“Şəhidliyin Adil zirvəsi” adlı filmin növbəti təqdimat mərasimi Qazaxda keçirilib
Bu gün Qazaxda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı və "Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Şəhidliyin Adil zirvəsi” layihəsi çərçivəsində çəkilmiş eyniadlı filmin təqdimat mərasimi keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Mərkəzində keçirilən təqdimat mərasimində icra başçısının birinci müavini Məmməd Alıyev, aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, şəhidin ailə üzvləri, yaxınları, təhsil işçiləri, tələbələr, gənclər, Qarabağ müharibəsi əlilləri və veteranları, ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbiri giriş sözü ilə açaraq şəhidlərimizə göstərilən diqqət və qayğıdan söz açıb və təqdimat mərasimini açıq elan edib. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizə və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğının ən bariz nümunəsini son günlər imzalanan Sərəncam və Fərmanlardan aydın şəkildə görə bilərik.
Sonra şəhid Adil Tatarovun, eləcə də, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirin aparıcısı Yusif Qoca Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyəti və yeniliklər barədə məlumat verib.
"Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təsisçisi və filmin prodüsseri İsmayıl Süleymanov layihə və film barədə ətraflı məlumat verdikdən sonra film nümayiş olunub.
Filmin nümayişindən sonra şəhid Adil Tatarovun atası Əli Tatarov çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olan bütün hər kəsə dərin minnətdarlığını bildirib.
Film haqqında təəssüratlarını bölüşən "Azərbaycan Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin əməkdaşı, Qarabağ qazisi Namiq Alıyev, media nümayəndəsi Ələddin Qarayev, şair, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor Mustafa Rasimoğlu, gənc şairə Səbinə Yusif, Nuranə Təbriz və Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev öz çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində bu cür filmlərin müstəsna rol oynadığını vurğulayıblar.
Yekunda aparıcı filmin yaradıcı heyətini səhnəyə dəvət edib və heyət adından filmin rejissoru Allahverdi Musayev təqdimat mərasimində iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçılarına disklər paylanılıb.
Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsinin qalib layihələrindən biridir. 01.12.2018-ci il-01.03.2019-cu il tarixləri əhatə edir.
Şəhid Adil Tatarov 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının Günnüt kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş