Şəhidlərimiz hər an bizim qəlbimizdədir
Şəhidlik uca bir zirvə olmaqla
yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi,
cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid
məzarlarını ziyarət edərkən şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də
qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən
yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə
ucalmaq nəsib olmur… Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə
kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz və eləcə də bütövlükdə Azərbaycan fəxr
edir. Bu gün hər bir vətəndaş "Bu Vətən bizimdir!” deyib canından keçən igid və
mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini yad etməlidirlər. Şəhidlərimiz
hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!. Unutmayaq ki, şəhidlərimiz bizim ən
ali qürur mənbəyimizdir! Vətənpərvərlik
hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub və bu,
bundan sonra da belə olacaqdır. Bu gün düşmənlə 168 km sərhəddi
olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı,
Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi
7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid
verib. Martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən
Füzuli rayonu istiqamətində törədilən təxribat nəticəsində şəhid olan
həmyerlimiz Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlunun göstərdiyi
şücaət də bir daha sübut etdi ki, qazaxlı gənclər Vətən sevgisini yalnız dildə
deyil, əməlləri ilə də sübut edirlər. 280-dən çox şəhidi olan, 7 nəfər
igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc
torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək
şəhidlik zirvəsinə ucalmağı özünə şərəf sayır. Şəhidliyi özlərinə ömür
payı biçən bu cür Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri
şücaət isə hər bir gəncə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz Milli
Qəhrəmanlarını, şəhidlərini tanımalı və tanıtmalıdır. Şəhidlərimizi yad
etmək hər birimizin ən müqəddəs borcu olmalıdır. Qazaxda Vətən torpaqlarının
azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca
tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə canından
keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət
mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət
ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin
uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin,
parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir
edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan
abadlıq işləri və şəhidlərimizin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu
istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir. Rayonumuza gələn hər bir
qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən bu
müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla
yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən
tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi
olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım
günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin
dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması
deməkdir. GOYEZEN.AZ saytı da mütəmadi
olaraq şəhidlərimizlə bağlı silsilə yazılar dərc edir, Vətən uğrunda canından
keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini
yad edir. Bu həftə də doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları
günləri qeyd olunan şəhidlərimizdən Alı
Mustafayevin, Firuddin Şamoyevin, İsmandiyar Mürsəlovun, Şahvələd Qocayevin, Polad Əhmədovun,
Arzu Nəbiyevin, Mehman Cürənovun, Vasif Mehtiyevin, Araz Əmilovun, Azad Mikayılovun,
Mübariz Eyyubovun, Səməd Hacıyevin, Mədəd Nəsibovun əziz xatirəsini yad edir. Allah
bütün şəhidlərimizə rəhmət eləsin. Mustafayev
Alı Mustafa oğlu 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində
anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillikməktəbinə getmiş,
1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə həqiqi hərbi
xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri xidmətini başa vurub Bakı Elektrik
Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. O, zavodda işlədiyi müddətdə
"Elektrik" qəzetində tez-tez maraqlı yazılarla, şeirlərlə çıxış
edirdi. Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının
və zavod rəhbərliyinin göndərişilə ADU-nun (indiki Bakı Dövlət Universiteti)
jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan
Dövlət Teleradio Şirkətinin "Xəbərlər" proqramında jurnalist kimi faəliyyətə
başlayır. Çox keçmir ki,"İlin ən yaxşı jurnalisti", "Qızıl qələm"
mükafatlarına layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali
Partiya Məktəbini də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar
nöqtələrdən reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə də, təhlükəli
ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən qayıtmışdı. 20 noyabr 1991-ci ildə Tuğ, Xocavənd, Qaradağlı kəndində
törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökümət nümayəndələrini
aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi
yaxınlığında vuruldu. Nəticədə 23 nəfər sayseçmə insan faciəli surətdə həlak
oldu. Alı Mustafayev də onların arasında idi. Ailəli idi. Üç oğul övladı qalıb. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294
saylı fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adı verilmişdir. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn
edilmişdir. Ölümündən sonra "Respublikanın əməkdar
jurnalisti" fəxri adına layiq görülmüşdür. Bakının Nərimanov rayonundakı 202 saylı və Qazax
rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri, Bakı şəhəri 3-cü
mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. 2017-ci ilin aprel ayının 18-də Qazax rayonunun
Qazaxbəyli kəndində Alı Mustafayevin
xatirəsinə tikilmiş bulaq kompleksinin təntənəli açılış mərasimi olmuşdur. Şamoyev
Firuddin İsa oğlu Şamoyev
Firuddin İsa oğlu 1962-ci il fevral ayının 7-də Qazax şəhərində anadan
olmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır. 1981-1983-cü illərdə Qazax rayon
Hərbi Komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis
olunduqdan sonra doğulduğu Qazax şəhərinə gələrək Təmir-Tikinti idarəsində
çilingər kimi işə başlayır. Ermənilərin
1988-ci ildən başlanan əsassız ərazi iddiaları, onların törətdiyi qanlı
cinayətlər, Vətənin bütün qeyrətli oğulları kimi Firuddini də hədsiz dərəcədə
hiddətləndirirdi. Dağlıq Qarabağda, eləcə də digər sərhəd bölgələrimizdə
axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş
içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə
yazıldı. O, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə
təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım
və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, düşmənin atəş
nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi. 13
aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəli
idi. Üç övladı yadigar qalıb. Azərbaycan
Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı
ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax
şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Qazax
şəhər 4 saylı tam orta məktəb və Qazax şəhərindəki küçələrdən biri onun adını
daşıyır. Bundan əlavə, şəhərin girişində Milli Qəhrəmanın adını əbədiləşdirən
bulaq-abidə kompleksi inşa olunmuşdur. Mürsəlov İsmandiyar Musa oğlu Mürsəlov
İsmandiyar Musa oğlu 18 sentyabr 1932-ci ildə Qazax rayonunun Bala Cəfərli kəndində
anadan olmuşdur. 1940-cı ildə Cəfərli kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş və 1948-ci ildə həmin məktəbin yeddinci sinfini bitirmişdir.
1952-1955-ci illərdə SSRİ silahlı qüvvələrində Belarusiya Respublikasında xidmət
etmişdir. Qazax
rayon yol-istismar idarəsində fəhlə işləmişdir. 8 aprel 1997-ci ildə Bala Cəfərli
kəndində evindən çıxıb öz mal-qarasını gətirməyə gedərkən ermənilər tərəfindən snayperlə
vurulmuşdur. Qocayev Şahvələd Məhəmməd oğlu Qocayev
Şahvələd Məhəmməd oğlu 5 sentyabr 1937-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində
andan olmuşdur. Şahnabad Nəsibova adına Sarıvəllikənd tam orta məktəbində təhsil almışdır. 10 aprel 1993–cü ildə Qazax rayonunun
İkinci Şıxlı kəndində şəhid olmuşdur. Ailəli idi. Əhmədov Polad Məmməd oğlu Əhmədov
Polad Məmməd oğlu 10 aprel 1972-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur.
1979-cu ildə Quşçu Ayrım kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur.
1989-cu ildə həmin məktəbi bitirmiş və ordu sıralarında xidmət keçmişdir. Əhmədov
Polad Məmməd oğlu 17 oktyabr 2004-cü ildə Quşçu Ayrım kəndində odun gətirən
zaman erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay
idi. Nəbiyev
Arzu Abdulla oğlu Nəbiyev
Arzu Abdulla oğlu 10 aprel 1965-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində
anadan olmuşdur. 1972-ci ildə Alpout kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Qazax
rayonundakı Kənd Təsərrüfatı Texnikumuna qəbul olmuşdur. 1983-1985-ci illərdə
Ermənistanın Lalaxan rayonunda hərbi xidmət keçmişdir. Muxtar Hacıyev adına
sovxozda işləyərək evin tək oğlu olduğuna baxmayaraq könüllü olaraq Milli Orduya
qoşulmuşdur. 1990-1993-cü illərdə Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri
istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Topçu olan Arzu Nəbiyev 22
iyul 1993-cü ildə Fərəhli kəndində yerləşən Odun dağı adlanan ərazidə minaya
düşərək şəhid olmuşdur. 1994-cü ildə ölümündən sonra "Hərbi xidmətlərə görə"
medalı ilə təltif edilmişdir. Ailəliydi. İki övladı yadigar qalmışdır. Cürənov Mehman Məcid oğlu Cürənov
Mehman Məcid oğlu 10 aprel 1966-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır.
1984-1986-cı illərdə keçmiş sovetlər birliyində hərbi xidmətdə olmuşdur. 27
iyun 1992-ci ildə Qızılhacılı kəndi istiqamətində gedən döyüşlərdə şəhid
olmuşdur. Mehtiyev Vasif Əhməd oğlu Mehtiyev
Vasif Əhməd oğlu 10 aprel 1973-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan
olmuşdur. 1980-1990-ci illərdə Kəmərli kənd Xanbağı orta məktəbində təhsil
almışdır. 1992-ci ildə hərbi xidmətə yola düşmüşdür. 3 sentyabr 1993-cü ildə Kəlbəcərdə
gedən döyüşlərdə şəhid olmuşdur. Əmilov Araz Laçın oğlu Əmilov
Araz Laçın oğlu 11 aprel 1969-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1976-1987-ci illərdə bu gün adını daşıdığı Daş Salahlı kənd 1
saylı tam orta məktəbdə təhsil almışdır. 1987-1989-cu illərdə keçmiş sovetlər
birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1989-1990-cı illərdə Bakı şəhərində
147 saylı texniki peşə məktəbində təhsil almışdır. 1992-ci ildə Azərbaycan
Milli Ordusuna hərbi xidmətə getmişdir. 1992-ci il dekabr ayının 29-da Lələkənd
uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin meyiti 40 gün erməni
təcavüzkarlarında qalmışdır. Şəhid Əmilov Araz Laçın oğlu 1993-cü il fevral
ayının 10-da dəfn olunmuşdur. Mikayılov Azad Tanrıverdi oğlu Mikayılov
Azad Tanrıverdi oğlu 12 aprel 1965-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində
anadan olmuşdur. 1972-ci ildə Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1983-1985-ci
illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1985-1990-cı illərdə
Qazax Sənaye Kombinatında qaynaqçı kimi əmək fəaliyyətinə başlamışdır. 1990-cı
ildən Qazax rayon Polis şöbəsində Polis nəfəri işləmişdir. 6 noyabr 1991-ci ildə
Qazax rayonunun Xeyrımlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay
idi. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə
görə” medalı ilə təltif olunmuşdur. Eyyubov Mübariz Hidayət oğlu Eyyubov
Mübariz Hidayət oğlu 20 oktyabr 1973-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1980-ci ildə Daş Salahlı kənd 2 saylı tam orta məktəbin
birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbi bitirmişdir. 1992-ci ildə hərbi
xidmətə getmişdir. 1993-cü ildə aprel ayının 12–də Vəlixan meşəsi uğrunda gedən
döyüşlərdə şəhid olmuşdur. Subay idi. Hacıyev Səməd Məmməd oğlu Hacıyev
Səməd Məmməd oğlu 28 iyun 1972-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində
anadan olmuşdur. 1980-ci ildə Orta Salahlı kənd tam orta məktəbinin birinci
sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1990-cı ildə həqiqi hərbi xidmətə getmiş, 13 aprel 1993-cü ildə Ağdam rayonunun
Xocavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda Orta Salahlı kənd
tam orta məktəbi şəhid Səməd Hacıyevin adını daşıyır. Nəsibov Mədəd İsə oğlu Nəsibov
Mədəd İsə oğlu 12 sentyabr 1966-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində
anadan olmuşdur. 1972-ci ildə Qaymaqlı kənd tam orta məktəbinin birinci sinfinə
daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1982-ci
ildə Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuşdur.
1984-1986-cı illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra təhsilini
davam etdirmişdir. 1989-cu ildə institutu bitirdikdən sonra Balaxanı Neft-Qazçıxarma
idarəsində işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusuna çağırılmışdır. 14
aprel 1994–cü ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Facebook-da paylaş