Vətənə xidmət yolunun şəhidlik zirvəsinə yüksələnlər heç vaxt unudulmur
Şəhidlərimizi
tanıyaq və tanıdaq-----------
Bütün yüksəkliklərdən ucada dayanan bir
müqəddəs zirvə var ki, o Şəhidlik zirvəsidir. Bu zirvəyə isə müqəddəs amallar
uğrunda vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda
etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli insanlar yüksələ bilir. Bu
yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik
qazanırlar. Doğma Vətən torpağını qoruyan, uğrunda canından,
qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər birimizin müqəddəs
borcu olmalıdır. Eyni zamanda, onların keçdiyi döyüş yolunu, göstərdikləri
qəhrəmanlıqları gələcək nəsillərə örnək göstərməliyik. Çünki şəhidlərimizin Vətənə olan
sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə
olunmasında bir addım atmış olarıq.
Bu gün düşmənlə 168 km məsafədə sərhəddi
olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı
altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu
Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi
hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə
yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin
ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların,
onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən
əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən
gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir,
memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə
önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən
tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi
olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır,
onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə
olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.
Qazax rayonunda torpaqlarımızın
azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin
qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya
anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri
igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad
olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə
yaşayır.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından
keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək
mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə
halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Alı Mustafayevin, Mustafa Mustafayevin, Aftandil Quluyevin, İqbal
Axundovun, Kamal Kərimovun əziz xatirələrini yad
edirik.
Mustafayev
Alı Mustafa oğlu
14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində
anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş,
1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə həqiqi hərbi
xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri xidmətini başa vurub Bakı Elektrik
Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. O, zavodda işlədiyi müddətdə
"Elektrik" qəzetində tez-tez maraqlı yazılarla, şeirlərlə çıxış
edirdi.
Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının
və zavod rəhbərliyinin göndərişilə ADU-nun (indiki Bakı Dövlət Universiteti)
jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan
Dövlət Teleradio Şirkətinin "Xəbərlər" proqramında jurnalist kimi faəliyyətə
başlayır. Çox keçmir ki, "İlin ən yaxşı jurnalisti", "Qızıl qələm"
mükafatlarına layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali
Partiya Məktəbini də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar
nöqtələrdən reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına
düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən
qayıtmışdı.
20 noyabr 1991-ci ildə Tuğ, Xocavənd, Qaradağlı kəndində
törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökümət nümayəndələrini
aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi
yaxınlığında vuruldu. Nəticədə 23 nəfər sayseçmə insan faciəli surətdə həlak
oldu. Alı Mustafayev də onların arasında idi. Ailəli idi. Üç oğul övladı qalıb. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294
saylı fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adı verilmişdir. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn
edilmişdir. Ölümündən sonra "Respublikanın əməkdar
jurnalisti" fəxri adına layiq görülmüşdür. Bakının Nərimanov rayonundakı 202 saylı və Qazax
rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri, Bakı şəhəri 3-cü
mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. 2017-ci ilin aprel ayının 18-də Qazax
rayonunun Qazaxbəyli kəndində Alı Mustafayevin xatirəsinə tikilmiş bulaq kompleksinin təntənəli
açılış mərasimi olmuşdur.
Mustafayev Mustafa Bahad oğlu
Mustafayev
Mustafa Bahad oğlu 10 may 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan
olmuşdur. 1945-ci ildə Cəfərli kənd əsas məktəbin birinci sinfinə daxil olmuş və
1952-сi ildə Cəfərli kənd əsas məktəbin yeddinci sinfini bitirmişdir. 1956-cı
ildə SSRİ silahlı qüvvələrinə hərbi xidmətə çağırılmış, 1957-ci ildə xəstəliyinə
görə tərxis olmuşdur. 1957-ci ildən "Pravda” kolxozunda naxırçı işləmiş, 1972-ci
ildən isə "Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 18 noyabr 1996-cı ildə
Cəfərli kəndində öz xırdabuynuzlu mal-qarasını otararkən ermənilər tərəfindən
vurulmuşdur.
Quluyev Aftandil
Mansır oğlu
Quluyev
Aftandil Mansır oğlu 20 noyabr 1973-ci ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 5 fevral 1990-cı
ildə Sofulu kəndində sahədə qoyun otaran zaman erməni quldurları tərəfindən
silahla vurulmuşdur. Ağır güllə yarası ilə Gəncə şəhər xəstəxanasına
aparılmışdır. Müalicə almasına
baxmayaraq 14 fevral 1990-cı ildə vəfat etmişdir. 1997-ci ildən şəhid statusu
verilmişdir.
Axundov İqbal Abdulməhəmməd oğlu
Axundov
İqbal Abdulməhəmməd oğlu 21 noyabr 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd
1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1983-cü ildə həmin
orta məktəbi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Axundov İqbal
Abdulməhəmməd oğlu 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi yaxınlığında gedən
döyüşlərdə şəhid olmuşdur.
Kərimov Kamal Əşrəf
oğlu
Kərimov
Kamal Əşrəf oğlu 22 noyabr 1961-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində
anadan olmuşdur. 1969-cu ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci
sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 14 oktyabr 1994-cü
ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Ailəli idi. İki övladı var.
Facebook-da paylaş