heç vaxt unutmur və unutmayacaq da...

Qazaxda hər il olduğu kimi, bu il də Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbirləri keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli 9-21/18 nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində anım tədbirləri ilə qeyd edilir.

Növbəti anım tədbirləri Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialında, Rayon Maliyyə İdarəsində, DSMF-nin Qazax Rayon şöbəsində, "Azərpoçt” MMC-nin Qazax Poçt filialında, "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağında, Qazax Magistral Qaz Kəmərləri sahəsində keçirilib.

Bütün tədbirlərdə əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər xalqımızın başına gətirilən müsibətlərdən söz açıb, o qanlı günlərə bir daha nəzər yetiriblər. Bildirilib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə hücuma keçməsi, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritməsi, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutulması düşmən xislətini açıq şəkildə nümayiş etdirir. Məhz bu müdhiş soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Çıxışlarda Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atılmasından da danışılıb. Bu sahədə məqsədyönlü fəaliyyətin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra geniş vüsət tapdığı, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, fevralın 26-nın Xocalı Soyqırımı Günü elan edildiyi bildirilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu istiqamətdə təbliğat işini daha da fəallaşdırdığını qeyd ediblər. Faciə ilə əlaqədar dəhşətli faktların bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırıldığını vurğulayıblar. Bildirilib ki, bugünkü gənc nəsil də bu qətliamı unutmamalı və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda bütün səylərini səfərbər etməlidirlər.

 



 






 

GOYEZEN.AZ


Geri qayıt