• Təqvim

  • Maraq



Şəhidlərimiz bizim iftixar mənbəyimizdir

Şəhidlərimizi tanıyaq və tanıdaq------------------------------

Şəhidlər – həmişə vətənpərvər olan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan Azərbaycanın igid, cəsur oğullarıdır. Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını Şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

“Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyərək Şəhidlik zirvəsinə ucalan oğullarımız minlərlədir. Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən Əhməd Əliyevin, Elman Əliyevin, Vüqar Süleymanovun, Ruhiyyə Bənnayevanın, İlqar Poluyevin, gizir Elvin Əhmədovun, çavuş Akşın Məmmədovun, Mustafa Süleymanovun, İlqar Hüseynovun, Akif İsmayılovun əziz xatirəsini ehtiramla yad edirik.

Əliyev Əhməd Mirzə oğlu

Əliyev Əhməd Mirzə oğlu 15 fevral 1970-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Qaymaqlı kənd orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1989-cu ildə sovetlər birliyində hərbi xidmətə çağırılmışdır. 1991-ci ildə tərxis olmuşdur. 1993-cü ildə Azərbaycan Milli Ordu sıralarına çağırılmışdır. 12 yanvar 1993-cü ildə Ağstafa bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd kitabxana filialı şəhidin adını daşıyır.

Əliyev Elman Əli oğlu

Əliyev Elman Əli oğlu 10 oktyabr 1959-cu ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1966-cı ildə Hüseynbəyli kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1975-76-cı illərdə Kosalar kənd tam orta ümumtəhsil məktəbin 10-cu sinifini bitirib. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 13 yanvar 1994-cü ildə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir. İki övladı var.

Süleymanov Vüqar İdris oğlu

Süleymanov Vüqar İdris oğlu 30 aprel 1971-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft Akademiyasına daxil olmuşdur. 1994-cü ildə Neft Akademiyasının ll kursunu yarımçıq qoyaraq Qarabağa döyüşə getmişdir. 13 yanvar 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi.

Bənnayeva Ruhiyyə Mustafa qızı

Bənnayeva Ruhiyyə Mustafa qızı 14 yanvar 1977-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1984-cü ildə Kommuna (indiki Bala Çaylı) kənd 8 illik məktəbin 1-ci sinifinə daxil olmuşdur. 14 iyun 1992-ci ildə ermənilərin Kommuna kəndini atəşə tutması nəticəsində evlərinə düşən qrat mərmisindən şəhid olmuşdur.

Poluyev İlqar Rəşid oğlu

Poluyev İlqar Rəşid oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. 01.09.1975-ci ildə Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1985-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1985-1987-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1987-1992-ci illərdə Xəzər dənizi neft qazma idarəsində işləmişdir. 15 yanvar 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Xəzər dənizində şəhidin adını daşıyan yük gəmisi var.

Gizir Əhmədov Elvin Qələndər oğlu

Şəhid gizir Əhmədov Elvin Qələndər oğlu 15 yanvar 1990-cı ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyi bitirdikdən sonra qəbul imtahanlarından yüksək bal toplayaraq Gəncə Texnologiya Universitetinin Turizm fakültəsinə daxil olmuşdu. Elvin 2011-ci ildə tələbəlik həyatı ilə vidalaşıb, hərbi xidmətə yola düşür. Həmin dövrdən onun həyatı dəyişməyə başlayır. Ali təhsil almasına baxmayaraq, babası Qələndərin yanında böyüməsindən və yaxud nədənsə o, babasının yolu ilə getmək, hərbçi olmaq istəyirdi. Çox keçmədi ki, ürəyinin sözünə qulaq asıb çətin, çətin olduğu qədər də şərəfli olan bu yola könül verdi, həyatını həmişəlik bu peşəyə bağladı. 2013-cü ilin avqustundan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi fəaliyyət göstərməyə başladı. Gizir Elvin Əhmədov Gəncə şəhərində xidmət edirdi. Çox keçmədi ki, onun sinəsində Daxili İşlər Nazirliyi tərəfindən verilmiş "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal parıldamağa başladı.

Gizir Elvin Əhmədov 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21.09.2023-cü ildə Qarapapaq kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 1 övladı var, Əsmər adlı qız övladı bizlərə yadigar qalıb.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən gizir Elvin Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz gizir Elvin Əhmədovun adı verilib.

2024-cü ildə qəhrəman şəhidimizin doğulub boya-başa çatdığı ev "Arkoz Qazax Sement Zavodu” MMC tərəfindən əsaslı şəkildə təmir olunmuşdur.

Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun,gizir Əhmədov Elvin Qələndər oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var.

Çavuş Məmmədov Akşın Vəlyəddin oğlu

Məmmədov Akşın Vəlyəddin oğlu 23 mart 1976-cı ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta ümmtəhsil məktəbi bitirdikdən sonra 1994-cü ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmişdir. 1997-ci il yanvar ayının 16-da Murovdağda Gülüstan qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı zamanı şəhid olmuşdur. İstehkamçı manqa komandiri olmuşdur. Subay idi.

Süleymanov Mustafa Mədəd oğlu

Süleymanov Mustafa Mədəd oğlu 12 noyabr 1960-cı ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1967-ci ildə İsmayıl Şıxlı adına Kosalar kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1992-ci ildən ordu sıralarına çağırılmışdır. Azərbaycan Respublikasının bütün bölgələrində döyüşmüşdür. 17 yanvar 1993-cü ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi, iki övladı var.

Hüseynov İlqar Yaşar oğlu

İlqar Hüseynov 17 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbin 1-ci sinifinə getmişdir. 2016-cı ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisasına daxil olmuş, 2020-ci ildə bitirmişdir. Kolleci bitirdikdən sonra 07.07.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir. 28.09.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən "N" saylı hərbi hissənin artilleriya batareyasının əsgəri Hüseynov İlqar Yaşar oğlu şəhid olmuşdur. Şəhid əsgərimiz 29.09.2020-ci il tarixdə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Şəhid İlqar Hüseynov da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”,24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qəhrəman şəhidin yaşadığı küçənin girişində magistral yolun kənarında adını əbədiləşdirən dayanacaq qoyulub.

İsmayılov Akif Qabil oğlu

İsmayılov Akif Qabil oğlu 19 aprel 1970-ci ildə Qazax rayonunun Ağköynək kəndində dünyaya göz açmışdır. Akif anadan olduğu kəndin orta məktəbində 1977-85-ci illərdə 8 illik təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnir. 1988-90-cı illərdə sovetlər birliyinin İrkutsk vilayətində hərbi xidmətini başa vuraraq Vətənə dönür və sovxozda öz ixtisası üzrə işləyir. 1988-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsi zamanı düşmənlərimizin torpaqlarımızı zəbt etməsi hər kəs kimi Akifi də narahat edir. 1993-cü ilin may ayında Milli Ordu sıralarına yazılan Akif torpaqlarımızın müdafiəsi uğrunda əlinə silah alaraq sərhəd bölgələrinə yollanır. O, Ballı Qaya, Bala Cəfərli sərhəd bölgələrində döyüş yolları keçir. 1994-cü il yanvar ayının 18-də Ballı Qaya yüksəkliyi uğrunda döyüşdə mənfur erməni quldurlarının gülləsi Akifin sinəsinə tuşlanır. Həmin an bir igid Vətən oğlu torpağın müdafiəsi uğrunda, torpaq üzərində əbədi olaraq gözlərini yumur, Şəhidlik zirvəsinə ucalır. İgid Vətən oğlu yanvar ayının 19-da doğulduğu Ağköynək kənd qəbiristanlığında dəfn olunmuşdur.



Facebook-da paylaş


{sape_links}