• Təqvim

  • Maraq



Vətən uğrunda şəhid olanlar unudulmur

Şəhidlərimizi tanıyaq və tanıdaq-----------

Vətən torpaqlarının qorunmasında, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu hər zaman gənclərimizə örnək olmalıdır. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Çünki Vətən torpağı tam olsun deyə canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan, ən böyük şərəf və qürur hissi ilə xatırlayacağımız igid oğullarımızı yad etmək hər birimizin ən müqəddəs vəzifəsidir. Bugünkü yetişməkdə olan gənc nəsil şəhidlərimizin həyat yoluna nəzər salan zaman anlamalıdır ki, şəhidlik adlı zirvəyə yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Bu yolu gedənləri, şəhidlik zirvəsini fəth edənləri, adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazanları unutmamaq bizim mənəvi borcumuzdur.

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən şəhidlərimizə həsr olunmuş "Qanları ilə dastan yazanlar", “Vətəni canından əziz bilənlər” və "Şanlı Vətən Oğulları" kitablarının yazılması igid Vətən oğullarının gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımdır.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb.

Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən İnayət Alisgəndərovun, Əhməd Əhmədovun, Əli Əhmədovun, İlqar Əliyevin, Araz Əmilovun, Aydın Məmmədovun, Adil Sadiqinin, Bəkir Həsənovun, gizir Hafiz Abdullayevin, leytenant Nicat Nəsibovun, əsgər Fərid Nəbiyevin, Bəxtiyar Əmrahovun, Kərim Əsgərovun, Kamran Kərimovun, çavuş Babək Rüstəmovun, Əmir Vəliyevin, Akif Budaqovun, Aliyə Əliyevanın, Elnarə Rəhimovanın, Rəşad Əliyevin, Şahməddin Murquzovun, Asif Rəhimovun əziz xatirəsini ehtiramla yad edirik.

Alisgəndərov İnayət Mustafa oğlu

Alisgəndərov İnayət Mustafa oğlu 1930-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, 1954-cü ildə həmin institutu bitirərək fizika-riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Onun təhsilimizdəki xidmətləri daim yüksək qiymətləndirilmişdir. İnayət müəllim 1971-ci ildə “Maarif xadimi” medalına, 1978-ci ildə isə “Şərəf Nişanı” ordeninə layiq görülmüşdür. 1992-ci il dekabr ayının 29-da ermənilərin tutduqları mövqedən Daş Salahlı kəndinə atılan top mərmisi nəticəsində şəhid olmuşdur.

Əhmədov Əhməd Nuru oğlu

Əhmədov Əhməd Nuru oğlu 16 fevral 1972-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1979-cu ildə Xanlıqlar kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1990-cı ildə hərbi xidmətə başlamış, 29 dekabr 1992-ci ildə Qazax rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Əhmədov Əli Əlövsət oğlu

Əhmədov Əli Əlövsət oğlu 23 iyul 1972-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə Qarapapaq kənd ümumi orta məktəbinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Sonra 117 saylı Texniki Peşə Məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1990-92-ci illərdə SSRİ-nin Arxangelski vilayətində hərbi xidmətdə olmuşdur. Lakin 1 il 6 aydan sonra torpaqlarımızın düşmən tapdağı altında olmasına dözməyərək Əli xidmətini yarımçıq qoymuş Vətənə dönmüşdür. Bir neçə gün keçdikdən sonra Milli Ordu sıralarına daxil olmuşdur. O, 707 saylı Hərbi Hissənin 1-ci taborunda cəsur kəşfiyyat komandiri kimi xidmətə başlamışdır. Vəlixan meşəsi, Bala Cəfərlinin və Cəfərlinin müdafiəsi uğrunda gedən döyüşlərdə O, mərdliklə iştirak etmişdir. 1992-ci il dekabr ayının 29-da İcevan rayonunun Lələ kəndində gedən döyüşlərdə mühasirəyə düşərək qəhrəmancasına şəhid olmuşdur. Bu gün Qarapapaq kənd ümumi orta məktəbə onun adı verilmiş, məktəbin həyətində büstü qoyulmuşdur.

Əliyev İlqar Nəbi oğlu

Əliyev İlqar Nəbi oğlu 6 aprel 1971-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1978-1989-cu illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümmtəhsil məktəbdə təhsil almışdır. 1989-1991-ci illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan Milli Ordusuna xidmətə getmişdir. 1995-ci il dekabr ayının 29-da xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

Əmilov Araz Laçın oğlu

Əmilov Araz Laçın oğlu 11 aprel 1969-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1976-1987-ci illərdə bu gün adını daşıdığı Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbdə təhsil almışdır. 1987-1989-cu illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1989-1990-cı illərdə Bakı şəhərində 147 saylı texniki peşə məktəbində təhsil almışdır. 1992-ci ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmişdir. 1992-ci il dekabr ayının 29-da Lələ kənd uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin meyiti 40 gün erməni təcavüzkarlarında qalmışdır. Şəhid Əmilov Araz Laçın oğlu 1993-cü il fevral ayının 10-da dəfn olunmuşdur.

Hüseynov Ədalət Teymur oğlu

Hüseynov Ədalət Teymur oğlu 1 mart 1969-cu ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1976-cı ildə Qızılhacılı kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1984-86-cı illərdə Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin10-cu sinifini bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1990-92-ci illərdə Qazax rayonunun Qızılhacılı kəndinin müdafiəsi zamanı könüllü olaraq xidmət etmişdir. 1993-cü ildə Ağstafa rayon Yanğından Mühafizə Xidmətində işləmişdir. 29 dekabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Subay idi. 

Məmmədov Aydın Musa oğlu

Məmmədov Aydın Musa oğlu 7 aprel 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qaymaqlı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olunmuşdur. Elə həmin ildə də Azərbaycan Milli Ordusuna çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələ kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd tam orta məktəbi şəhid Aydın Məmmədovun adını daşıyır.

Sadiqi Adil Rza oğlu

Sadiqi Adil Rza oğlu 18 oktyabr 1964-cü ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1971-ci ildə Hüseynbəyli kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1980-81-ci illərdə Kosalar kənd tam orta məktəbin 10-cu sinifini bitirmişdir. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 29 dekabr 1992-ci ildə Lələ kənddə şəhid olmuşdur. Ailəliydi, iki övladı var.

Həsənov Bəkir Oruc oğlu

Həsənov Bəkir Oruc oğlu 18 fevral 1951-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1958-ci ildə Aşağı Əskipara kənd orta ümumtəhsil məktəbin 1-ci sinifinə getmiş, 1968-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həsənov Bəkir Oruc oğlu 30 dekabr 1993-cü ildə şəhid olmuşdur.

Gizir Abdullayev Hafiz Məhəd oğlu

Gizir Abdullayev Hafiz Məhəd oğlu 1 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhərində 16 nömrəli tam orta məktəbə daxil olub. 2001-ci ildə həmin məktəbi bitirib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 2019-cu il mart ayının 4-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək itkin düşmüşdür. 12 aprel 2019-cu ildə Abdullayev Hafiz Məhəd oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 14 aprel 2019-cu ildə O, Yuxarı Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Ailəliydi. 1 qız və 2 oğul övladı yadigar qalıb.

Leytenant Nəsibov Nicat Qəşəm oğlu

22 yaşında Şəhidlik zirvəsinə ucalan Nicat Nəsibov 1 yanvar 1998-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2015-ci ildə həmin liseyi bitirmişdir. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin hərbi məktəbi bitirib leytenant rütbəsi ilə “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlamışdır. 2020-ci ildə digər “N” saylı hərbi hissəyə təyinat almışdır.

"N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində hərbi qayda-qanunlara uyğun şəkildə xidmət aparır, üzərinə düşən işin öhdəsindən layiqincə gəlirdi. Xidmətini yüksək səviyyədə həyata keçirdiyi üçün 26 avqust 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdu.

Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərən Nicat Nəsibov torpaqlarımızın azadlığını canından üstün tutmuşdur. “N” saylı hərbi hissənin 4-cü taborunun 12-ci bölüyü 1-ci tağımının komandiri leytenant Nicat Nəsibov 18.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhid leytenantımız 01.11.2020-ci il tarixdə doğulduğu Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid leytenant Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “İgidliyə görə”,Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Doğulduğu kənddə vaxtilə təhsil aldığı məktəbin qarşısında adını əbədləşdirən bulaq inşa olunub.

(MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu

Nəbiyev Fərid Kamranoğlu 1 yanvar 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2021-ci ildə hərbi xidməti başa vurmuşdur. 2021-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı Hərbi Hissəsində MAHHXHQ işləyirdi. Orta təhsilli idi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21.09.2023-cü ildə Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz Fərid Nəbiyevin adı verilib.

Əmrahov Bəxtiyar Əziz oğlu

Əmrahov Bəxtiyar Əziz oğlu 1 yanvar 1961-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1967-ci ildə Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1977-ci ildə həmin orta məktəbi bitirmişdir. Çingiz İldırım adına Azərbaycan Politexnik Universitetinə daxil olmuş və orada təhsil almışdır. Bakı şəhərində mexanika sahəsi üzrə işləmişdir. Əmrahov Bəxtiyar Əziz oğlu 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır.

Əsgərov Kərim Qinyaz oğlu

Əsgərov Kərim Qinyaz oğlu 14 mart 1970-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə Kosalar kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1988-90-cı illərdə sovet ordusunda xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 1 yanvar 1993-cü ildə Gədəbəy bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax Rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli Qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi.

Kərimov Kamran Nüsrəddin oğlu

Kərimov Kamran Nüsrəddin oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1980-ci ildə Fərəhli kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1988-1990-cı illərdə Qazax rayonunun Xanlıqlar kəndində yerləşən peşə məktəbini bitirərək mexanizator ixtisasına yiyələnmişdir. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordu sıralarına yazılaraq tank taborunda xidmət etmişdir. 8 iyun 1992-ci il tarixdə Fərəhli kəndində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. 27 dekabr 1993-cü ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Qazax şəhərində Şəhidlər qəbiristanlığında dəfn olunmuşdur. Fərəhli kənd ümumi orta məktəbi Kərimov Kamran Nüsrəddin oğlunun adını daşıyır. Evli idi. Bir qız övladı yadigar qalıb.

Çavuş Rüstəmov Babək Muraz oğlu

Rüstəmov Babək Muraz oğlu 15 fevral 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Rüstəmov Babək Muraz oğlu 1 yanvar 1994-cü ildə Tərtər rayonunun Səhləbad kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Vəliyev Əmir İsmayıl oğlu

Vəliyev Əmir İsmayıl oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1979-1983-cü illərdə Abbasbəyli kənd ibtidai məktəbində 1-4-cü siniflərdə təhsil almışdır. 1983-1989-cu illərdə Alpout kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. 28 fevral 1994-cü ildə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay idi.

Budaqov Akif Məmmədxan oğlu

Budaqov Akif Məmmədxan oğlu 2 yanvar 1955-ci ildə Ermənistanda anadan olmuşdur. 1988-ci ildə Ermənistandan deportasiya olunaraq Xanlıqlar kəndinə yerləşmişdir. 28 may 1993-cü ildə şəhid olmuşdur. Ailəlidir. 4 övladı var.

Əliyeva Aliyə Fərhad qızı

Əliyeva Aliyə Fərhad qızı 2 yanvar 1977-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1983-cü ildə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi 15 yaşlı Aliyənin gənc ömrünə son qoydu.

Rəhimova Elnarə Faiq qızı

Rəhimova Elnarə Faiq qızı 3 mart 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1989-cu ildə Bala Cəfərli kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1993-сü ildə Bala Cəfərli kənd ibtidai məktəbin 4-cü sinifini bitirmişdir. 1993-сü ildə Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyə daxil olmuşdur. 2 yanvar 2000-ci ildə evlərində otaqda olarkən ermənilər tərəfindən snayper silahla vurulmuşdur.

Əliyev Rəşad Vidadi oğlu

Əliyev Rəşad Vidadi oğlu 13 iyul 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 1981-1983-cü ildə Qazax rayon Vidadi Göşşüyev adınaÇaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Əliyev Rəşad Vidadi oğlu 4 yanvar 1994-cu ildə Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Murquzov Şahməddin Sabir oğlu

Murquzov Şahməddin Sabir oğlu 7 yanvar 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuşdur. Gəncə şəhərində inşaat sahəsi üzrə texnikomda təhsil almış və orada işləmişdir. Murquzov Şahməddin Sabir oğlu 4 yanvar 1994-cü ildə Murov dağı ətrafındakı ərazilərdə gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi, 2 övladı var.

Rəhimov Asif Qəzənfər oğlu

Rəhimov Asif Qəzənfər oğlu 4 yanvar 1975-ci ildə Qazax rayonunun Həzi Aslanov sovxozunda anadan olmuşdur. 1981-ci ildə orta məktəbə getmiş və 1991-ci ildə orta məktəbi bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 10 may 1992-ci ildə Qazax rayonunun Kəmərli kəndi ilə Ermənistan Respublikasının sərhədində Kəmərli döyüş bölgəsində ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.



Facebook-da paylaş


{sape_links}