Əsas Səhifə > Şəhidlər > Vətənə xidmət yolunun şəhidlik zirvəsinə yüksələnlər heç vaxt unudulmur

Vətənə xidmət yolunun şəhidlik zirvəsinə yüksələnlər heç vaxt unudulmur


24-11-2019, 13:09

Şəhidlərimizi tanıyavə tanıdaq-----------

Bütün yüksəkliklərdən ucada dayanan bir müqəddəs zirvə var ki, o Şəhidlik zirvəsidir. Bu zirvəyə isə müqəddəs amallar uğrunda vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli insanlar yüksələ bilir. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Doğma Vətən torpağını qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər birimizin müqəddəs borcu olmalıdır. Eyni zamanda, onların keçdiyi döyüş yolunu, göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə örnək göstərməliyik. Çünki şəhidlərimizin Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.
Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara  Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.
Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.
GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Alı Mustafayevin, Mustafa Mustafayevin, Aftandil Quluyevin, İqbal Axundovun, Kamal Kərimovun əziz xatirələrini yad edirik.
Mustafayev Alı Mustafa oğlu

14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri xidmətini başa vurub Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. O, zavodda işlədiyi müddətdə "Elektrik" qəzetində tez-tez maraqlı yazılarla, şeirlərlə çıxış edirdi.
Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin "Xəbərlər" proqramında jurnalist kimi faəliyyətə başlayır. Çox keçmir ki, "İlin ən yaxşı jurnalisti", "Qızıl qələm" mükafatlarına layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən qayıtmışdı.
20 noyabr 1991-ci ildə Tuğ, Xocavənd, Qaradağlı kəndində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökümət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vuruldu. Nəticədə 23 nəfər sayseçmə insan faciəli surətdə həlak oldu. Alı Mustafayev də onların arasında idi. Ailəli idi. Üç oğul övladı qalıb. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölümündən sonra "Respublikanın əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür. Bakının Nərimanov rayonundakı 202 saylı və Qazax rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri, Bakı şəhəri 3-cü mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. 2017-ci ilin aprel ayının 18-də Qazax rayonunun Qazaxbəyli kəndində Alı Mustafayevin xatirəsinə tikilmiş bulaq kompleksinin təntənəli açılış mərasimi olmuşdur.
Mustafayev Mustafa Bahad oğlu

Mustafayev Mustafa Bahad oğlu 10 may 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1945-ci ildə Cəfərli kənd əsas məktəbin birinci sinfinə daxil olmuş və 1952-сi ildə Cəfərli kənd əsas məktəbin yeddinci sinfini bitirmişdir. 1956-cı ildə SSRİ silahlı qüvvələrinə hərbi xidmətə çağırılmış, 1957-ci ildə xəstəliyinə görə tərxis olmuşdur. 1957-ci ildən "Pravda” kolxozunda naxırçı işləmiş, 1972-ci ildən isə "Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 18 noyabr 1996-cı ildə Cəfərli kəndində öz xırdabuynuzlu mal-qarasını otararkən ermənilər tərəfindən vurulmuşdur.
Quluyev Aftandil Mansır oğlu

Quluyev Aftandil Mansır oğlu 20 noyabr 1973-ci ildə Qazax rayonunun Barxudarlı  kəndində anadan olmuşdur. 5 fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran zaman erməni quldurları tərəfindən silahla vurulmuşdur. Ağır güllə yarası ilə Gəncə şəhər xəstəxanasına aparılmışdır. Müalicə almasına baxmayaraq 14 fevral 1990-cı ildə vəfat etmişdir. 1997-ci ildən şəhid statusu verilmişdir.
Axundov İqbal Abdulməhəmməd oğlu

Axundov İqbal Abdulməhəmməd oğlu 21 noyabr 1967-ci ildə Qazax rayonunun Çaylı  kəndində anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1983-cü ildə həmin orta məktəbi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Axundov İqbal Abdulməhəmməd oğlu 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur.
Kərimov Kamal Əşrəf oğlu

Kərimov Kamal Əşrəf oğlu 22 noyabr 1961-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1969-cu ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. 14 oktyabr 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Ailəli idi. İki övladı var.


Geri qayıt