20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri davam edir
20 Yanvar
xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca
tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Bu
fikir Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi
doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Qazaxda
keçirilən silsilə anım tədbirlərində səsləndirilib. Xəbər
verdiyimiz kimi, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 19
dekabr 2018-ci il tarixli 9-21/170 nömrəli Sərəncamına əsasən 20 Yanvar
faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun
olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə,
mədəniyyət ocaqlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş
anım tədbirləri keçirilir. Yanvar ayının
7-dən start götürən həmin tədbirlərdə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin
azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid
oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilir. 107 saylı Qazax
Dairə Seçki Komissiyasında, Olimpiya İdman Kompleksində, Maliyyə
idarəsində, Baytarlıq idarəsində,
Meşə Mühafizəsi və Bərpası Müəssisəsində, Magistral
Qaz Kəmərləri Sahəsində, "Qazax Avtovağzal” ASC-də keçirilən anım
tədbirlərində XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən
dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına
əbədi həkk olunduğu, həmin qanlı hadisələrin Azərbaycanın gələcək taleyinə,
milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına
mühüm təsir göstərdiyi vurğulanıb. 1990-cı il yanvarın 20-də sovet imperiyası ordusunun Bakı şəhərində
xüsusi qəddarlıqla həyata keçirdiyi qətliamın xalqımıza qarşı törədilmiş ən dəhşətli
cinayət, eyni zamanda, bəşər tarixinin ən qanlı terror aktlarından biri olduğu qeyd olunub. Bildirilib ki, xalqın səsinə səs verən ümummilli lider
Heydər Əliyev 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib və qanlı
hadisələrə kəskin etirazını bildirib. Bu gün ulu öndərin siyasi
xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyevin şəhid ailələrinə və
sağlamlıqlarını itirmiş şəxslərə hər zaman qayğı ilə yanaşdığını, dövlət
başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdünün
təyin edildiyini və daim yardımlar göstərildiyini diqqətə çatdırıblar. GOYEZEN.AZ
Facebook-da paylaş