20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi doqquzuncu
ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən respublikanın şəhər və rayonlarında,
idarə və təşkilatlarda 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən
konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın
suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd
olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr
olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə
tutulur.
Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək
məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və
icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi
informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet
şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların
hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.
Tədbirlər planına əsasən, respublikanın bütün tədris
müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar
hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək,
Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının
xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin
yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün
ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi,
respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin
iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət
bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.
Facebook-da paylaş